Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Abşeron rayon şöbəsinin sədri Əhməd Əhmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Əhmədov qızını döyməkdə təqsirləndirilir.
Bu barədə məlumatı Meydan TV-yə partiyadan təsdiqləyiblər.
Onların sözlərinə görə, qızı Əhmədovu şikayət etsə də, sonradan Abşeron Rayon Polis şöbəsinə gedərək şikayətini geri götürüb.
“Qızı sonradan polis şöbəsinə gedərək şikayətini geri götürüb. Deyib ki, əsəbi olmuşam amma atama qarşı heç bir şikayətim yoxdu. Yoldaşının sözlərinə görə, Əhmədovun AXCP-nin Abşeron rayon şöbəsinin sədri olduğunu bilndən sonra məsələni siyasiləşdirməyə çalışıblar”, – deyə partiyadan verilən məlumatda deyilir.
AXCP-dən verilən məlumata görə, Əhməd Əhmədov fevralın 3-də saxlanılıb. Bundan bir neçə gün sonra onun barəsində cinayət işi açılıb. Amma onun CM-nin hansı maddəsi ilə ittiham olunduğu bilinmir.
Hüquqşünas Fariz Namazlı deyir ki, ona qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işi açılıbsa, bu halda şikayət geri götürülübsə həbs qətimkan tədbiri seçilməyə bilir. Amma Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində şikayətin geri götürülməsi əhəmiyyət daşımır və bu halda həbs qətimkan tədbiri seçilə bilər.