Azərbaycan ABŞ Prezidenti Donald Trampın yaratdığı Sülh Şurasına təsisçi üzv dövlət olmaqla bağlı dəvəti qəbul edib.
“Bloomberg” bundan öncə nizamnaməyə istinadla yazmışdı ki, ölkələr Şuraya ömürlük üzvlük üçün ən azı 1 milyard dollar ödəməlidirlər.
Donald Tramp yanvarın 16-da Sülh Şurasının yaradıldığını bəyan etmişdi. Bildirilirdi ki, Şura Qəzza konflikti və münaqişə zonasının bərpası ilə bağlı problemləri həll etmək məqsədilə formalaşdırılır, sədri də Tramp olacaq.
Şuranın tərkibinə ABŞ-nin dövlət katibi Marko Rubio, Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Uitkoff, ABŞ Prezidentinin kürəkəni Cared Kuşner və Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer daxildir.
Birləşmiş Ərəb Əmirlikləri, Ermənistan, Kosovo, Belarus və İsrail Sülh Şurasına üzvlüklə bağlı dəvəti qəbul edib. Beynəlxalq mətbuatın məlumatına görə, üzvlük üçün dəvət alan bəzi ölkələr Sülh Şurasının hüquqi statusu, səlahiyyətləri və siyasi neytrallığı barədə suallar səbəbindən təşəbbüsə ehtiyatla yanaşırlar. Hələ də qərarını açıqlamayan ölkələr arasında Rusiya və Fransanın adı çəkilir.
Prezident Emmanuel Makrona yaxın mənbə yanvarın 19-da deyib ki, Fransa indiki mərhələdə Sülh Şurası təşəbbüsünə qoşulmaq dəvətini rədd etmək niyyətindədir. Tramp isə cavabında Fransa şərablarına və şampanlarına 200 faiz rüsum tətbiq edəcəyini açıqlayıb.
Trampın yaratdığı bu qurumun beynəlxalq hüquq sistemində rolu və BMT kimi mövcud strukturlarla əlaqəsi hələ tam aydın deyil. Üzvlük üçün tələb olunan yüksək maliyyə öhdəlikləri və təşkilatın regiondakı təsiri ilə bağlı da narahatlıqlar mövcuddur. Bu səbəbdən bəzi dövlətlər quruma qoşulmaqda ehtiyatlı davranırlar.