Aynur Camalqızı: Yalnız ölülər fikirlərini dəyişmir

Aynur Camalqızı: Yalnız ölülər fikirlərini dəyişmir


“Çox təəssüf ki, bizim ölkədə seçicilərin dünyagörüşü hələ o səviyyədə inkişaf etməyib”



Meydan TV-nin qonağı “Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızıdır.


– Aynur xanım, təmsil etdiyiniz media qurumunu müstəqil, yoxsa iqtidaryönümlü hesab edirsiz?

– Hesab edirəm ki, dünyada müstəqil media yoxdur. Aparıcı media qurumlarına fikir versəniz görəcəksiniz ki, onlar hansısa siyasi qrupu, yaxud qüvvəni dəstəkləyirlər. Onlarla belə misallar xatırlada bilərəm. Bu baxımdan mən medianı müstəqil və qeyri-müstəqilə bölməyin tərəfdarı deyiləm. Yəni mediaya qiyməti onun oxucularının sayı və reytinqi ilə müəyyənləşdirmək lazımdır. Düşünürəm ki, Azərbaycanda təmsil etdiyim media qrup kifayət qədər az müddətdə reytinq toplayıb. Təsəvvür edin, bizim hələ 10 yaşımız yoxdur. Amma iqtidara münasibətimizə gəlincə, mən bunu heç vaxt gizlətməmişəm. 2011-ci ilin sonunda fəaliyyətə başlamışıq, o vaxt “Yeni Müsavat” qəzetinə müsahibəmdə açıq şəkildə demişdim ki, mən Prezident İlham Əliyevi dəstəkləyirəm, ona rəğbət bəsləyirəm və təmsil etdiyim media qrupunda rəğbəti və dəstəyi hər zaman görəcəksiniz.



Əli Həsənovun gedişi, KİVDF-nin fəaliyyəti ilə bağlı cinayət işindən sonra görünən odur ki, yerli medianın maliyyə imkanları məhdudlaşıb. Sizdə vəziyyət necədir?

– Sözün açığı, KİVDF-dən heç vaxt maliyyə almamışam. “Gündəlik Teleqraf” adlı qəzetimiz vardı, son bir neçə ilə qədər fəaliyyət göstərirdi. Biz həmişə öz hesabımızla bu media orqanlarını ayaqda saxlamışıq. Çox maraqlıdır ki, qəzetimiz yaranandan bir müddət sonra KİVDF-nin qaydaları dəyişdi, hətta o zaman bunun biz görə dəyişildiyini düşünmüşdüm. Onda nəzərdə tutuldu ki, qəzet ən azı 3-5 il fəaliyyət göstəribsə, maliyyə yardımı ala bilər. Yəni belə absurd yanaşmalar oldu, qəzetin reytinqi, tirajı, oxucuların necə qarşılanması nəzərə alınmırdı. Amma bütövlükdə götürdükdə, düşünmürəm ki, KİVDF-nin keçmiş rəhbərinə cinayət işinin açılması və Əli Həsənovun vəzifədən alınmasıyla mediaya maliyyə dəstəyi verilməsi arasında bir bağlılıq var. Biz nə Həsənovdan, nə KİVDF-dən dəstək görmədiyimizə görə onların vəzifədə qalıb-qalmaması fəaliyyətimizə heç bir formada təsir göstərmir.



Hakimiyyətin yeni media strategiyası haqqında həm mətbuatda, həm sosial şəbəkələrdə fikirlər səslənir. Deyilənə görə, müxtəlif resursları birləşdirib holdinqə çevirəcəklər və nəticədə ayrı-ayrı məmurların medianı maliyyələşdirilməsinin qarşısı alınacaq. Sizi hansı təhlükə gözləyir?

– Mən bu informasiyanı hardan aldığınızı bilmirəm. İlk dəfədir belə bir ideyanın ortada olması barədə eşidirəm, yəni bu haqda məlumatım yoxdur. Bütövlükdə götürəndə, Medianın İnkişaf Agentliyinin yaranmasını çox müsbət qarşılayıram. Çünki KİVDF-nin fəaliyyəti konkret bir sahəyə istiqamətlənmişdi, yalnız çap mediasına dəstək verirdilər. Məncə, bu, çox yanlış idi. Ona görə ki, ölkədə çap mediasının, qəzetlərinin vəziyyəti hamıya məlumdur, qəzet oxuyanların sayı sürətlə azalır. Ümumiyyətlə, ölkədə qəzet oxumaq istəyənlər çox azdır, onlayn media çox sürətlə yeni medianın yerini alıb. Mən bir vətəndaş olaraq informasiyanı əlimdəki telefon vasitəsilə anındaca alıramsa, növbəti gün çapdan çıxan qəzeti köşkdən almaq əhəmiyyətini itirir.


– Bəs sizi çap mediasının məhv edilməsi məyus etmirmi?

