Azərbaycanda suyun qiyməti bahalaşa bilər

Su. Foto: arxiv

ADSEA rəsmisi: “1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir”

Azərbaycanda suyun qiyməti bahalaşa bilər.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müşaviri Aydın Abbasov bu gün jurnalistlərə bildirib ki, Azərbaycanda su tarifləri İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin faktiki xərclərini tam qarşılamır:

“1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir”.

Onun sözlərinə görə, bu tarif sisteminin yenidən tənzimlənməsinə gətirib çıxara bilər.

“Bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir. Bu səbəbdən tarif sisteminin diferensiallaşdırılması məsələsi gündəmə gələ bilər”, – A.Abbasov deyib.

Bu açıqlamadan sonra sosial mediada suyun qiymətinin yenidən artacağı ilə bağlı müzakirələr artıb.

Azərbaycanda suyun qiyməti sonuncu dəfə 2021-ci il fevralın 1-dən artırılıb. Onda artım 100 faiz olmuşdu. Suyun 1 kubmetr qiyməti kanalizasiya suları ilə birlikdə 1 manata qaldırılmışdı.

Bu il Azərbaycanda elektrik və qaz daxil bir sıra kommunal xidmətlərdə bahalaşma baş verib.

Ana səhifəSosialAzərbaycanda suyun qiyməti bahalaşa bilər