Xəyal Rza: “Bankdan götürülən kredit bu ay qaytarılacaq”
“Azərbaycan Yazıçılar Birliyi nüfuzlu bir qurum olduğu üçün qurultayın keçirilməsi ilə əlaqədar birbaşa ölkə rəhbərliyinə müraciət edib. Müraciətimiz də təsdiqlənib”.
Bunu Meydan TV-yə Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza Mədəniyyət Nazirliyi tərəfindən AYB-nin XIII qurultayı ilə bağlı 203,6 min manatın ayrılmasına münasibət bildirərkən deyib.
O bildirib ki, pul artıq Mədəniyyət Nazirliyi vasitəsilə birliyin hesabına köçürülüb.
“Report”un məlumatında bildirilir ki, qurultayın keçirilməsi məsələsi ilə əlaqədar AYB tərəfindən birbaşa Mədəniyyət Nazirliyinə müraciət olunmayıb.
AYB-in qurultayının 2022-ci il sentyabrın 30-da keçirilməsi planlaşdırılsa da, daha sonra təxirə salınmışdı.
AYB sədri, Xalq yazıçısı Anar Rzayev “Qaynarinfo”ya açıqlamasında qurumun növbəti qurultayının keçirilməsi üçün kredit götürüldüyünü demişdi:
“Çünki bizə pul lazım idi. Pul ayırıblar, amma həmin maliyyə hesaba yatmayıb. Onun üçün də kredit götürdük. Pul hesaba yatandan sonra həmin maliyyə ilə də banka olan borcumuzu bağlayacayıq”.
Xəyal Rza deyir ki, AYB özlüyündə müstəqil qurumdur, Mədəniyyət Nazirliyinin büdcəsi isə yalnız öz layihə və planlarına uyğun edilir:
“Kredit götürmək məsələsinə gəlincə, bu, zaman-zaman olur. Azərbaycan Yazıçılar Birliyi müstəqil təşkilatdır, nə vaxtsa maliyyə sıxıntısı yaşayırsa, hansısa bankdan kredit götürülüb. Sonra məsələni necə həll etməsi – qurumun öz işidir. Bütün qurultay xərclərini 203,6 min manata uyğunlaşdırmışıq. Biz qurultayın işini başlamaq istəyirdik. Bilirsiniz ki, biletlər gündən-günə bahalaşır. Biletləri almaq lazım idi, gələn qonaqları yerbəyer edilməsi məsələsi də var. Ona görə qısa müddətlik belə bir addım atılıb. Yəqin ki, bu aydan pul qaytarılacaq”.
AYB-nin 2022-ci il oktyabrın 3-də keçirilən iclasında qərara alınıb ki, oktyabrın 15-də qurultayın dəqiq tarixi, oktyabrın 22-də isə qurultay nümayəndələrinin siyahısı “Ədəbiyyat qəzeti”ndə çap edilsin.
AYB-də qurultay beş ildən bir çağırılır.
Qurultay sonuncu dəfə 2014-cü ildə keçirilib.
2019-cu ildən bəri isə tədbirin pandemiya səbəbindən keçirilməsi mümkün olmayıb.