Azərbaycan Avropa Məhkəməsinin qərarlarının 64%-ni icra etməyib

Avropa Məhkəməsi, Foto: By symbiot/Shutterstock

AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 542 iş üzrə qərardan 343-ü hökumət tərəfindən icra edilməyib

2025-ci ildə Azərbaycan Avropa Məhkəməsi qərarlarını icra etməmək üzrə lider ölkə hesab oluna bilər.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu səbəbdən də ölkədə məhkəmə işləri uğurlu olmayan şəxslər hüquqlarının pozulduğunu iddia edərək Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət edə bilirlər. 2025-ci ilin əvvəlinə olan statistikaya əsasən, hazırda AİHM-ə verilən şikayətlərin sayı 1968-dir. Bunlardan 1113 şikayət barəsində hələ heç bir addım atılmayıb.

Bununla yanaşı, AİHM indiyə qədər Azərbaycanla bağlı 542 iş üzrə qərar qəbul edib. Bu işlərdən 7 iş yenidir. Avropa Şurasının mövcud statistikasına əsasən, bu qərarlardan 192-si Azərbaycan hökuməti tərəfindən icra edilib. Buna görə də Avropa Şurası həmin işlər üzrə icraatı bağlayıb. Lakin yeni işləri nəzərə almasaq 343 iş üzrə AİHM qərarları hökumət tərəfindən icra edilməyib. Buna görə də həmin işlər üzrə icraat hələ də davam etməkdədir.

Bəs AİHM qərarlarının icrası necə həyata keçirilir?

AİHM qərarları uzun illərdir Azərbaycanın əsas gündəm məsələlərindən biridir. Ölkədə ədalət axtarışında olan minlərlə vətəndaş Azərbaycan məhkəmə sistemindən nəticə əldə edə bilmədikdə Avropa Məhkəməsinə üz tutur. AİHM ədalətsizliklə üzləşən insanlar üçün son ümid yeri olaraq görülür. Lakin indiyə qədər qəbul edilən çoxlu sayda qərara baxmayaraq, hələ də həmin qərarların icrası ilə bağlı ciddi problemlər var.

Bir çox beynəlxalq təşkilatlar kimi Avropa Şurasının icra mexanizmləri də güclü deyil. Bu mexanizmlər daha çox diplomatik etika qaydalarına əsaslanır. Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsində AİHM qərarlarının icrasının məcburi olduğu göstərilsə də, Avropa Şurasının həmin qərarları dərhal icra etdirmək üçün zəruri alətləri yoxdur.

AİHM qərarlarının icrası necə həyata keçirilir?

Avropa Konvensiyasına əsasən, Avropa Məhkəməsinin qərarlarının icrası Avropa Şurası Nazirlər Komitəsinin (NK) səlahiyyətindədir. NK mahiyyətcə siyasi qurumdur və Avropa Şurasına üzv olan ölkələrin xarici işlər nazirliklərinin nümayəndələrindən ibarətdir. NK-nin əsas işi Avropa Şurasının fəaliyyəti ilə bağlı üzv dövlətlər üçün tövsiyələr qəbul etməkdir. Bununla yanaşı, NK AİHM qərarlarının dövlətlər tərəfindən icra edilməsinə də nəzarət edir. Bu prosesdə NK-ni qərarların icrasına nəzarət prosesinə Avropa İnsan Hüquqları Məhkəməsi Qərarlarının İcrası Departamenti texniki dəstək verir. Həmin departament Şuranın İnsan Hüquqları və Hüququn Aliliyi Baş Direktorluğunun tabeliyindədir.

Beləliklə, AİHM qərarlarının icrası üzrə Avropa Şurasının iki qurumu səlahiyyətlidir: əsas səlahiyyət NK-a aiddir. Prosesin təşkilati-texniki tərəflərinə isə İcra Departamenti nəzarət edir.

NK hər rüb üzrə qərarların icrası üzrə nəzarət həyata keçirir. Hər rüb üzrə NK-nin bütün dövlətlər tərəfindən icra edilməli qərarlar üzrə rüblük nəzarət iclasları keçirilir. Buraya Azərbaycanın icra etmək öhdəliyi daşıdığı qərarlar da aiddir. Azərbaycan tərəfi NK-nin tələbi ilə icra işləri ilə əlaqədar Fəaliyyət Planı təqdim etməlidir. Həmçinin, icra vəziyyəti ilə əlaqədar da hesabatlar təqdim etməyə borcludur.

İcra edilməmiş işlərin təxminən 46%-i ciddi nəzarət işləridir.

NK icra işlərini əhəmiyyətlilik dərəcəsinə görə iki yerə bölür: ciddi nəzarət işləri və standart işlər. Ciddi nəzarət işlərinə Avropa Konvensiyasının ən ağır pozuntuları aid edilir. Azərbaycandan olan işlərin 158-si ciddi nəzarət işlərinə aiddir. Bu isə onu göstərir ki, icra edilməmiş 343 işin təxminən 46%-i ciddi nəzarət işləridir.

