Onun Rusiya pasportu əlindən alınıb
Moskva vilayətində fəaliyyət göstərən Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimovun Rusiya vətəndaşlığı ləğv olunub.
Sosial şəbəkələrdə Moskva polisinin onu ərazi üzrə idarəyə çağıraraq Rusiya pasportunu əlindən aldığını əks etdirən videolar yayımlanıb.
Videoda bildirilir ki, onun vətəndaşlığı 2025-ci il iyunun 28-də ləğv olunub.
Elşən İbrahimov vətəndaşlığının ləğvinin səbəbini yaxın günlərdə Azərbaycana qayıdandan sonra açıqlayacağını bildirib.
Azərbaycanla Rusiya arasında gərginlik iyunun 27-də Yekaterinburqda 2001-ci ildə baş vermiş qətllə bağlı iş üzrə kütləvi həbslərdən sonra başlayıb.
Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı iki nəfər azərbaycanlı qardaşlar Hüseyn və Ziyəddin Səfərovlar həyatını itirib. Rusiya hüquq-mühafizə orqanaları onlardan birinin ürəktutmasından öldüyünü, digərinin isə ölüm səbəbinin araşdırıldığını bildirib.
Azərbacan tərəfi hər iki nəşin üzərində təkrar ekspertiza apardıqdan sonra onların döyülərək öldürüldüyünü açıqlayıb.
Rusiya hüquq-mühafizə orqanlarının bu hərəkətlərinə cavab olaraq Azərbaycan hakimiyyəti Bakıda 7 nəfər Rusiya vətəndaşını saxlayıb.
Həbs olunanlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etmə kimi müxtəlif maddələr irəli sürülüb.
Rusiya mətbuatı isə yazıb ki, onların sayı 10 nəfərdir və aralarında turist və iş adamları da var.
Baş verən gərginlik fonunda tərəflər bir-birinə qarşılıqlı nota verib.
İyulun 3-də “Kommersant” məlumat yayıb ki, Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlı, “Vaqif Bakınski” və “Diplomat” ləqəbləri ilə tanınan Vaqif Süleymanovu saxlayıblar. Süleymanovun saxlanmasına səbəb kimi onun Rusiyada qalma qaydalarını pozması göstərilib.
“Baza” “Telegram“ kanalı isə bildirib ki, Orenburqda da Azərbaycandan olan daha bir kriminal avtoritet- Zaur adlı şəxs saxlanılıb. Onun cinayət aləmində yüksək mövqe tutmaqda ittiham olunduğu deyilir.