Avtoritar rejim Avropanın mərkəzində hökumətə necə sızıb

VICE tərəfindən aparılan araşdırma az tanınan bir televiziya kanalının və böyük miqdarda pulun Azərbaycanın Almaniyadakı imicini düzəltmək üçün lobbiçilik strategiyasının bir hissəsi olduğunu ortaya çıxarıb.

Source: Vice



VICE tərəfindən aparılan araşdırma az tanınan bir televiziya kanalının və böyük miqdarda pulun Azərbaycanın Almaniyadakı imicini düzəltmək üçün lobbiçilik strategiyasının bir hissəsi olduğunu ortaya çıxarıb.



Müəlliflər:





Felix Dachsel











Robert Hofmann


Son zamanlar Angela Merkelin iqtidardakı mərkəzçi sağ ittifaqı Xristian Demokrat Birliyi ilə Xristian Sosial Birliyi arasında pandemiya ilə bağlı çəkişmələr və qalmaqallar üzə çıxıb. Ancaq mübahisəsiz ən böyük qalmaqal "Azərbaycan işi”dir.

VICE araşdırması ilə avtoritar rejimin mühafizəkar alman millət vəkilləri üzərində daha öncələri məlum olmayan təsirini üzə çıxara bilər. Neftlə zəngin olan və onu tənqid edənləri həbsə atan Azərbaycan hökuməti illərdir ki, Avropadakı imicini yaxşılaşdırmağa çalışır.

Azərbaycan buna idman tədbirlərinə sponsorluq etmək və siyasətçilərə rüşvət verməklə nail olur. Ancaq bu həmişə uğurla nəticələnmir. Məsələn, 2020-ci ildə Avropa Şurasının mühafizəkar italyan üzvü Luca Volontenin Azərbaycana qarşı veriləcək kritik qərarın qarşısını alması üçün iki milyon avroya yaxın pul aldığı və Milan məhkəməsi tərəfindən dörd il həbs cəzasına məhkum edildiyi üzə çıxıb. Mütəxəssislərin fikrincə, Volonte, “buz dağı”nın yalnız görünən hissəsidir. Almaniyada XDB üzvləri Karin Strenz və Aksel Fişer (Axel Fischer) də daxil olmaqla bir sıra alman millət vəkillərinə qarşı istintaq işi aparılır.

Üzü açıldıqca Azərbaycanın Berlində geniş siyasətçilər və lobbiçilər şəbəkəsinə təsir etdiyini görəcəksiniz. Alman siyasətçilərinin, xüsusən XDB / XSB-nin dəstəyi Azərbaycanın dövlət mediasında da vurğulanıb. Buna səbəb ölkənin xaricdə yaxşı bir mətbuat dəstəyinə ehtiyacı olmasıdır. Azərbaycan on illərdir qonşusu Ermənistanla müharibə vəziyyətindədir. Ötən il Azərbaycan mübahisəli Dağlıq Qarabağ üstündə Ermənistanla qanlı müharibəyə başlayıb. Qurban sayının minlərlə olduğu düşünülür.

“Human Rights Watch” təşkilatı bir çox mühafizəkar alman millət vəkilinin mübahisə ilə bağlı açıq şəkildə Azərbaycan tərəfinə keçməsini, ölkədə demokratiya və insan haqlarının vəziyyətinə baxmayaraq rejimi dəstəkləməyə davam etmələrini "gözən çarpan" bir şey olaraq xarakterizə edib.

Kansler Merkelin iqtisadi siyasətində mühüm rol oynayan millət vəkili və dövlət katibi Thomas Bareib dəfələrlə Azərbaycana səfər edib. Keçən il, ilk COVID-19 dalğasının ortalarında Azərbaycana respiratorların göndərilməsi üçün lobbiçilik edib. Almaniyada respirator qıtlığı olduğu üçün bu tələb rədd edilib.

Digər bir XDB millət vəkili Olav Quttinqin (Olav Gutting), 2018-ci ildə keçirilən ilk Almaniya-Azərbaycan iqtisadi zirvəsindəki çıxışında əlavə olaraq dəfələrlə Azərbaycan haqqında xoş sözlər söyləməsi və dövlətin "uzun demokratik tarixi" haqqında tərif yağdırması diqqət cəlb etmişdi. İlham Əliyev rejiminin həbsdə olan tənqidçiləri isə eyni fikirdə olmaya bilər. VICE tərəfindən aparılan araşdırmaya görə, Quttinq diktator Əliyevə yaltaqlıq edən və erməniləri "heyvan" və ya "köpək" adlandıran azərbaycanlını təcrübəçi kimi parlament binasına işə götürüb. Mövcud seçki dövrünün ilk 22 ayında Quttinq, parlamentdəki maaşına əlavə olaraq 450.000 avro (təxminən 380.000 funt) əlavə gəlir əldə etdiyini bəyan edib. O, bir hüquqşünas olaraq, müştəriləri və gəlirləri ilə əlaqəli məlumatları gizlətmək hüququna malikdir.