Avropa Şurasının məlumatlarına görə hazırda Azərbaycan tərəfindən icra edilməyən işlərin siyahısına Avropa Konvensiyasının çoxsaylı pozuntuları aiddir. Buraya pis rəftar işləri (Sərdar Cəlaloğlunun işinin nümunəsində), hüquq mühafizə orqanları tərəfindən səmərəli araşdırma aparılmaması, polis tərəfindən qeyri-zəruri gücdən istifadə nəticəsində vətəndaşlara dəyən ziyan, əsassız və qanunsuz ekstradisiya işləri, hüquqazidd və əsassız azadlıqdan məhrum etmə işləri (Fərhad Əliyev işinin nümunəsində), ədalət mühakiməsi hüququnun pozuntusu işləri (Əli İnsanov, Pənah Hüseyn və digərləri, Layıcov işləri nümunələrində), vəkillərin lisenziyadan məhrum edilməsi, jurnalistlərin haqsız yerə hüquqlarının məhdudlaşdırılması işləri, birləşmək və toplaşmaq hüquqlarının pozuntusu işləri, seçki hüquqlarının pozuntusu işləri, mülkiyyət hüquqlarının pozuntusu işləri, siyasi motivlərlə vətəndaş cəmiyyəti nümayəndələrinin, jurnalistlərin və siyasətçilərin azadlıqdan məhrum edilməsi və sair məsələlər aiddir.

Azərbaycan hökumətinin icra etdiyi işlər

Avropa Şurası statistikasına əsasən indiyə qədər Azərbaycan hökumətinin bağlaya bildiyi işlərə isə məcburi köçkünlər tərəfindən vətəndaşların evlərinin zəbt edilməsi işləri və məhkəməyə çatımlılıqla bağlı işlər aiddir. Bununla yanaşı, siyasi motivli işlər üzrə İlqar Məmmədov və Rəsul Cəfərovun işlərinin bağlandığı qeyd edilir.

Avropa Şurasının statistikası onun göstərir ki, Azərbaycan hökuməti tərəfindən işlərin mütləq əksəriyyəti icra edilmir. Bununla yanaşı, AİHM-in müəyyən etdiyi pozuntuların əksəriyyəti üzrə də problemlər aradan qaldırılmayıb. İcrası bağlanan əsas işlər məcburi köçkünlərin vətəndaşların evlərində qanunsuz məskunlaşmaları ilə 2000-ci illərin əvvəllərində prosessual qanunvericiliyin dəyişdirilməsi ilə əlaqədar yaranan anlaşılmazlığın aradan qaldırılmasından ibarətdir. Bu hal isə bir daha onu nümayiş etdirir ki, Azərbaycan hökuməti Konvensiya üzrə nəzərdə tutulan əksər hüquqlarla bağlı məsələləri aradan qaldırmayıb.

Hazırda Avropa Şurasının məlumatlarına əsasən, Azərbaycan hökuməti cəmi 535 iş üzrə yalnız 192 iş üzrə problemi aradan qaldırıb (qeyd edək ki, bu işlərin əksəriyyəti təkrarlanan işlərdir və bir çoxu digərinə aid məsələni əhatə edir, məsələn, məcburi köçkünlərin qanunsuz məksunlaşması ilə bağlı işlər). Bu isə ümumi işlərin təxminən 36%-ni təşkil edir. Lakin 343 iş üzrə icra vəziyyəti aktivdir və həmin qərarlar icra edilməyib. Bu isə ümumi statistikanın 64%-ni təşkil edir. Bu statistika Azərbaycanı AİHM qərarlarını icra etməmək üzrə lider ölkəyə çevirir. Belə ki, indiyə qədər Rusiya Federasiyası 68% qərarların icra edilməməsi ilə siyahıya liderlik edirdi. Lakin Rusiya Federasiyası AŞ-dan çıxdıqdan sonra Azərbaycan 64% icra edilməmə faizi ilə birinci yerdədir.

Dəfələrlə AŞ NK tərəfindən ayrı-ayrı işlər üzrə xəbərdar edilməsinə və AŞ-nın İnsan Hüquqları və Hüququn Aliliyi Baş Direktorluğu, o cümlədən İcra Departamenti ilə əməkdaşlığa baxmayaraq, Azərbaycan qərarların icrası üzrə ciddi irəliləyiş əldə etməyib. Azərbaycan hökuməti icra edilməyən işlər üzrə dəfələrlə hesabatlar təqdim etsə də, NK həmin hesabatları kafi hesab etməyib və Azərbaycana qərarların icrası üzrə xəbərdarlıq etməyə davam edir.

Qeyd edək ki, qərarların icra edilməməsinə yalnız həmin qərarlar üzrə kompensasiya ödənişlərinin edilməsi daxil deyil. Bununla yanaşı, Azərbaycan hökuməti pozuntuya rəvac verən qanunvericiliyi və praktikanı dəyişdirmək, eləcə də yeni araşdırma aparmaq öhdəliyi daşıyır.

Azərbaycan son bir ildir ki, kompensasiya ödənişlərini həyata keçirmir. Lakin Azərbaycan tərəfindən qərarların icra edilməməsi üzrə əsas problem hüquq pozuntularına səbəb olan qanunları və hüquqi təcrübəni dəyişdirməmək və hüquq pozuntularına yol vermiş rəsmilər haqqında araşdırmalar aparmamaqdan ibarətdir.

Ana səhifəAnalitikaAzərbaycan Avropa Məhkəməsinin qərarlarının 64%-ni icra etməyib