– Gəlin, buna məhv edilməsi kimi baxmayaq. Siz situasiyanı bir az radikallaşdırırsınız. Bütün dünyada qəzetə maraq azalıb və bu da çox təbiidir. Görün, dünyada nə qədər tanınmış qəzetlər var ki, fəaliyyətlərini dayandırıb, onlayn müstəvidə fəaliyyətə keçiblər.



Niyə elə düşünürsünüz, Türkiyədə “Hurriyet”, Rusiyada “Novoya gazeta” qəzetləri çıxır…

– Bəli, dedikləriniz və digər onlarla qəzet var ki, çıxır. Amma orda oxucu auditoriyası böyükdür. Siz Türkiyə və Rusiyanın əhali sayına baxın, yəni bütün bu amillər hamısı təsir edir. Bir vacib məqam var, Azərbaycanda maraqlı qəzet çıxaran varmı? Mən maraqla həmin qəzetin çapdan çıxmağını gözləyirəm. Vaxtıyla “Alma” qəzeti çıxırdı və hər həftəsonu onu oxumaq üçün gözləyirdim.


– Bəlkə maraqlı dediyiniz qəzeti çıxmağa qoymadılar?

-Yox, elə deyil.


– Ona görə bu sualı verirəm ki, siz əhali sayına toxundunuz. Azərbaycanın 10 milyon əhalisi var. 3 Baltik respublikasının birgə 7.5 milyon əhalisi var. Azərbaycandan fərqli olaraq həmin ölkələrdə çap mediası qalır və dövlət də reklam bazarını genişləndirib. Vəziyyət sizə aydındırmı?

– Siz haqlısınız. Əminəm ki, bunu siyasi məsələlərlə bağlayacaqsınız. Amma məsələ ondadır ki, Azərbaycanda yalnız qəzet sənayesi bu halda deyil. Deyə bilərsiniz ki, Gürcüstanda əhalinin sayı daha azdır, amma orda teatrlar bizdən qat-qat çox inkişaf edib. Amma Azərbaycanda teatra dövlət dəstəyi də var, binalar təmir olunub təhvil verilib, amma teatrlar inkişaf etmir.


– ADO teatrına dediyiniz dəstək verilmir…

– Amma o bir dənədir də, onun da auditoriyası çox geniş deyil axı… Seçmə tamaşaçıları var.


– Media prinsiplərinə görə, jurnalist tərəfini bəlli etməməlidir, amma siz daim iqtidara yaxın olduğunuzu gizlətmirsiniz və İlham Əliyevi də dəstəklədiyinizi açıq şəkildə dediniz. Belə olan halda oxucu niyə sizin obyektivliyinizə inanmalıdır?

– Bilirsiniz, bugünkü oxucu o qədər ağıllı və dünyagörüşlüdür ki, ona nəyisə inandırmağa ehtiyac yoxdur. Oxucu özü ağla qaranı çox yaxşı seçir. Amma söhbət tərəfə gəlincə, mən burda qeyri-adi bir şey görmürəm. Yenə deyirəm, bütün dünyada, istənilən ölkəni götürək, Türkiyədə, ABŞ-da bəlli mövqeləri olan kifayət qədər media orqanı var və bu, orda normal qəbul olunur. Bizdə çox yanlış yanaşma var. Niyə siz konkret olaraq iqtidaryönlü və müxalifətyönlü mediaya bölürsünüz?


– Onu biz bölmürük, Azərbaycan dövlət televiziyası konstruktiv və dekonstruktiv mediadan danışır…

– Mən bir köşə yazarı olaraq bunu seçirəm. Siz isə tamam fərqli yol seçmisiniz. Bunun özü də demokratiya göstəricisidir. Demokratiya göstəricisi olmasaydı, heç Meydan TV olmazdı.



Amma insanlar gerçəkliyə və sizin mövqeyinizə baxanda təzadı görür…

– Niyə təzad var? Bu, mənim seçimimdir, düşünürəm ki, kifayət qədər düzgün yoldayam. Baxın, bu gün Azərbaycanda böyük əksəriyyət mənim kimi düşünür.


– Hansı sosial sorğuya əsasən deyirsiniz ki, böyük əksəriyyət sizin kimi düşünür?

– Bilirsiniz, mən axı jurnalistəm, öz araşdırmalarıma əsasən deyirəm, böyük bir media şirkətinin rəhbəriyəm, oxucularımın münasibətindən görürəm. Sosial şəbəkələrin mövcudluğu istənilən sosial sorğu şirkətini kölgədə qoyur. Yəni orda Azərbaycan Prezidentinin, hakimiyyətinin reytinqini də görə bilərsiniz. Siz təsəvvür edin, biz 30 ildir gözlədiyimiz qələbəyə nail olmuşuq, Qarabağ işğaldan azad olunub, 3 rayon heç bir güllə atılmadan azad edilib. Bütün bunlar da Prezident İlham Əliyevin uğurudur, mən onu necə dəstəkləməyim?!



Ötən ilin iyulunda Dövlət Gömrük Komitəsi press-relizlərinin yayımlanması üçün "Gündəlik Teleqraf" MMC-yə 12.000 manat pul verib. Bir media orqanının dövlət qurumundan pul alması onu asılı vəziyyətə salmırmı?

