Azərbaycanın qeyri-neft ixracında mühüm yer tutan elektrik enerjisinin xarici ölkələrə satışı kəskin azalıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ildə elektrik enerjisinin ixrac həcmi 1 milyon 230 min 524 kVt/saat təşkil edib. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 29,8 faiz azalma deməkdir.
Ötən il elektrik enerjisinin ixracından əldə olunan gəlir isə 70,8 milyon dollar olub ki, bu da statistik dəyər baxımından 25,6 faiz azdır.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan 1 milyon 753 min 47 kVt/saat elektrik enerjisi ixrac edib və bu ixracın dəyəri 94,1 milyon dollar təşkil edib. Elektrik enerjisinin ümumi qeyri-neft ixracındakı xüsusi çəkisi 3,26 faiz olub, lakin 2025-ci ilin göstəricilərinə görə bu pay 2,15 faizə qədər düşüb.
Azərbaycan hökumətinin post-neft dövrü üçün əsas prioritetlərindən biri elektrik enerjisinin istehsalını artırmaq və dünya bazarına çıxarmaqdır. Bu baxımdan son illərdə ölkədə yaşıl enerji keçidinə böyük investisiyalar qoyulur və bərpa olunan enerji mənbələrinin diversifikasiyası həyata keçirilir. İxrac portfelində daha yüksək qiymət təklif edən və ya strateji əhəmiyyəti olan bazarlara (məsələn, Türkiyə və Avropa) çıxış hədəflənir.
Hələ ki, Azərbaycanın illərlə bu bazarlardakı əsas alıcıları Gürcüstan, Türkiyə, İran və Rusiya olub. Lakin indi həmin ölkələr bərpa olunan enerji mənbələrini genişləndirdikcə daxili bazarda idxal asılılığını azaltmağa çalışırlar. Məsələn, Azərbaycan Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-noyabr aylarına dair məlumatlarına görə, Gürcüstan və Rusiya Azərbaycandan elektrik enerjisi idxalını kəskin şəkildə azaldıb. Belə ki, 11 ayın göstəricilərinə görə, Gürcüstana ixrac həcmi təxminən 2,3 dəfə, Rusiyaya ixrac isə 36 faiz azalıb.
Lakin ümumi azalma fonunda Türkiyə və İran istiqamətində artım qeydə alınıb. Xüsusilə Türkiyəyə ixrac həcmi təxminən 41,4 faiz artıb.
DSK-nın məlumatına əsasən, Azərbaycan elektrik enerjisinin 1 kVt/saatını xarici ölkələrə ortalama 9,7 qəpiyə (5,7 sent) satıb. Ölkələr üzrə qiymətlər dəyişib. Belə ki, elektrik enerjisi Rusiyaya 7,2 qəpiyə (4,2 sent), Gürcüstana 9,8 qəpiyə (5,7 sent), İrana 4,8 qəpiyə (2,8 sent) və Türkiyəyə 10,3 qəpiyə (6 sent) satılıb.