Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzi (ASİMKOM) Bakıya səfəri gözlənilən ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensə müraciət ünvanlayıb.
ASİMKOM-un müraciətində Azərbaycanda insan hüquqlarının vəziyyətinin, xüsusilə siyasi məhbuslar məsələsinin müzakirə edilməsinin son dərəcə vacib olduğu qeyd edilib.
“Hazırda Azərbaycanda jurnalistlər, müxalif fəallar və liderlər, hüquq müdafiəçiləri və digər vətəndaş cəmiyyəti nümayəndələri də daxil olmaqla yüzlərlə insan siyasi motivli ittihamlarla həbsdə saxlanılır. Ən azı 340 nəfər siyasi məhbus kimi tanınıb. Bu vəziyyət Azərbaycanın beynəlxalq öhdəliklərinə və hamılıqla tanınmış əsas hüquq və azadlıqlara açıq şəkildə ziddir”, – müraciətdə deyilir.
Müraciətdə vitse-prezidentin Prezident İlham Əliyevlə görüşündə bu məsələnin mütləq şəkildə qabardılması istənilib:
“ABŞ-nin Belarus və Venesuela kimi ölkələrlə münasibətlərində siyasi məhbuslar məsələsinə prinsipial yanaşması mühüm və ümidverici presedentlər yaradıb. Azərbaycan rəhbərliyi ilə dialoqda, xüsusilə siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılmasına çağırış etməklə, oxşar aydın və qəti mövqenin əhəmiyyətli və müsbət təsir göstərə biləcəyinə ümid edirik”.
Vensin yaxın günlərdə Bakıya gələcəyi gözlənilir. Onun regiona səfəri çərçivəsində ilk Ermənistana gedəcəyi, daha sonra isə Azərbaycana gələcəyi bildirilib. ABŞ Prezidenti Tramp ona iki ölkə arasında 40 il davam edən münaqişəyə son qoymağı hədəfləyən razılaşmanın icrasını irəli aparmaq tapşırığı verib.