Quttinq kimi millət vəkilləri rəğbət dolu şərhləri üçün mütəmadi olaraq Azərbaycanın hakimiyyətyönümlü mətbuatında yer alırlar. Bu arada Azərbaycan mediası Almaniya televiziyası olan “Berlin TV” kanalından tez-tez reportajlar yayımlayır. Bu, Almaniyada böyük şöhrətə malik deyil, ancaq paytaxtla əlaqəlidir və yaxşı tanınır. “Berlin TV”, 2013-cü ildə iflasa uğramaqdan qurtulub. TV-nin ən diqqətçəkən tərəfi, Berlin divarını yıxdığı deyilən jurnalist Peter Brinkmanndır.

30 ildən sonra Brinkmann, xüsusilə Əliyevin avtoritar rejimi və Dağlıq Qarabağ məsələsindən danışanda tənqidi jurnalistikaya inamını itirmiş kimi görünür. Söhbət televiziyanın tez-tez və qərəzli bir şəkildə reportajlar yayımlamasından gedir. 2015-ci ildə Alman jurnalist Stefan Niggemeier “Berlin TV”-ni "Azərbaycan hökumət kanalı" adlandırıb.

Elə həmin il Brinkmann, ötən ayın sonunda vəfat edən XDB millət vəkili Strenz ilə müsahibə edib. Müsahibə siyasi müzakirələrin aparılmaması ilə bağlı bir nümunə idi: kritik suallar yox idi, sadəcə təsdiqləmə vardı. Müsahibədən sonra Strenz Brinkmannın "əsl jurnalistika əfsanəsi" olduğunu qeyd edib.

Strenz, 21 martda Kubadan gələn təyyarədə huşunu itirərək vəfat edənə qədər “Azərbaycan işi”nin mərkəzində duran şəxs idi. Frankfurt prokurorluğu rüşvət almaq, seçilmiş məmurlara rüşvət vermək və pulların yuyulması şübhəsiylə Strenz ilə bağlı istintaq işi aparırdı. 2014 və 2015-ci illərdə, o, Azərbaycandan ən az 15.000 avro (təxminən 12.700 funt sterlinq) alıb. Günahkar olduğu təsdiqlənsəydi, onu 5 ilə qədər həbs cəzası gözləyəcəkdi.

Strenzdən əlavə “Berlin TV”-də Almaniyanın Azərbaycandakı səfiri ilə bir neçə müsahibə, habelə prezident Əliyevin Almaniyaya səfəri haqqında sevindirici xəbərlər, ölkə və onun mədəniyyəti haqqında xoşagəlimli sənədli filmlər yayımlanıb. Bir “YouTube” şərhçisi sənədli filmlərdə nəzərə alınmayan faktları açıq şəkildə ümumiləşdirib: “Azərbaycandakı ədalətsizlik necə olacaq? Bəs azad mətbuat, evinin önündə güllələnən müxalifətçilər necə olacaq? "

Almaniyada təbliğat apardığına dair diqqət çəkmək üçün çox kiçik olan “Berlin TV”, Azərbaycan lobbisi üçün ideal bir televiziya kanalıdır. Bakıda isə “Berlin TV”nin ağır çəkisi var və dövlət mediası vasitəsi ilə asanlıqla təbliğ olunur. “Berlin TV”nin proqram direktoru VICE-a cavab vermədi və “Berlin TV” rəhbərliyi onlara verilən son tarixdən bir müddət əvvəl bizimlə telefonda danışmağı təklif etdi. Brinkmann da həmçinin Azərbaycana və rejimə olan xüsusi marağı ilə bağlı suallarımızı cavablandırmaqdan imtina etdi.

“Berlin TV”nin yayım prosesləri ilə tanış olan bir şəxs VİCE-ə bildirdi ki, proqramların çoxu Azərbaycan hökuməti tərəfindən dolayı yolla sifariş olunub və bunun üçün ödəniş edilib. Bu faktı Berlin televiziyasına yaxın digər mənbələr də təsdiqləyib. “Berlin TV”dən ittihamlarla bağlı yazılı bir izahat istəsək də, vaxtında cavab ala bilmədik.