– Qətiyyən asılı vəziyyətə salmır, çünki burda qeyri-qanuni heç nə yoxdur. Azərbaycan qanunvericiliyinə görə dövlət qurumları büdcədən ayrılan vəsaitin 1 faizi həcmində mediaya reklam verə bilərlər. Dövlət Gömrük Komitəsinin elan etdiyi tenderdə onların yaydığı məlumatların məhz mediada işıqlandırılması nəzərdə tutulurdu.


– Tender şəffaf keçirilibmi?

– Kifayət qədər şəffaf keçirilib. Məsələn, “Modern.az” kifayət qədər müstəqil media orqanıdır və tenderdə qalib gəlib. İndi adlarını xatırlamıram, amma digər media qurumları da qalib olub. Axı siz nəyə əsasən deyirsiniz ki, biz onlardan reklam alırıqsa, tənqid vermirik? Yəni tənqid meydana gələndə, bizdə də tənqidi yazılar dərc olunur.


– Ölkədə azad sahibkarlıq boğulursa, reklam bazarından necə danışmaq olar? Bu, mənim gəldiyim qənaət deyil, iqtisadçılar da söylədiklərimi bölüşür…

– Bilirsiniz, bu, sizin yanaşmanızdır. Mən də kifayət qədər sahibkar tanıyıram ki, onlar vergi sahəsində şəffaflıqdan razılıq ifadə edirlər. Mənim yaxınlarım, ailə üzvlərim bizneslə məşğuldurlar, onlar belə bir problemlə üzləşmirlər. İnsanlar o zaman hay-küy salırlar ki, onların özlərinin fəaliyyətində hansısa problemlər olur, vergidən yayınmaq, yaxud gömrükdə hansısa maxinasiyalara yol verilməsini istəyirlər.


– Siz deyirsiniz ki, ölkədə hər şey şəffafdır?

– Yox, qətiyyən. Demirəm ki, ölkədə hər şey idealdır. Ümumiyyətlə, hər şeyin ideal olduğu ölkə yoxdur. İstənilən ölkənin vətəndaşlarına müraciət etsəniz, onlar nədənsə narazı olacaqlar. Amma siz bir şeyi nəzərə almırsınız ki, ölkə müharibədən çıxıb.



27 sentyabra qədər deyirdilər ki, “ölkə müharibə vəziyyətindədir”, indi də “müharibədən çıxıb” söyləyirsiniz. Bu bəhanələr uzun zaman davam edəcək?

– Bu, bəhanə deyil. 44 günlük müharibə bizə onu göstərdi ki, Azərbaycan son 20 ildə məhz müharibəyə hazırlaşıb. Asan bir məsələ deyildi, bütün dünya Ermənistanı dəstəkləyirdi, amma qısa müddətdə – 44 gündə ərazilərimizi işğaldan azad etdik. Hansı ki, 30 il işğaldaydı, ermənilər necə istehkamlar qurmuşdular, onların necə siyasi dəstəyi vardı. Amma biz bütün bunların hamısını dağıdıb qələbəni əldə etdik.


– Azərbaycan əsgərinin hesabına…

– Bəs kimin hesabına? Bəli, ordunun. Azərbaycan ordusu da dövlətindir. Orduya kim rəhbərlik edir? Ali Baş Komandan. Ali Baş Komandan da İlham Əliyevdir.


– Sizin cəbhədən qayıdan əsgərlərin şikayətlərindən xəbəriniz olur?

– Bilirsiniz, gəlin, məsələyə qərəzli yanaşmayaq.


– Mən qərəzli yanaşmıram, soruşuram şikayətlərdən xəbəriniz var?

– Sizin təmsil etdiyiniz Meydan TV-ni izləyirəm, orda qazilərin, müharibə iştirakçılarının şikayətlərini də görürəm. Amma məsələ ondadır ki, siz heç vaxt xeyirxah hərəkəti, müsbət addımları işıqlandırmırsınız, amma şikayət tapanda məhz onu qabardırsınız.


– Həmin şikayətlər niyə bizə gəlir, sizə gəlmir?

– Yox, bizə də gəlir.


– İşıqlandırırsınızmı?

– Bəli, onları lazımi dövlət qurumlarına yönəldirik.


– Aynur xanım, siz deyirsiniz ki, tənqidi media olmasın?

– Bilirsiniz, mən bu yaxınlarda “ASAN-Xidmət”də oldum “YAŞAT” Fondunun rəhbərliyilə görüşdüm. Siz bir dəfə gedib onlarla görüşün, yaxud sorğu verin, çox xahiş edirəm. Görəcəksiniz ki, yüzlərlə, minlərlə, hətta on minlərlə qazimizə dəstək olunub, onların məişət problemləri həll edilib, övladlarının təhsil haqqı ödənilib, müalicə xərcləri verilib. Bilirsiniz, bir qazinin şikayətini əsas götürüb hər şeyi qaralamaq olmaz.


