Azad edilmiş torpaqlarda mülkiyyət hüququnun pozulması ilə bağlı iddia qaldırmaq mümkündürmü?

“Eyni qaydada insanlar evlərinin, mülklərinin əllərindən alınması, dağıdılması ilə bağlı məhkəməyə müraciət edə bilərlər”.

Source: Новая газета


“Evləri daşlarına qədər söküblər”

Sentyabrın 27-dən Azərbaycan-Ermənistan arasında başlamış müharibədə Azərbaycan ordusu işğaldan bir neçə şəhər, kənd və qəsəbəni azad edib. Azad edilən ərazilərin görüntüləri bizə həmin ərazilərin çoxunda yaşayış olmadığını göstərir.

1993-cü ildə Füzulinin Veysəlli kəndindəki evlərindən ayrılan Sədaqət Soltanova deyir ki, əvvəllər “Google Earth”-dan dəfələrlə girib kəndlərinə baxıb. Qapısını bağlayıb çıxdıqları evlərindən əsər-əlamət qalmayıb. Ümumiyyətlə, kəndlərində daş-daş üstə deyil:

“Mənə həmişə maraqlı olub. Ermənistan tərəf iddia edir ki, bu, onların ərazisidir. İnsan öz ərazisini bu günə qoyarmı? O evləri biz dağıtmamışıq. Əşyalarına qədər hər şeyi qoyub çıxmışıq. Meyvə ağaclarımız, gözəl bağımız var idi. Hamısını məhv ediblər. Evləri daşlarına qədər söküblər. Buradan da görünür ki, ermənilər də çox yaxşı bilirmişlər ki, bu yerlər onların deyil. Anlayırmışlar ki, biz bir gün dədə-baba yurdumuza dönəcəyik. Adam öz torpağını daşına qədər söküb, xaraba qoymaz”.

Azad edilən ərazilərlə bağlı tez-tez açıqlamalar verən Azərbaycan Prezidenti İlham Əliyev də çıxışlarında yararsız hala düşmüş, dağıdılmış kənd və şəhərlərdən danışır:

“Dağıdılmış kəndlərin, şəhərlərin vəziyyətinə baxmaq kifayətdir, hər kəs görsün ki, bizim qarşımızda kimlər dayanıb. İşğal olunmuş və artıq azad edilmiş torpaqlarda bir dənə də salamat bina qalmayıb. Bütün binalar sökülüb, talan edilib, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz dağıdılıb, talan edilib, təhqir edilib”.

Hüquqşünas Fərhad Mehdiyev deyir ki, sakinlər evlərinin dağıdıldığına görə Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edə bilərlər. Ancaq evlərin 2000-ci ildən sonra məhv edildiyini sübut etmək lazımdır:

Fərhad Mehdiyev
Fərhad Mehdiyev

“Həmin vətəndaşlar “Google Earth”-dan baxmalıdırlar. Orda evlərinin əvvəlki halı da, 2000-ci ildən sonrakı vəziyyəti də yadda qalıb. Bunu sübut kimi məhkəməyə təqdim edə bilərlər. Mülkiyyət hüquqlarının pozuntusu ilə bağlı Ermənistan hökumətinə iddia qaldıra bilərlər. Amma 2000-ci ildən əvvəl dağılmış evlərə Ermənistan hökuməti cavabdehlik daşımayacaq, çünki həmin ildən əvvəl Ermənistan Avropa İnsan Haqları Məhkəməsinin yuristiksiyasını qəbul etməmişdi”.

Fərhad Mehdiyev deyir ki, zaman baxımından məhkəmənin səlahiyyəti məsələsi var və təəssüf ki, 2000-ci ilədək dağıdılan evlərin işinə baxa bilməyəcək:

“Yalnız bundan sonrakı illərdəki dağıntılara görə Ermənistan hökuməti məsuliyyət daşıyır. İnsanlar evlərinin dağıdılmasına görə bu ölkədən təzminat ala bilərlər”.

Hüquqşünas Yalçın İmanov da deyir ki, Ermənistan hakimiyyəti şəhərləri, kəndləri yararsız hala saldığına görə məsuliyyət daşıyır. Bununla bağlı həmin kənd və rayonların sakinləri AİHM-ə müraciət edə bilərlər:

Vəkil Yalçın İmanov
Yalçın İmanov

““Çıraqov və başqaları Ermənistana qarşı” işi var. Orada eyni pozuntular tanınıb. Eyni qaydada insanlar evlərinin, mülklərinin əllərindən alınması, dağıdılması ilə bağlı məhkəməyə müraciət edə bilərlər”.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu açıqlanır. Azərbaycan bu günlər ərzində 100-dən arıq kəndinin, Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini və Hadrut, Mincivan qəsəbələrini işğaldan azad etdiyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb

Ana səhifəSiyasətAzad edilmiş torpaqlarda mülkiyyət hüququnun pozulması ilə bağlı iddia qaldırmaq mümkündürmü?