AXCP-nin daha iki fəalı həbs olundu

Karantin rejimində həbs edilən cəbhəçilərin sayı 10-a çatdı

Foto: Meydan TV


Karantin rejimində həbs edilən cəbhəçilərin sayı 10-a çatdı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha iki fəalı həbs olunub. Bu barədə Meydan TV-yə partiyadan verilən məlumatda deyilir ki, AXCP-nin Suraxanı şöbəsinin fəalı Arif Babayev və Xəzər şöbəsinin üzvü Əvəz Əhmədov aprelin 22-ə günorta saatlarında saxlanılıb.

AXCP-nin Xəzər rayon şöbəsinin Məclis sədri Mehriban Hüseynli deyib ki, üç uşaq atası olan Ə.Əhmədovu iş yerinin yaxınlığında mülki geyimli şəxslər maşına mindirib aparıblar: “Əvəz Əhmədov Binə qəsəbəsində yaşayır, yenicə işə düzəlmişdi. İş yerinin yaxınlığından 2 nəfər mülkü geyimli onu zorla maşına mindirib aparıb. Sonradan öyrəndik ki, Xəzər Rayon Məhkəməsi onun haqqında 20 sutkalıq həbs qərarı çıxarıb”.

M.Hüseynlinin sözlərinə görə, AXCP fəalının karantin rejimində işləmək üçün icazəsi olub. Məhkəmə onun haqqında İnzibati Xətalar Məcəlləsinin 510.1 (xırda xuliqanlıq) maddəsilə qərar çıxarıb.

Partiyanın digər fəalı Arif Babayevə gəlincə, Suraxanı Rayon Məhkəməsi ona İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ) maddəsilə 30 sutka həbs cəzası kəsib.

Qardaşı Elxan Babayev Meydan TV-yə bildirib ki, onu günorta saatlarında polislər gəlib evdən aparıblar: “Əvvəl Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşı evə zəng eləyib, anamdan Arifin evdə olub-olmadığını soruşub, guya yardım olunacaqmış. Üstündən on dəqiqə keçəndən sonra evə polislər gəlib, qardaşımı aparıblar”.

E.Babayevin sözlərinə görə, Suraxanı rayonu, 30-cu polis bölməsində qardaşına “Facebook”dakı paylaşımlarını irad tutublar: “Hökuməti tənqid edən paylaşımları vardı. Paylaşımlarından birində AXCP sədri Əli Kərimlinin internet və telefon əlaqələrinin məhdudlaşdırılmasını qınamışdı, ona dəstəyini ifadə etmişdi”.

E.Babayev deyir ki, cəmi bir səhifədən ibarət məhkəmə qərarında qardaşının İXM-nin 388-1.1 maddəsində nəzərdə tutulmuş pozuntunu törətdiyi yazılıb: “Amma bu pozuntunun nədə ifadə olunduğu, qardaşımın neylədiyi məlum deyil”.

A.Babayevin haqqındakı həbs qərarından apelyasiya şikayəti veriləcək.

Son 15 gündə həbs olunan AXCP fəallarının sayı 10 nəfərə çatıb. Onlardan 7-nə 30 sutka, ikisinə 20 sutka inzibati həbs cəzası verilib. AXCP-nin Salyan şöbəsinin fəalı Zamin Salayev isə polisin şikayətilə 2 il 3 ay azadlıqdan məhrum edilib. İnzibati qaydada həbs olunanlar arasında AXCP sədrinin köməkçisi Faiq Əmirli, ictimai əsaslarla mühafizəçiləri Ruslan Əmirov və Niyaməddin Əhmədov, gənc fəal Baba Süleymanov, Nicat Abdullazadə, Vüqar Əbilov, İslam İslamzadə də var.

AXCP-dən bildirilib ki, son 9 gündə partiya sədri Əli Kərimli və onunla birlikdə yaşayan ailə üzvlərinin də telefon və internet əlaqələri məhdudlaşdırılıb.

Partiya sədrinin müavini Seymur Həzi hesab edir ki, son günlərdə baş verənlər hakimiyyətin Ə.Kərimlinin təcridi ilə bağlı xüsusi planı olmasını sübut edir. Onun sözlərinə görə, son günlərdə həbs edilən cəbhəçilərin əksəriyyəti Ə.Kərimli ilə birbaşa əlaqədə olan şəxslərdir: “Hakimiyyətin planı Əli Kərimlini tam təcrid etməkdir. Onun xarici aləmlə nəinki internet, telefon, hətta fiziki əlaqəsini kəsirlər. Hakimiyyət ən yüksək səviyyədə həyata keçirdiyi əməliyyatlarla AXCP sədrini və partiyanı məhdudlaşdırmaq niyyəti güdür”.

Daxili İşlər Nazirliyi isə bu həbslərin müxalifətə qarşı repressiya kimi qiymətləndirilməsini “obyektivlikdən uzaq, dezinformasiya və cəmiyyəti çaşdırmaq cəhdi” adlandırı

Ana səhifəXəbərlərAXCP-nin daha iki fəalı həbs olundu