Ayasofyanın statusuna ediləcək dəyişiklik narazılıq yaradacaq

Hazırda Ayasofyanın taleyi Türkiyə məhkəməsinə həvalə edilib.

Source: Foto: google.az


Məhkəmə iyulun 2-də qərar verəcək

“İstanbulun altıncı əsrə aid Ayasofya muzeyini yenidən məscidə çevirmək müsəlmanlarla xristian icmaları arasında bölünməyə səbəb ola bilər”, – “Reuters” yazır ki, dünyanın pravoslav xristianlarının ruhani başçısı çərşənbə axşamı günü belə deyib.

1934-cü ildən bəri muzey kimi fəaliyyət göstərən Ayasofyanın məscidə çevrilərək müsəlmanların istifadəsinə verilməsi müzakirə edilir.

Hazırda Ayasofyanın taleyi Türkiyə məhkəməsinə həvalə edilib. Türk köşə yazarları məhkəmənin qərarı Prezident Rəcəb Tayyib Ərdoğanın ixtiyarına verəcəyini deyirlər.

Ərdoğan həm xristian Bizans, həm də müsəlman Osmanlı imperatorluqlarının mərkəzində yer alan və bu gün Türkiyənin ən çox ziyarət edilən abidələrindən biri olan, YUNESKO-nun Dünya İrsi Siyahısına daxil olan abidənin məscidə çevrilməsini təklif edib.

Məhkəmə iyulun 2-də keçiriləcək.

Ayasofya Mustafa Kamal Atatürkün zamanında, müasir dünyəvi türk dövlətinin ilk illərində – 1934-cü ildə muzeyə çevrilib.

“Ayasofyanın məscidə çevrilməsi dünyada milyonlarla xristianı məyus edəcək”,- İstanbulda yerləşmiş Ortodoks Patriarx Bartolomey deyib.

Ayasofya 900 il boyunca xristian dünyasının ən böyük kilsəsi və 1453-cü ildə İstanbulun Osmanlı imperatorluğu tərəfindən fəthindən sonra 500 il ərzində İslamın ən böyük məscidlərindən biri olaraq Şərq və Qərbin qucaqlaşdığı mərkəz hesab edilir.

“Onun statusunun dəyişdirilməsi bəşəriyyətin COVİD-19 pandemiyası səbəbindən hər zamankindən daha çox birliyə ehtiyac duyduğu bir zamanda bu iki dünyanı parçalayacaq”,-Bartolomey deyib.

Ana səhifəDünyaAyasofyanın statusuna ediləcək dəyişiklik narazılıq yaradacaq