– Yox, hər şeyi qaralamırıq. Biz hər hansı problemi işıqlandıranda, qarşı tərəfə də müraciət edirik. Təəssüf ki, hər dəfə cavab ala bilmirik, çünki zənglərimizə cavab vermirlər. Keçək növbəti suala, Avropa Şurasına qəbul olunanda Azərbaycanın götürdüyü öhdəliklərdən biri məhz medianın müstəqilliyi idi. Bu, o deməkdir ki, media hökumətdən dəstək almamalıdır, yalnız fondlardan və reklam bazarından maliyyələşə bilər. Amma sizin rəhbərlik etdiyiniz saytlar qeyri-rəsmi olaraq da hökumətdən maliyyələşir. Niyə bu yolu tutdunuz?

– Siz sualı elə qoyursunuz ki, sanki bizim maliyyələşməyimiz prosesində iştirak etmisiniz, o prosesdə hər şeyi gözünüzlə görmüsünüz və mənə meydan oxuyursunuz. Ki, biz hökumətdən maliyyələşirsiniz.


– Mən sual verirəm.

– Mən hökumətdən maliyyələşmirəm. Siz gəlib redaksiyamızda olsanız, şahidi olarsınız ki, bizim fantastik maliyyə imkanlarımız yoxdur. Hətta mənim ofisimdə sizin malik olduğunuz kameralar belə yoxdur ki, çəkilişlər aparaq. Biz çəkiliş aparanda iki kiçik kameranı icarəyə götürürük. Maaşlarımız Azərbaycan mediasında ən aşağı maaşdır, hətta sizdən belə aşağı maaş alır əməkdaşlarımız. Hətta bizim elə fantastik imkanlarımız yoxdur ki, kimsə hökumətin, yaxud hansısa qüvvənin dəstək verdiyini düşünsün.


– Bəs ofis saxlamaq, işçilər… Bunun üçün vəsaiti hardan alırsınız?

– Bilirsiniz, dəstək olur, amma bu, bizim dostlarımızın dəstəyidir, hakimiyyətdən gələn dəstək deyil. Təbii ki, mənim ailə üzvlərimin də mənə köməyi var, reklam gəlirlərimiz də var.


– Aynur xanım, Azərbaycanda reklam bazarı azaddırmı?

– Azərbaycanda reklam bazarı çox təəssüflər ki, həddən artıq kiçikdir. Məsələ ondadır ki, biz fəaliyyətimizi reklam bazarına da arxayın olub qura bilmərik. Məsələnin digər tərəfi isə odur ki, Azərbaycanda reklamçılar saytlara və qəzetlərə yox, məhz televiziyalara üstünlük verirlər, bu, çox yanlışdır. Bizim media menecerlərimiz dəfələrlə tanınmış şirkətlərə müraciət etsələr də, onlar televiziyalarla işləməyə üstünlük verirlər. Bax, bu cür problemlər var, yoxsa hansısa qısıltmalardan, qadağalardan söhbət gedə bilməz.


– Bir zamanlar dəstəklədiyiniz Əli Həsənov vəzifəsindən uzaqlaşdırıldı. Sonra rəhbərlik etdiyiniz saytlarda Həsənovun sizi şantaj etdiyi yazıldı. Ancaq sizə Ali Media Mükafatını da elə Həsənov verib. Necə oldu ki, o, vəzifədən uzaqlaşdırılandan sonra münasibətiniz pozuldu? Yoxsa siz də ümumi tənqid axınına qoşuldunuz?

– Bax, bunun özü çox yanlış yanaşmadır. Məsələ ondadır ki, mən Əli Həsənovu heç vaxt dəstəkləməmişəm. Mən Prezidentin ictimai-siyasi işlər üzrə köməkçisi ilə işimizlə bağlı olaraq işləməli olmuşam, bu, tamam başqa məsələdir. Orda Əli Həsənov da, Həsən Məmmədov da ola bilərdi. Yəni Əli Həsənov sırf icraçıdır. Axı söhbətin əvvəlində açıq şəkildə dedim ki, mən Prezident İlham Əliyevin siyasətini dəstəkləyirəm, bunu gizlətmirəm. Və bu siyasəti icra edən məmurlarla iş çərçivəsində mənim münasibətim də ola bilər, əlaqələrim də. Kiminsə vəzifədə olması, vəzifədən getməsi, bunun bizə heç bir aidiyyatı yoxdur. Ali Media Mükafatını da mənə Əli Həsənov yox, Prezident İlham Əliyev vermişdi. Əli Həsənov vəzifədən gedəndən sonra mən “Tərəqqi” medalını aldım.


– Əli Həsənovun işlədiyi dövrdə Azərbaycan mətbuatının durumunu necə qiymətləndirirsiniz?

