Aytac…

Biz xoşbəxtliyin xəyalını qurarkən həkimlərdən həyəcan siqnalı gəldi.

Source: Meydan TV


Həyat uşaqları öldürəcək qədər amansızdır

Desəm ki, o gözəl üzünün zərif cizgilərini dəfələrlə görmüşəm, səsini-sözünü dinləmişəm, yalan olar. Mən arzularımın dalınca kənddən çıxanda onun atası uşaq idi. Mənə “bibi” deyib əlimdən yapışan oğlan uşaqlarından biri. Böyüyüb ailə-uşaq sahibi oldu. Aytac qardaşımın nübar nəvəsi idi. Bütün başqa uşaqlar kimi o da ata-ana, baba-nənə sevgisi ilə böyüdü. Hansı özəl xüsusiyyətləri olub, bilmirəm, bildiyim hekayə yazmasıdır ki, mən də yazmağa təxminən elə o yaşda başlamışdım.

İndi yazacaqlarım o hekayətlərin davamı deyil, sadəcə bizi tərk edib gedən məsum, nakam qızımızın ruhu qarşısında yaşanan hisslərin uğursuz ifadəsidir. Əslində onun belə bir cəhdə ehtiyacı da yoxdur. Bütün borclar və ehtiyaclar dünyada qalanlara aiddir. Amma bu halda belə sətirlər barmaqlarımın altında nəmlənir. Özümə möhkəm olmaq barədə verdiyim bütün sözləri sanki qəfil bir külək əlimdən qoparır.

***

O gün hava sözün əsl mənasında küləkli-yağmurlu idi. Yayın ortasında o nə soyuq idisə bir yerdən səsi çıxar deyə düşünmüşdüm. Çıxdı da. Aytacı Bakıya çatdırıblar dedilər. Qəfil halı pisləşibmiş. Donub qaldım. Yayda üşüyənəm, bu dəfə isə titrətməm soyuqdan deyildi. Amma yenə içimdəki ağır həyəcanı boğmaq üçün düşünürdüm ki, paytaxta o qədər ağır xəstələr gedib, öz ayaqları ilə qayıdıblar. Həyat dolu yeniyetmə uşaq aciz qalacaqmı xəstəliyin qabağında? Kimin nəvəsidir ki?

Qardaşım vaxtilə ailənin, kəndin ən cəsarətli gənclərindən idi. Evdə də, kənddə də atamdan başqa kimsə ona söz deyə bilməzdi. İllər keçdikcə özü fədakar bir ataya, sevgi, şəfqət dolu bir babaya dönsə də, yaddaşımda uşaq xatirələrimin yenilməz qəhrəmanı kimi qalmışdı.

***

Taksiyə “Travmatologiyanın yanı” kimi nişan verdiyim Qanköçürmə İnstitutunun həyətindəki çarəsiz, fağır kişi mənim qardaşım idimi? Üç-dörd günün naməlum hökmü altında qovrulub tüstülənən bitkin adamın üzünə baxmağa gücüm çatmadı. Sadəcə dərdinə sarılıb divarın dibində çöməldim.

Ailədən kimimiz var burda, burda ola bilməyənlər telefonda idilər. Qabağına diz qoyduğumuz binanın hansı qatındasa qanımızdan-canımızdan bir mələk qızcığaz ölüm adlı kabusdan xəbərsiz qısa ömrünün son günlərini yaşayırdı. Biz isə o acı həqiqəti özümüzə yaxın buraxmırdıq. Yeniyetmə uşağı zəiflədib yıxan real təhlükəni ciddiyə almamaq deyidi, bu. Əksinə, mümkün olub-olmayan bütün vasitələrlə hər kəs ona qarşı savaşa çıxmışdı. Kəndimizdən dəstə-dəstə gənclər Bakıya gəlib Aytaca qan verirdilər. Hər ikisi müəllim valideynlərinin sosial şəbəkələrdəki həmkarları, digər insanlar yardıma qoşulurdular. Dəstək çoxaldıqca, ümidsizlik azalırdı. Hətta uşağın xaricdə müalicəsinə bəzi ehtimallar yaranmışdı ki, bunu düşünmək belə adama stimul verirdi.

***

Biz xoşbəxtliyin xəyalını qurarkən həkimlərdən həyəcan siqnalı gəldi. Təcili kimya-terapiya başlanmalıydı. Əks təqdirdə o xəyali ehtimalların heç bir mənası olmayacaqdı. Prosesə hazırlıq zamanı zəruri səbəbdən bir-iki günlük rayona gəldim. Səhhətimə yüngül əl gəzdirib yola çıxanda qardaşım Bakıdan zəng vurub “Aytac əlimizdən getdi,”- dedi.

Mən otuz-qırx ilin yazarı olaraq o ağlar səsin təsvirini tapa bilmirəm. O səs bizim xəyallarımızın əcəl zəngi idimi? O səs çıxılmazdan çıxış yolu tapan, müşkülü mümkünə döndərən bacarıqlı bir kişinin, atanın, babanın təslim etirafı idimi? Bildiyim odur ki, Aytac haraylı o səs bütün ömrümə yetəcək qədər kədərə, nisgilə, göz yaşına dönüb ürəyimin baş guşəsinə yerləşdi. İndi düşünürəm, bəlkə babası o uşağı az tanıyıram deyə məni qaldırtmışdı yuxarı qatlara? Biz “Aytacın mərtəbəsinə” çatıb uşağı gözləyəndə gördük özü də qalxıb dalımızca. Hər fürsətdə görüşmək istəyirdi ciyərparası ilə.

Zərif bir qızcığaz yüngül yerişlə gəlib bir-bir doğmalarına sarılanda bunun bir vida olduğu kimsənin ürəyinə gəlməzdi. Amma nəsə bir qüssə, ayrılıq vardı o görüşdə. Ayaqüstə çox qalmasın deyə tez göndərdik palatasına. Pilləkənləri düşəndə cavanlardan ayrılıb qardaşımın qoluna girdim. Dillə deyə bilməsəm də, mənə bu qiymətli, unudulmaz anları verdiyi üçün bərk-bərk sığındım ona. Əlini çiynimə qoyub ah çəkdi. Uşaqlıqdan sözsüz anlardıq bir-birimizi…

***

Bilirəm, həyat uşaqları öldürəcək qədər amansızdır. Başqa ölkələrin başqa səviyyədə müayinələri, əməliyyatları, nəticələri var, bizdə isə həyata və ölümə münasibət fərqlidir. Bir uşaq yatağa düşərsə, eşidib-bilən elliklə yardım edər, canından-can, qanından-qan verər, hər addımda ailənin yanında olar. Bizim Aytacımızın da halı pisləşəndən bütöv kəndin üzü gülmədi. Hər kəs onu qurtarmaq üçun çaba göstərdi. Dua etdilər, nəzir dedilər. Xəbəri gələndə evinə axışıb fəryadla qarşıladılar. Və göz yaşlarıyla torpağa verdilər.

Çox aytaclar getdi əllərimizdən. Düçar olduqları dərdlərin qarşısında aciz qalan bizə həsrətdən göynəyən bir ömür qoyaraq. Böyük Əziz Nesin deyirdi:

“Öyle bir ölsem, öyle bir ölsem ki, çocuklar, size hiç ölüm kalmasa…”

Ana səhifəXəbərlərAytac…