Azad olunan ərazilərdə torpaq islahatı aparıla bilər

İqtisadçı deyir ki, buradakı məqsəd insanların çox xidmət əldə etməsi, işə yetişmək üçün uzaq məsafə qət etməyə, avtomobildən istifadə etməyə ehtiyacının olmamasıdır

Source: Google


Baş nazir: "Peykdən əldə edilən məlumat yerlərdə olan məlumatla uzlaşmır"

“İşğaldan azad edilən ərazilərin bərpası üçün başlıca vəzifə minalardan təmizləmədir. Bütün ərazilərin, şəhərlərin bərpası ilə əlaqədar vahid konsepsiya olmalıdır”.

Baş nazir Əli Əsədov bu sözləri 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə səsləndirib.

O bildirib ki, hətta hər şəhər üzrə vahid konsepsiya olmalıdır. İlkin təmaslar artıq qurulub.

Baş nazir düşünür ki, kəndlərin bərpası ilə bağlı da vahid yanaşma olmalıdır: "Çünki işğaldan əvvəl bəzi kəndlərdə yaşayan insanların sayı çox az olub, təqribən 20, 30, 50 nəfər. Əlbəttə, ilk növbədə, biz böyük yaşayış məntəqələrinin bərpası ilə məşğul olmalıyıq. Hesab edirəm ki, aidiyyəti qurumlar, hökumət, Prezident Administrasiyası kəndlərin optimal say tərkibini müəyyən etməlidir. Yəni bizim üçün bir oriyentir olmalıdır. Əlbəttə, bu tarixi yaşayış məntəqələrinin mövcudluğu, torpaq sahələri nəzərə alınmalıdır ki, orada məskunlaşacaq insanlar öz ailə büdcələrini orada işləyərək təmin etsinlər. Yəni onlar daha dövlət dəstəyinə möhtac qalmasınlar”.

Baş nazirin sözlərinə görə, Qarabağa qayıdacaq insanlar üçün elə torpaq sahələri ayrılmalıdır ki, orada rahat əkib-becərə bilsinlər və yaxşı da gəlir götürsünlər: “Nəzərə alsaq ki, bu torpaqlarda torpaq islahatı aparılmayıb, bu islahatı aparmaq üçün biz, əlbəttə, yeni meyarlar işləməliyik. Çünki 1990-cı illərdə torpaq islahatı bəzi hallarda natamam aparılıb və ondan sonra bəzi problemlər üzə çıxıb. Torpaq sahələri düzgün qeydiyyata alınmayıb. Ona görə biz indi belə bir vəziyyətlə üzləşdik. Peykdən əldə edilən məlumat yerlərdə olan məlumatla uzlaşmır. Ona görə indi Kənd Təsərrüfatı Nazirliyi bu problemin həlli ilə məşğuldur. Amma azad edilmiş torpaqlarda bu səhvlərə, əlbəttə ki, yol verilə bilməz. Ona görə dəqiq bilməliyik ki, hansı torpaqlar dövlət torpaq fonduna, hansı torpaqlar meşə fonduna veriləcək”.

İqtisadçı Rövşən Ağayev deyir ki, inkişaf etmiş ölkələrdə "kompakt şəhər planlaşdırılması" ideyası uzun müddətdir aktualdır: “Bu ideyanın mahiyyəti pərakəndə məskunlaşmanın qarşısını almaqdır. Şəhərlər çox geniş torpaqları tutmaqla salınmamalı, sıxlığın yüksəldilməsi hesabına daha məhdud məkanda, bütün xidmətlərin və iş yerlərinin hamı üçün eyni səviyyədə, əlçatan və qısa məsafədə formalaşdırılmasıdır”.

rovsen.jpg
Rövşən Ağayev

İqtisadçı deyir ki, buradakı məqsəd insanların çox xidmət əldə etməsi, işə yetişmək üçün uzaq məsafə qət etməyə, avtomobildən istifadə etməyə ehtiyacının olmamasıdır: “Hətta ictimai nəqiliyyatdan istifadə əmsalı yüksək olsa da, yenə də daha uzaq məsafəyə daha çox enerji və resurs xərclənir. Qısa məsafəyə isə insanlar hətta ayaqla hərəkət edə bilir. İşğaldan azad edilmiş ərazilərdə "kompakt şəhər" konseptini "kompakt kənd" yanaşması kimi istifadə etmək olar”.

Rövşən Ağayev bəzi hesablamalar da aparıb. Deyir ki, Azərbaycanda 1 kəndə orta hesabla 1120 nəfər əhali düşür. İşğaldan azad edilmiş ərazilərdə isə bu daha aşağıdır: “Bu rəqəm Qubadlı və Zəngilanda 320-340, Kəlbəcər və Laçında 500, Füzuli, Ağdam və Cəbrayılda 750-1200 nəfər aralığında dəyişir. Xüsusilə də ilk 4 rayonun kəndlərinin azsaylı əhalisi (maksimum 20-30 evdən ibarət) var. Burada yanaşma belə ola bilər: kəndlərin bərpası zamanı minimum say bir kənd üçün 100-150 ev təsərrüfatı götürülə bilər. Bu cür planlaşma həm nəqliyyat, həm rabitə, həm də kommunal (su, qaz, elektrik) infrastruktrunun qurulmasında resurslarda əhəmiyyətli qənaətə imkan verməklə yanaşı bərpanın müddətini də xeyli qısaldacaq”.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

Ana səhifəİqtisadiyyatAzad olunan ərazilərdə torpaq islahatı aparıla bilər