Aytac Tapdıq: “Ülviyyə Əlinin başında şiddətli ağrıları var”

Ülviyyə Əli – Foto: Facebook şəxsi səhifəsindən

“2017-ci ildə də başında şiş olub. Təcili tədbir görülməsini tələb edirik”, – deyə, Aytac Tapdıq yazır

Meydan TV-nin həbsdə olan əməkdaşı Aytac Tapdıq Meydan TV işi üzrə həbs olunmuş Ülviyyə Əlinin həyatının təhlükədə olduğunu bildirir.

“Jurnalist Ülviyyə Əli (Quliyeva) Bakı şəhər Baş Polis İdarəsində polis zorakılığına məruz qalandan, başının müxtəlif nahiyələrindən aldığı çoxsaylı zərbələrdən sonra, iki dəfə müvəqqəti saxlanma yerində, bir dəfə də Kürdəxanıda qusub. Başında şiddətli ağrıları var”, – Aytac Tapdıq 1 saylı Bakı İstintaq Təcridxanasından göndəriyi məktubunda yazır.

O, Ülviyyə Əlinin başına gələn hər şeyə görə Azərbaycan hakimiyyətinin məsuliyyət daşıyacağını yazıb.

“2017-ci ildə də başında şiş olub. Təcili tədbir görülməsini tələb edirik”, – deyə, Aytac Tapdıq yazır.

Meydan TV bəhs edilən iddialarla bağlı rəsmi qurumların mövqeyini öyrənə bilməyib.

Mayın 7-də Xətai Rayon Məhkəməsində istintaq orqanının təqdimatı üzrə “Meydan TV” işi üzrə saxlanılan Ülviyyə Əli barəsində 1 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Jurnalistin vəkili Elvin Ələmov Meydan TV-yə bildirib ki, Ülviyyə Əli ifadə verməkdən imtina edib.

O, mayın 7-nə keçən gecə saxlanılıb. Bildirilir ki, o, saxlanılarkən təzyiqə məruz qalıb, kompüteri götürülüb.

Ülviyyə Əli 2025-ci il yanvarın 16-da Bakı Şəhər Baş Polis İdarəsində “Meydan TV işi” ilə əlaqədar dindirilib, onun ölkədən çıxışına qadağa qoyulmuşdu.

Jurnalist bu qərarla razılaşmamış və məhkəməyə müraciət etmişdi.

Ülviyyə Əli “Meydan TV işi” ilə bağlı indiyə qədər saxlanılan sayca 11-ci jurnalistdir. Meydan TV bildirir ki, Ülviyyə Əlinin bu media qurumu ilə əməkdaşlığı yoxdur.

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da həbs olunub. Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa) də həbs edilib.

Fevralın 20-də isə jurnalist Nurlan Libre (Qəhrəmanlı) barəsində Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs qətimkan tədbiri seçilib.

Fatimə Mövlamlı da fevralın 28-də “Meydan TV işi” ilə əlaqədar həbs edilib.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.

Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan ediblər.

Hazırda oxşar ittihamlarla 30-dək jurnalist, ictimai fəal həbsdədir. Onlar ittihamı qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.

Beynəlxalq insan haqları qurumları, Qərb rəsmiləri də hökuməti haqsız tutulanları azad etməyə çağırırlar.

Ana səhifəMeydan TV işiAytac Tapdıq: “Ülviyyə Əlinin başında şiddətli ağrıları var”