Aktyor və bloger Əhməd Əhmədovun öldürüldüyü bildirilir.
Bu barədə siyasi mühacir Tural Sadıqlı özünün “Azad Söz” kanalında məlumat verib. Onun iddiasına görə, aktyor keçmiş Prezident Heydər Əliyevlə bağlı paylaşdığı videodan sonra polislər tərəfindən Səbail Rayon Polis İdarəsinin 39-cü Polis Bölməsinə aparılaraq bir neçə gün orada saxlanılıb.
Videoda aktyor Əhməd Əhmədov sanki Heydər Əliyev obrazını canlandıraraq, onun adından Prezident İlham Əliyevə irad tutub.
“İlham, axı mən sənə belə bir dövlət verməmişəm. Oğul, sən görmürsən ki, dövlət yan üstədir? Yıxılır, sənin bundan xəbərin yoxdur? Mənə elə gəlir ki, sən bu dövləti idarə etmirsən, Paşayevlərlə, yəhudilər bölüblər. Mən səni Prezident təyin edəndə, Sevil dedi ki, sən nə edirsən, ata? Indi başa düşürəm ki, Sevil haqlı imiş”, – videoda o, belə deyib.
Tural Sadıqlı iddia edir ki, Əhməd Əhmədov polis bölməsində qanunsuz saxlanılıb və fiziki zorakılığa məruz qalıb. Onun sözlərinə görə, daha sonra Əhmədov Maştağa qəsəbəsində yerləşən 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib və orada vəfat edib. Sadıqlı ölümün tibbi müdaxilə nəticəsində baş verdiyini də iddia edir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin rəhbəri, jurnalist Natiq Ədilov da aktyorun ölümü ilə bağlı paylaşım edib.
Əhməd Əhmədov “Oğurluq həyat” serialında və “Atropatena” bədii filmində çəkilib. O, sosial şəbəkələrdə Azərbaycanla bağlı tənqidi siyasi fikirləri ilə tanınırdı.
Ölüm faktı və səsləndirilən iddialarla bağlı Daxili İşlər Nazirliyindən və 1 saylı Psixiatriya Xəstəxanasından rəsmi mövqe almaq mümkün olmayıb.
Psixiatrik sui-istifadə – siyasi tənqid və ya mövqeyinə görə həqiqətən xəstə olmayan şəxslərin zorla psixiatrik müəssisəyə yerləşdirilməsidir.
Azərbaycanda müxaliflərin və sosial şəbəkələrdə hakimiyyəti tənqid edən şəxslərin psixiatrik müəssisələrdə əsassız yatızdırılması hallarına çox rast gəlinir. 2020-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Hümbətov məcburi olaraq psixiatrik müəssisədə yerləşdirilmişdi.
2022-ci ildə isə hakimiyyəti ardıcıl və sərt tənqid edən paylaşımları ilə tanınan ictimai xadim Əli Azərli Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, Bakı şəhəri 2 saylı Psixiatrik Kliniki Xəstəxanasına yerləşdirilib. Yerli insan hüquqları təşkilatları onun barəsində qərarın siyasi sifariş olduğunu qeyd ediblər.
Siyasi fəal Ziyafət Abbasova sosial şəbəkələrdəki tənqidi çıxışları və etiraz aksiyalarındakı fəallığına görə, 2023-cü ildə polis tərəfindən saxlanılaraq, 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirib, səhhəti pisləşdikdən sonra Sabunçu Şəhər Xəstəxanasına köçürülüb və mayın 24-də sərbəst buraxılıb. Abbasova saxlanmasını siyasi tənqidlərinə görə cəza hesab edib və heç bir psixoloji problemi olmadığını bildirmişdi.