– Düzünü bilmək istəyirsinizsə, çox təəssüflər olsun ki, onun işlədiyi dövrün hansısa uğurlarından danışa bilməyəcəyik. Yəni ortada elə bir nümunə var: KİVDF. Çox təəssüf ki, onun fəaliyyətindən Azərbaycan mediasının inkişafı üçün istifadə olunmadı. Yəni çap medianın inkişafından danışa bilmərik, təəssüf ki, Azərbaycanda qəzetlər “Azərtac”ın “kopya”lanmasından irəli getmədi. Biz deyirik qəzet oxuyan yoxdur, çünki ölkədə maraqlı, rəngli qəzet yoxdur. Təsəvvür edin ki, 2021-ci ildə Azərbaycanda rəgli qəzet çıxmır. Halbuki, bu sahəyə milyonlarla manat dövlət vəsaiti xərclənib.


– Baxın, sizi izləyən tamaşaçı deməz ki, Aynur Camalqızı Əli Həsənov niyə vəzifədə olanda bu barədə danışmırdı, susurdu?

– Yox, məsələ ondadır ki, bizim media orqanlarını izləmirsiniz. Mən dəfələrlə bu məsələləri qaldırmışam. Təbii ki, mən yazanda Əli Həsənovu təhqir edərək, söyərək deməmişəm.

Siz problemləri nəzərdə tutursunuzsa, mən onları qaldırmışam, ölkədə yaxşı qəzet çıxarılmamasını qeyd etmişəm. Mən dövlət orqanlarının, nazirlik və komitələrin bir və bir neçə qəzet saxlamasının, çıxarmasının əleyhinə olmuşam. Dəfələrlə demişəm ki, nazirlik bir qəzet, iki jurnal, sayt saxlamaq əvəzinə ayrılan vəsaitlərin cüzi bir hissəsini mediaya reklam şəklində yönəltsə, həm özləri, həm də biz xeyir görərik. Çünki nə boyda böyük vəsaitlər xərclənir.


– Deməli, korrupsiya vardı da…

– Yox, bu, korrupsiya deyil. Sadəcə, sovetdən qalma ənənələr var ki, biz hələ tamamilə onlardan çıxa bilməmişik.



O zaman Respublika Prokurorluğunun Vüqar Səfərli barədə yaydığı məlumatda 6 milyon manata yaxın vəsaitin mənimsənilməsi hardan çıxdı? Az pul deyil…

– Qətiyyən, az pul deyil. Əlbəttə, çox böyük rəqəmdir və əgər bunlar mediadan oğurlanıbsa, biz niyə medianın bu vəziyyətdə olmasına təəccüblənməməliyik? Bu, cinayət hadisəsidir, düşünürəm ki, cinayət təsdiq olunacaqsa, buna şübhəm də yoxdur, cinayətkarlar öz cəzalarını alacaqlar. Yəni bu, xoşagəlməz hadisədir, medianın üzərinə ləkə salan hadisədir, amma eyni zamanda, media nümayəndələrinin günahı deyil. Bu, elə bayaq adını çəkdiyiniz Əli Həsənovun günahıdır ki, onun kadrları maxinasiyalara, korrupsiyalara yol verib.


– Rəqibləriniz və ya sizi sevməyənlər hədəfə alanda daha çox məşhur üzük məsələsini gündəmə gətirirlər. Söyləntilərə görə, siz demisiz ki, kim Heydər Əliyevin ölüm xəbərini gətirsə, nişan üzüyünüzü ona bağışlayacaqsınız. Həmin üzüyün aqibəti necə oldu?

– Bilirsiniz, siz məni çoxdan tanıyırsınız, uzun illər hətta bir yerdə də işləmişik. Mən “Yeni Müsavat” qəzetində işləyəndə də bilirdim ki, köşələrimi oxuyursunuz. Əminən ki, elə bir yazı oxumamısınız, çünki elə bir yazı olmayıb, yəni mən yazım ki, nişan üzüyümü hədiyyə verəcəm.


– Axı AXCP mətbuat xidmətinin rəhbəri Natiq Adilov bu barədə köşənin şəklin də yaymışdı…

– Yox, başqa yazılarımı yayıb, haqlısınız, amma həmin yazı yoxdur. Varsa, mənə göstərin, elə bir yazı yoxdur, çünki yazılmayıb.


– Od olmasa tüstü çıxmaz axı, deməli, nəsə olub ki, söyləyirlər…

– “Yeni Müsavat” qəzetinin arxivi var və hər nömrə 4 nüsxədə saxlanılır. Çox xahiş edirəm, Rauf Arifoğluna müraciət edin, 2000-2005-ci illərdə işləmişəm, axtarın, əgər tapsanız, yayın və mən sizdən üzr istəməyə hazıram. Çünki belə bir yazı olmayıb. Bu, mənim rəqiblərimin uydurmasıdır. Mümkün də deyildi, o zaman mənim nişan üzüyüm də yox idi ki, nişan üzüyümü verəcəm deyə yazım. Bir qız nişan üzüyündən danışırsa, o, nişanlı olmalıdır. Əgər nişan üzüyü yoxdursa, mən nəyi hədiyyə verə bilərdim?


