İqtisadçı bildirir ki, Azərbaycan iqtisadiyyatı Gürcüstandan 2,5 dəfə, Ermənistandan 3 dəfə böyük olsa da, göstəriciləri aşağıdır
Azərbaycan iqtisadi göstəricilərinə görə Cənubi Qafqaz ölkələrindən geri qalır.
İqtisadçı Samir Əliyevin “Facebook” paylaşımlarından belə nəticəyə gəlmək olur. Samir Əliyev qeyd edir ki, Azərbaycan orta aylıq əməkhaqqı göstəricisinə görə, Gürcüstan və Ermənistandan geridədir.
“2024-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 1009 manat ($593,6) olub. Bu, Cənubi Qafqaz ölkələri arasında ən aşağı göstəricidir. Məsələn, Ermənistanda orta aylıq məvacib az qala 900 dollara çatıb. Gürcüstanda isə 2024-cü ilin 3-cü rübünün göstərici 753,4 dollar olub. Yəqin ki ilin sonuna daha da artar”.

“Azərbaycanda ən yüksək maaşlı sektor mədən sənayesi ($1971), yəni neft-qaz sektorudur. Bu sektor üzrə maaşlar ölkə üzrə orta göstəricidən bir-qayda olaraq 3-4 dəfə yüksək olur. İkinci ən yüksək maaş olan sektor isə maliyyə sektorudur ($1370). Bu sahə üzrə fərq 2-3 dəfə təşkil edir. Gürcüstanda isə yüksək maaşlı sahə informasiya və kommunikasiya ($1490), tikinti ($1174), maliyyə ($1170) və elmi-texniki fəaliyyət sahələri ($1282) hesab olunur. Ermənistanda əhali ən çox maaşı maliyyə ($3200) və informasiya və rabitə ($2400) sektorlarından alır”,- iqtisadçı belə yazıb.
Samir Əliyev başqa bir paylaşımında isə qeyd edib ki, ÜDM-in artım tempinə görə də Azərbaycan hər iki ölkədən geri qalıb.
“Son 5 ildə Cənubi Qafqaz ölkələrində iqtisadiyyatın böyümə tempi fərqli olub. Pandemiya ili olan 2020-ci ildə hər üç ölkədə iqtisadiyyatın kiçilməsinin baş verməsinə rəğmən sonrakı illərdə yüksək artım qeydə alınıb. 2022-ci ildə Gürcüstan və Ermənistanda artım hətta ikirəqəmli olub. İqtisadiyyatın bütün sektorları üzrə real ÜDM-in artım tempinə görə Azərbaycan hər iki ölkədən geri qalıb. Ancaq qeyri-neft sektoru üzrə ÜDM-in real artım tempi qonşu ölkələrlə rəqabət apara bilib və hətta 2024-cü ildə Ermənistanı üstələyib”.

İqtisadçının analizlərinə görə, Azərbaycanın bank sektorunun maliyyə göstəriciləri də Cənubi Qafqazın digər iki ölkəsinin bank sektoruna uduzur.

“2024-cü ilin nəticələri göstərir ki, Azərbaycanın bank sektorunun maliyyə göstəriciləri Cənubi Qafqazın digər iki ölkəsinin bank sektoruna uduzur və bu, son illər artıq tendensiyaya çevrilib. Məsələn, ötən il Gürcüstan bankları $1,1 milyard, Ermənistan bankları $914 milyon xalis mənfəət əldə etdikləri halda Azərbaycanda bu göstərici $614 milyon olub. Aktivlərin və kreditləşmənin həcminə gəlincə, Azərbaycan bu göstəricilər üzrə Ermənistanı qabaqlasa da, Gürcüstandan geri qalır. Gürcüstan banklarında aktvlərin həcmi $34 milyard, Ermənistanda $27.7 milyard, Azərbaycanda isə $31,2 milyard olub. Kreditləşmənin həcmi isə müvafiq olaraq $21,5 milyard, $15,8 milyard və $16.2 milyard olub. Azərbaycan yeganə olaraq depozitlərin həcminə görə hər iki ölkəni qabaqlayır”, – Samir Əliyev paylaşımında belə yazıb.
“Azərbaycan bankları hətta kapitallaşma səviyyəsinə ($3,9 milyard) görə Gürcüstan ($5,1 milyard) və Ermənistandan ($4,5 milyard) geri qalır. Uyğun olaraq ROE və ROA göstəricilərinə görə də uduzuruq”.
İqtisadçı sonda onu da bildirir ki, Azərbaycan iqtisadiyyatı Gürcüstandan 2,5 dəfə, Ermənistandan 3 dəfə böyükdür.
“Azərbaycanda 22, Gürcüstanda 17, Ermənistanda 18 bank fəaliyyət göstərir”,- iqtisadçı qeyd edib.
İqtisadçının yazdıqları ilə bağlı rəsmi qurumlar açıqlama verməyiblər.