Ədalət Vəliyev partiya sədrləri ilə Şuşada

Mənbə: musavat.com

Başlıq: Ədalət Vəliyev partiya sədrləri ilə Şuşada

AXCP sədrinin müavini: Dialoqa gedən partiyalar "ağ yalan" danışırlar

Məqalə yeniləndi:  14 Oktyabr 2021

İqbal Ağazadə: “Hələ proses gedir, hələ danışmağı öyrənirik”

“Hökumət də iddia etmir ki, dialoqla problemləri aradan qaldırır. Ancaq əvvəlki illərlə müqayisədə mənzərə dəyişib, məsələn, siyasi məhbusların sayı, təzyiqlərin xarakterini götürdükdə, 44 günlük müharibədən sonra 50 faiz fərq var”.

Bunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu iqtidar-müxalifət dialoqu fonunda ölkədəki siyasi problemlərin hələ də həll edilmədiyi ilə bağlı səsləndirilən iddialara cavab verərkən deyib.

Ümid Partiyasının sədri İqbal Ağazadə Toplum TV-nin canlı debatında bildirib ki, hakimiyyətlə dialoqa gedən partiyalar təzyiqləri müəyyən qədər dayandırmağa çalışırlar.

Media və sosial şəbəkələrdəki müzakirələrdə isə bu fikirlər birmənalı qarşılanmır.

Məsələn, debatın digər opponenti Azər Qasımlı hesab edib ki, hakimiyyət dialoqda iştirak edən partiyalardan özünə müxalifət formalaşdırır və bu prosesdə iştirak etmək yanlışdır.

Dialoqu faydasız hesab edənlər iddia edirlər ki, AXCP sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun 13 il azadlıqdan məhrum edilməsi, siyasi fəal Bəxtiyar Hacıyevə qarşı şantajlar, jurnalist Anar Abdullanın 15 sutka inzibati həbs cəzası alması, həmçinin oktyabrın 13-də gənclərin YAP-ın qarşısındakı aksiyada saxlanılması və işgəncəyə məruz qalması təzyiqlərin davam etdiyini göstərir.

Bundan başqa, Azərbaycanın ifadə, sərbəst toplaşmaq, interternet azadlığı və digər siyasi azadlıqlar məsələsində bütün reytinqlərdə qonşu ölkələrdən geri qaldığı bildirilir.

Sərdar Cəlaloğlu

Sərdar Cəlaloğlu

Mənbə: ölkə.az

Sərdar Cəlaloğlu: “Radikal mübarizə ilə ciddi nailiyyət əldə edə bilmədik”

Sərdar Cəlaloğlu Meydan TV-yə deyib ki, hakimiyyət-müxalifət dialoqu problemləri birdəfəlik həll etmir: “Təbii ki, Azərbaycanda tam şəkildə demokratiya bərqərar olmayıb. Diqqət edin, müəyyən qruplara qarşı təzyiqlər qalır ki, bu da onların mövqeyindən irəli gəlir. Bizim partiya radikal mövqe tutmadığından elə bir təzyiq yoxdur. Bəli, bizim partiyamız əvvəllər küçələrə çıxıb aksiyalar keçirəndə həmin sərt münasibətlə qarşılaşırdıq. Təsəvvür edin ki, hər gün mitinq və piket keçirib hökuməti dəyişdirmək vəzifəsini qarşımıza məqsəd qoymuşduq. Hökumət də ona uyğun bizə müqavimət göstərirdi. 2005-ci ildən konstruktiv müxalifət mövqeyinə keçdik. Bu yanaşmada olan partiyalar daha çox ikinci dərəcəli məsələlərə əhəmiyyət verdiyindən o qədər də təhlükəli olmur. Amma digər qüvvələr açıq şəkildə radikal xətti apardıqlarından hökumət də eyni qaydada reaksiya verir. Radikallığın səbəbi odur ki, qanuni yollarla siyasi mübarizə effektsiz olanda, siyasi qüvvələr radikal mövqeyi seçirlər. Məncə, radikal qüvvələrə qarşı sərt münasibət yox, qanuni vasitələr seçilməlidir. Misal üçün, seçkilər keçirmək, Konstitusiyaya, “Siyasi partiyalar haqqında” Qanuna əməl etmək lazımdır. Amma biz hələlik bundan xeyli uzaqıq”.

Onun sözlərinə görə, konstruktiv müxalifətə keçməklə ona nail olublar ki, partiya üzvlərini evdən həbs edib aparmırlar: “Yaxud partiya üzvlərimizin cibinə narkotik maddə, evinə silah qoyub həbs etmirlər. İkinci, radikal mübarizə aparanda gördük ki, əhalinin çox az hissəsi dəstək verir və beynəlxalq dəstək isə heç yoxdur. Üçüncü, radikal mübarizə ilə ciddi nailiyyət əldə edə bilmədik və böyük itkilərə məruz qaldıq. Hazırda ən azı həmin itkilərə məruz qalmırıq, əslində, nəticə eynidir. Mən rasional düşünürəm, radikal yanaşmayla nəyəsə nail olmayıb itkilər verirəmsə, bu, axmaqlıqdır. Ən azı bu itkiləri vermədən, konstruktiv müxalifət yoluyla mübarizə aparmaq olar. Dünya da qloballaşıb, ölkələrdəki vəziyyət yalnız daxildəki qüvvələrin mövqeyindən asılı deyil. Ona görə şəraiti gözləmək lazımdır, həm də digər problemlərin həllində ciddi iş görməliyik. Son vaxtlar iqtidar-müxalifət arasında yaranan birliyin məqsədi ölkədəki problemləri müzakirə yoluyla həll etməkdir. Düzdür, hələ bu istiqamətdə addım atılmayıb”.