– Siz mövqeyinizi dəyişib hakimiyyətə keçəndə əvvəlki yazılarınızın hamısından imtina etdiniz, amma ətrafınız həmin dövrdə də sizi tanınmış jurnalist kimi təqdim edirdi. Yazısından imtina edən adam necə jurnalist kimi təqdim oluna bilər?

– Siz məsələlərə niyə bu cür yanaşırsınız? Bilirsiniz, həddən artıq yanlış yanaşmadır, gəlin qəbul edək ki, yalnız ölülər fikirlərini dəyişmirlər. Əgər mən nədəsə səhv etdiyimi anlayıb onu etiraf edirəmsə, bunu qiymətləndirmək yerimə əleyhimə istifadə etmək çox yanlışdır.


– 10-15 il sonra bu gün danışdıqlarınızın da səhv olduğunu deməyəcəksiniz ki?

– Yox, əmin edirəm ki, belə bir şey olmayacaq. Çünki mənim 15 il əvvəl gəldiyim nəticəyə Azərbaycan xalqı bütövlükdə gəlib. Ona görə də düşünmürəm ki, belə bir şey olacaq.


– Amma rusların “heç vaxt heç vaxt demə” deyimi də var…

– Düzdür, elə bir şey də var. Amma mən sizə Azərbaycan reallığından danışmaz istəyirəm, 15 il öncə dediklərimin hamısı reallaşdı. Mən başqa daha nə istəyə bilərəm?! Mən siyasətə, jurnalistikaya niyə gəlmişdim? Qarabağın azadlığı üçün. Qarabağ da artıq azad olundu, mən daha nə istəyə bilərəm?


– Xankəndində, Xocalıda Azərbaycan bayrağı hələ dalğalanmır…

– Natiq, bunlar hamısı olacaq, biz 30 il gözləmişik, amma 30 gün gözləmək istəmirik.


– Siz inanırsınız ki, həmin bölgələrdə azad seçki keçiriləcək?

– Həmin bölgələrdə Azərbaycan bayrağı dalğalanacaq, ermənilər Azərbaycan vətəndaşları kimi yaşayacaqlar. Kifayət qədər normal seçkilər də keçiriləcək, hətta ermənilər istəsələr, o seçkilərdə iştirak edəcəklər, sizin buna qəti şəkildə şübhəniz olmasın.


– Sizinlə bağlı deyirlər ki, “Yeni Müsavat”da hadisədən 1 neçə saat əvvəl baş verməmiş olay haqqında yazırdınız. Hətta siz deputat seçiləndən sonra Xalid Kazımlı “Gündəlik Azərbaycan”da bir köşə yazmışdı. Yazırdı ki, axşam 6-da olacaq aksiyadan yazmağı tapşırıblar, saat 2-də həmin aksiyaya həsr olunmuş yazı yazmısız. İndi necə, elə bir yazılar gələndə, geri qaytarırsınız, yoxsa dərc edirsiniz?

– Bilirsiniz, bunun özü bir istedad göstəricisidir, burda utanılası bir şey yoxdur və həmin hadisə həqiqətən də olub. 2005-ci ildə mən deputat seçiləndən sonra Xalid Kazımlı bu barədə köşə də yazıb, oxumuşam. Əslində, bu, bir zarafat idi, Xalid bəy də söhbətdə iştirak etdiyindən məlumatlıydı. Mən jurnalistikaya yeni gələndə, yaşca böyüklər danışırdı ki, vaxtıyla “Baku” qəzetində işləyən Nüsrət Kəsəmənliyə baş redaktor, mərhum Nəsir İmanquliyev tapşırıq verir, Rusiyadan gələn tanınmış mədəniyyət xadimindən müsahibə alsın. Nüsrət Kəsəmənli tapşırığı alır, amma gedir dostlarıyla yeyib-içməyə, sonra da gedib həmin mədəniyyət xadimindın çox gözəl bir müsahibə yazır, səhəri gün müsahibəni Nəsir müəllimə təqdim edir. Nəsir İmanquliyev də müsahibənin necə keçdiyini soruşur, Nüsrət Kəsəmənli də deyir ki, çox həvəslə suallarını cavablandırıb. Nəsir müəllim bu anda söyləyir ki, mədəniyyət xadimi qəflətən səhhətində problemlər yarandığından Bakıya gəlməyib, yəni səfər təxirə salınıb. Bu hadisəni mənə danışmışdılar, elə həmin gün müsavatçı gənclərin “Sahil” bağında aksiyası olmalıydı, onda Xalid bəyə zarafatla dedim ki, təxminən orda nələr olacağını bilirəm, ona görə də yazımı əvvəlcədən yazıb redaksiyaya qoyub gedəcəm. Elə də etdim, aksiya oldu və mən yazdığım kimi də oldu.



Bəs özünüzə belə yazılar gəlirmi?

