Ay qonşu, su ver, aparıb içim…

“Bolluq” yaşayış massivinin sakinləri “Azərsu” ASC-nin əməkdaşları ilə mübahisə edirlər. İşçiləri inandırmağa çalışırlar ki, onların evinə də su çəkilə bilər.

– Keçən dəfə “Azərsu”nun əməkdaşı gəlib bizə deyir ki, sizə 2035-ci ildə su çəkiləcək. 200 metr ərazi üçün 17 il gözləməliyik?

– Ola bilməz, o, “Azərsu”nun əməkdaşı olsun.

– Xeyr, dəqiq “Azərsu”nun işçisi idi.

Xəzər rayonunun Binə qəsəbəsi “Bolluq” yaşayış massivinin əhalisi ömürboyu sudan əziyyət çəkib. Qəsəbəyə may ayından başlayaraq su xətti çəkilsə də, layihə bütün küçələri əhatə etməyib. Nəhayət, əhali öz vəsaitləri hesabına evlərinə su çəkib, lakin 2 gün sonra “Azərsu” ASC-nin əməkdaşları gəlib, çəkilən xətti söküblər.

“Doğranıb tökülən turbalarımızdır. Öz vəsaitimizlə almışıq. Hamısını qırıb töküblər yerə. Niyə? Kasıb adamlardır da. Camaat güclə yığıb pulu. Axı ucuz bir şey də deyil. Hər evə 300 manatdan pul yığmışıq, turba alıb çəkmişik bura. Xəzər Rayonu Su Kanal İdarəsi gəlib sökür ki, qanunsuzdur. Əşi, bu qanunsuzdur, onda qanuni edin, olsun qanuni. Biz də pulumuzu verək, bilək ki, su işlədirik. Nə vaxta qədər olar, məhəllənin o başından vedrələri götür, gəl düş bu qonşuların qapısına. Ay qonşu, 2 vedrə su ver, aparıb içim. Ayda 2-3 maşın su alırıq. 25-30 manat hər maşına pul veririk. Haradandır bizim üçün? Nə qədər işləyirik, nə qədər maaş alırıq ki, hamısın da suya verək?”- sakin Eldəniz Məlikov deyir.

“Bax, su buracan gəlir. Buradan o yananı kəsiblər. Özü də camaat gör haradan bu pulu tapıb?! Səhər gedir, axşamacan kiminsə qapısında işləyib qazanır. Gətirib verir, bax, onun da qiyməti budur”, – sakin Böyükxan Mehdiyev deyir.

Əraziyə gələn Xəzər Rayonu Su Kanal İdarəsinin rəsi müavini Mehman Həşimov çəkilən xəttin qanunsuz olduğunu deyir.

“Layihədən kənar çəkiblər. Küçədən 1 nəfər tutub, ona çəkdiriblər. Bilmirsən, hansı materialdandır. Su qida mənbəyidir. Sabah kiminsə balası zəhərlənə bilər. “Azərsu”dan başqa heç kimin su xəttinə müdaxilə etməyə ixtiyarı yoxdur”.

Əhalidən pul alıb su xətti çəkmələrinə yardım edən Sərxan Dünyamalıyev layihəsiz iş görmələrini isə belə izah edir:

“Azərsu” onsuz da bu camaata heç vaxt layihə verməyəcəkdi. Onun üçün gərək hansısa VÖEN-li şirkət ola. Elə şirkətlər də, 300-500 manatlıq işə baş qoşmazlar”.

“Həyətdə ağaclar əkmişik, hamısı quruyub. Özü də deyirlər ki, təbiəti qoruyaq. Yaşıllıq edək, xəstəlik olmasın. Bu camaat qırılacaq axırda. Səhiyyə də yox, dünya yığılsa, yenə bu camaatı sağalda bilməyəcək. Kanal var burada. Camaat az qala o kanalın suyunu içsinlər. Daha başqa əlacları yoxdur”, – Afət Hüseynova deyir.

Xəzər rayonunun su təchizatının yaxşılaşdırılması məsələsi 2011-2013 və 2014-2016-cı illəri əhatə edən “Bakı şəhəri və ətrafının inkişafı” Dövlət Proqramına daxil edilib. Bundan başqa, 2017-ci ilin dövlət büdcəsindən 5 milyon 780 min manat “Azərsu” ASC-yə ayrılıb ki, Xəzərin Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su və kanalizasiya sistemləri yenidən qurulsun.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib ki, Binə qəsəbəsindəki əhaliyə təbii suyun verilməsi işlərinə başlanılıb, büdcədən vəsait ayrıldıqca, bu işlər davam etdirilir.

Sakinlər deyir ki, nə qədər Binə qəsəbəsində su yox idi, “Bolluq” sakinləri səslərini çıxarmır, gözləyirdilər. İndi onlara ağır gələn qonşuluqlarınadək gələn suya əllərinin çatmamasıdır.

Ana səhifəVideoAy qonşu, su ver, aparıb içim…