İqbal Ağazadə: “Azərbaycan müxalifəti masa arxasında oturub danışa bilmir”

Ümid Partiyasının sədri İqbal Ağazadə hazırkı mərhələni dialoqun nə əvvəli, nə də sonu sayır: “Hələ proses gedir, hələ danışmağı öyrənirik. Azərbaycan müxalifəti masa arxasında oturub danışa, yaxud müzakirə edə bilmir. Ümumiyyətlə, hələ indi-indi otururuq ki, görək, danışa bilirikmi?! İndi başlayan yeni mərhələdir, əgər uğur olacaqsa, lap yaxşı, yox, olmayacaqsa, prosesdir, hara qədər gedə bilər, cəmiyyət nə qazana bilər, görəcəyik. Hakimiyyət nə müxalifətin, nə də cəmiyyətin sözüylə seçki saxtakarlığının, insan haqlarının pozulmasını durdurur, nə də söz və mətbuat azadlığına basqıları dayandırır. Lakin mən bunları dünənə qədər ictimai şəkildə deyirdimsə, indi də hakimiyyətlə bir masa arxasında səsləndirirəm. Bu, yaxşı presdentdir. Görək, nə qədər davam edəcək, nəyi dayandıra biləcəyik, cəmiyyətə nə verə biləcəyik. Bu da artıq gələcəyin işidir. Zatən, Azərbaycan siyasətçiləri 27-30 ildir ki, cəmiyyətin demokratikləşməsi üçün çalışır. Amma heç kim işini yarımçıq qoyub getmir ki, alınmadı. Proses davam edir”.

Sülhəddin Əkbər

Sülhəddin Əkbər

Mənbə: Meydan Tv

Sülhəddin Əkbər: “Yaranmış dialoq vasitəsilə normal münasibətlərin əsası qoyulub”

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, yaranmış dialoq vasitəsilə normal münasibətlərin əsası qoyulub: “Partiyaların qeydiyyatı, ofislə təminatı gündəmdən çıxıb. İstənilən partiya sədri öz fikrini birbaşa Prezident Administrasiyasına konkret adamlar vasitəsilə çatdıra bilir. Dövlət başçısına istənilən təklifi çatdırmaq mümkündür. Amma bütün bunlarla birlikdə ən başlıca nail olduğumuz məsələ II Qarabağ savaşı zamanı siyasi birliyə nail olmaq idi”.

Sülhəddin Əkbər deyir ki, videokonfrans fotmatında keçirilən son görüşdə postmüharibə dövründə yeni mərhələyə daxil olduğumuzu vurğulayıb: “Dialoq da öz potensialını tükəndirdiyindən yeni məhələyə keçməliyik. Yeni mərhələnin də əsas tələblərindən biri ölkədə hərtərəfli demokratik islahatlaın aparılmasıdır. Yəni mən dediyiniz məsələləri yazılı və şifahi şəkildə hökumətə təqdim etmişəm”.

Seymur Həzi: “Məgər hökumət bizi öldürürdü, bunlar qoymadı?”

AXCP sədrinin müavini Seymur Həzi vurğulayıb ki, hakimiyyətlə dialoqun heç bir faydası yoxdur: “Dialoq belə fayda verirsə, hakim partiyanın qərargahı qarşısında həbs olunan gənclərin, Anar Abdullanın, Fuad Əhmədlinin, Müsavat Partiyasının Suraxanı rayon təşkilatının üzvünə 15, 20, 30 sutka niyə inzibati cəza verirdilər?“.

O hesab edir ki, dialoqda iştirak edən partiyalar cəmiyyətə yalan danışırlar: “Faydalıdırsa, Saleh Rüstəmlini, Niyaməddin Əhmədlini azadlığa çıxartsınlar. Əslində, onlar xalqın gözünə içinə “ağ yalan” danışırlar. Həbsxanalarda nə qədər siyasi məhbus var, hansı yumşaqlıq var? Məgər hökumət bizi öldürürdü, bunlar qoymadı?“.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bir neçə dəfə ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbəri görüşüb.

Sentyabrın 9-da keçirilən görüş “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda olub.

Hakimiyyət bunu iqtidar-müaxlifət dialoqu adlandırıt. Hətta ölkə başçısı İlham Əliyev də çıxışlarında qeyd edib ki, bu, yeni siyasi konfiqurasiyanın başlanğıcıdır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  14 Oktyabr 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/df6l9n

Ən çox baxılan