– Yox, mənim özümə belə yazılar gəlmir. Çox təəssüflər olsun ki, jurnalistika məktəbi qəzetçilik məktəbilə birlikdə uğursuzluğa düçar olub. Qəzet özü bir məktəb idi, bəzən olurdu ki, jurnalistika fakultəsini bitirməyən gənclər gəlirdilər qəzetdə yetişib, çox istedadlı, imzalı, səsli-küylü jurnalistlərə çevrilirdilər. Amma indi jurnalistika fakultəsini bitirib gələn jurnalistlərdən yaxşı jurnalist yetişdirmək çətin olub. Təəssüf ki, bu gün Azərbaycanda barmaqla sayılacaq qədər yaxşı jurnalist var.


– “Axar.az”, “



publika.az



” əməkdaşları da jurnalistlərin binasından ev alıb. İndi də KİVDF rəhbərinə qarşı mənimsəmə ittihamıyla cinayət işi açılıb. Bu qədər qanunsuzluğun içində o evlərdə oturub necə obyektiv jurnalist olmaq mümkündür?

– Əvvəla, “

axar.az

” saytının heç bir əməkdaşı tikilən binadan ev almayıb.


– Yaxşı, holdinqin deyək…

– Ümumiyyətlə, jurnalistlərlə bağlı mükafatlandırma…



Mənzil alan olubmu?

– “Axar.az” saytının adı olmayıb. Bütövlükdə götürdükdə bizim əməkdaşlarımız “Gündəlik Telegraf” qəzetinin, “

telegraf.com

”, “

publika.az

” saytının əməkdaşları mənzil alıblar. Amma mən bu düşüncədəyəm ki, onların aldığı mənzilin Vüqar Səfərlinin etdiyi cinayətlə heç bir əlaqəsi yoxdur. Bu insanlar zəhmətkeş insanlardır, uzun illər mediada təcrübə toplamış, öz qələmləriylə ucalıblar. Onlar Prezident İlham Əliyevin sərəncamıyla tikilən binada məhz dövlət başçısının imzasıyla evə sahib olublar. Yəni onlar heç bir korrupsiya faktında iştirak etməyiblərsə, Prezidentin hədiyyəsindən nəyə görə imtina etməlidirlər?!


– Ortada 6 milyon manata yaxın mənimsəmə var…

– 6 milyonun o jurnalistlərə nə aidiyyatı var?



Həmin binalardan oğurlanmış vəsaitdir…

– Sizin yaşadığınız binada oğurluq faktı çıxsa, imtina edəcəksiniz?



Mən atamın sovet dövründə aldığı mənzildə yaşayıram, hökumətdən ev almamışam.

– Allah köməyiniz olsun. Əgər açılsa ki, o bina da tikiləndə hansısa maxinasiyalara yol verilibdir, siz ondan imtina edəcəksiniz?



30 ildən çox keçib, hələ heç nə açılmayıb.

– Misal üçün deyirəm.


– Aynur xanım, mən ortada olan faktı xatırlatdım, Respublika Prokurorluğu məlumat yayıb bu barədə.

– Yaxud jurnalistlərin binasında sizə ev verilsəydi, almazdınız?



Mən almazdım.

– İmtina edəcəksiniz?



Bəli.

– Verilməyib, ona görə belə deyirsiniz.



Xeyr. Jurnalist hökumətdən niyə mənzil almalıdır?!

– Dövlətin büdcəsiylə tikilib, rüşvət deyil ki…


– Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliyə əsasən medianın maliyyəsi şəffaf olmalıdır. Ümumiyyətlə, harda görünüb ki, jurnalist hökumətdən mənzil alsın, bir nümunə göstərə bilərsinizmi? Gürcüstanda, yoxsa Türkiyədə belə nümunə olub?

– Azadlıq Radiosu maliyyəni hardan alır?



ABŞ Konqresindən.

– Konqres dövlət deyil?



Konqresdə deputatlar oturub, onlar Amerika cəmiyyətinin səs verdiyi insanlardır.

– Deputatlar o pulu şəxsi büdcələrindən verirlər? Yox.



ABŞ-da vergi var, hər şey şəffafdır. Amma bizdə məlum oldu ki, jurnalistlərə verilən binaların inşasında 6 milyon manata yaxın mənimsəmə olub.

– Ay Natiq, bizim büdcəmiz də vergilərdən formalaşır da. O binada Azərbaycan büdcəsinin hesabına tikilən binadır, fərqi nədir? O zaman Azadlıq Radiosu fəaliyyətini dayandırsın və desin ki, verilən maliyyəni istəmir. Bu, eyni şeydir də.



Konqresmenləri xalq seçib…

– Nə dəxli var?



Siz bu məsələni ayıra bilmirsiniz?

– Azərbaycan dövlətinin büdcəsi nədən formalaşır, həmin vergidən formalaşmır, həmin şey deyil?! Deyirsiniz ki, onları xalq seçib, bəs bizi kim seçib?


– Bu yaxınlarda maliyyə naziri Samir Şərifovun büdcədə 89 milyon manat artıq ödənişlərin aşkarlanması barədə dediklərini eşitdiniz. Təsəvvür edirsinizmi, nə qədər belə hallar var?

– Mənim əlimdə belə fakt yoxdur. Əgər belə fakt varsa, Azərbaycan məhkəmələri, hüquq-mühafizə orqanları var, bu qədər həbsləri görürüsünüz də. Korrupsiya faktı aşkararlananda təbii ki, onlar məsuliyyətə cəlb olunurlar. Sabiq nazir Səlim Müslümov niyə həbs olundu? Deməli, belə faktlar üstü açıldı və həbs olundu. Burda təəccüblü nə var, ABŞ-da da, burda da olsaydı, eyni ssenari olacaqdı.



Bax, vaxtilə indi adını çəkdiyiniz Azadlıq Radiosu, tənqidi medianın işçiləri həmin məmurların fəaliyyətindən yazdıqlarına görə məhkəməyə verilib və tutulanlar da olub.

– Media, jurnalistlik fəaliyyətinə görə Azərbaycanda heç kəs həbs olunmayıb. Mən bunu birmənalı deyirəm. Başqa hansısa cinayət faktına görə həbs olunursa, nə fərqi var, o kosmonavtdır, yoxsa jurnalistdir?



Yazıya görə həbs olunan var…

– Kim həbs olunub?



Eynulla Fətullayev yazısına görə həbs olunmuşdu və Avropa Məhkəməsinin qərarında da belə göstərilib.

– Avropa Məhkəməsinin qərarı ola bilər, amma Azərbaycan məhkəməsinin…


– Bəli, Azərbaycan Ali Məhkəməsi də həmin qərarı tanıdı.

– Bilirsiniz, bir və ya bir neçə fakt ola bilər.



Deməli, fakt var da. Amma siz ümumiyyətlə, olmadığını deyirdiniz…

– Məsələ burasındadır ki, siz bu gün Eynulla Fətullayevi də qəbul etmirsiniz. Halbuki, vaxtilə onu müdafiə edirdiniz.


– Bəli, mən dünənki səngərimdə qalmışam, tənqidi mediadayam, o başqa məsələdir. Aynur xanım, yekuna gələk, sifarişli yazıların əksəriyyəti rəhbərlik etdiyiniz media orqanlarında dərc olunub. Siz bunların dərcindən imtina edə bilmirsiniz, yoxsa özünüzün marağındadır?

– Hansı yazılardır, misallar göstərə bilərsiniz?



Məsələn, müxalifətlə bağlı…

– Axı siz niyə elə düşünürsünüz ki, müxalifətlə bağlı mənə sifarişlər gəlir? Mənim mövqeyim belədir və yazıram. O zaman mənə sifariş olunmağa nə ehtiyac var? Bilirsiniz, suallarınızı dinləyirəm, hesab edirsiniz ki, bütün hədləri, sərhədləri aşa bilərsiniz?


– Biz sərhədləri aşmırıq axı…

– Radikallıq hələ tənqidçi olmaq deyil. Əlinizdə hansı əsasınız var? Mən müxalifətdən yazıramsa, deməli, mənə sifariş gəlib? Yaxşı, siz iqtidarın əleyhinə yazı verirsiniz, bu, sifarişdir?



Əleyhinə yazmırıq, mən gəlib Aynur Camalqızıdan müsahibə alıram və belə suallar verirəm. Tənqidi media olmalıdır da, azad mediasız məmləkət inkişaf edə bilməz.

– Var də. Siz niyə bu gün varsınız, sualları niyə verirsiniz? Deməli, demokratik ölkədə yaşayırıq ki, burda Meydan TV də,

axar.az

da, “Səs” qəzeti də var.


– Demokratik ölkə o zaman olur ki, orda azad seçki keçirilir…

– Bizim ölkədə də azad seçki var. Təbii ki, seçkinin nəticələri xoşumuza gəlməyə bilər, amma heç də hər şey bizim zövqümüzlə ölçülmür. Parlament seçkilərində mən də iştirak etmişəm, bəzən heç kəsin diqqətində olmayan elə insanlar gəlir önə çıxır ki, təəccüb içində qalırsan. Bu, seçicinin seçimidir. Çox təəssüf ki, bizim ölkədə seçicilərin dünyagörüşü hələ o səviyyədə inkişaf etməyib ki, ən layiqliyə səs versinlər. Bəzən olur ki, kimdənsə xoşları gəlir, ona səs verirlər.


– Günahkar seçicidir?

– Müəyyən hallarda bəli. Axı seçimi onlar edirlər.



Bəs qutuya bülletenləri dolduranlar?

– Çox təəssüflər ki, bəli, elə faktllar da var. Bəzən olur ki, normadan artıq xidmət göstərmək istəyən məmurlar bu zaman ortaya çıxır. “Youtube”də bugünlərdə qarşıma bir video çıxdı, xanım namizədi Allahın elçisi kimi təqdim edirdilər. Belə hadisələrə görə iqtidarı ittiham etmək olmaz, bu, hakimiyyətin günahı deyil, həmin insanın səviyyəsi, dünyagörüşü belədir.

Ana səhifəVideoAynur Camalqızı: Yalnız ölülər fikirlərini dəyişmir