Tapşırıqlar və fondlar "Avropa Azərbaycan Cəmiyyəti" (TEAS) lobbiçilik təşkilatı vasitəsilə gəlib və həll edilib. VICE tərəfindən nəzərdən keçirilən sənədlər biznes əlaqələrini təsdiqləyir. Mərkəzi ofisi Bakıda olan TEAS, 2008-2018 illəri arasında London, Paris, İstanbul, Berlin və Brüsseldə lobbiçilik fəaliyyəti göstərib. Təşkilat əvvəlcə Azərbaycanın fövqaladə hallar naziri Kəmaləddin Haydarovun şöhrətli oğulları Nicat və Tale Haydarov tərəfindən qurulub. Təşkilatın hədəfləri arasında ölkənin iqtisadi potensialını vurğulamaq və "Dağlıq Qarabağ problemi ilə bağlı məlumatlılığı artırmaq" olduğu qeyd edilib.

Üzvlər bu lobbiçilik təşkilatını minimal dərəcədə az görünərək, mümkün olan ən böyük təsirə nail olmaq arasında bir tarazlıq tapmağa cəhd etdiyini izah edirlər. Düzü, TEAS-ın gördüyü işlər, Almaniyadakı ofisin prezidenti Şahin Namati ilə bağlı bir neçə reportaj xaricində medianın diqqətini az cəlb edib.

Lobbiçilər Namatiyə “ziyafət əjdahası”, İran vəAzərbaycan əsilli, alman parlamentinə təsirli şəkildə daxil olaraq diqqət çəkən, essenli biznesmen deyirlər. Alman parlamentinin dəhlizlərində mütəmadi olaraq görünən, istənilən vaxt millət vəkillərinin ofislərinə getmək imkanı olan Namatinin nadir bir giriş izni var. O tez-tez mühafizəkar millət vəkilləri ilə rejimin lehinə bəyanatlar verilməsi üzərində işləyib, sonradan bunlar Azərbaycandakı xəbər saytlarında yayımlanıb.

Namati, görkəmli siyasətçilər üçün Bakıya gəzintilər, dəbdəbəli “Hotel de Rome”da qonaqlıqlar və qeyd olunan məkanlarda naharlar təşkil edib. TEAS-ın təşkil etdiyi caz konsertlərində azərbaycanlı qaçqınların çəkdiyi əziyyətlərdən danışıb. Bu rejimin simpatiya qazanması üçün ən vacib strategiyalarından biridir. VİCE-nin mənbələrinə görə, Namati və teleaparıcı Brinkmann da yaxın dost sayılır. Namati TEAS, “Berlin TV” və Azərbaycandan Berlinə axıdılan pullarla bağlı suallarımızı cavablandırmadı.

Quttinq də VICE ilə danışmaqdan imtina edib. Ölüm xəbərinin yayılmasından iki gün əvvəl VICE, Strenzə Azərbaycana daha öncələr etdiyi səyahətləri, “Berlin TV” və TEAS ilə əlaqəli sualların olduğu bir e-poçt göndərib, lakin cavab ala bilməyib.

İqtisadiyyat Nazirliyinə Dövlət Katibi Bareibnin Azərbaycana səfərləri və Namati barədə də suallar ünvanladıq. Bareib, bu ölkədə beş dəfə olduğunu və səfərlərin parlamentə rəsmi olaraq bildirildiyini və ya parlamentin dövlət katibi olaraq vəzifəsinin bir parçası olduğunu söyləyib. O, Ermənistanda yalnız bir dəfə olub. Heç vaxt TEAS və ya Namati ilə əlaqə saxlamadığını və TEAS-dan birbaşa və ya dolayı yolla pul və ya digər şeylər almadığını bildirib.

Mühafizəkarlardan fərqli olaraq Yaşıllar Partiyasından olan siyasətçilər Azərbaycan lobbiçiləri üçün əlçatmazdır. Alman-Cənubi Qafqaz parlament qrupunun bilinən üzvü, Yaşıllar Partiyasından millət vəkili Tabea Rössner ilə görüşdük. Rossner 2015-ci ildə Strenzin də daxil olduğu parlament qrupunun nümayəndə heyəti ilə Bakıya səfər edib. Əliyevlə görüşməzdən əvvəl Rossner, Strenzin söhbətdə moderatorluq etməsi üçün israr etdiyini xatırlayır. Rossner, Əliyevin yenidən oteldə qaldığına və dəhlizdə Strenzi öpərək salamladığına şahid olub.

Qeyd etmək vacibdir ki, Azərbaycanla münasibətlərdə maraqlı olan hər bir alman millət vəkili pis nüfuza malik deyil. Elə insanlar var ki, onlar üçün yalnız şəxsi mənfəət deyil, həm də ölkə vacibdir. Ancaq Azərbaycana qarşı laqeyd qalmasalar belə, insan haqlarını da müdafiə etməlidirlər. Məsələn, Məhəmməd Mirzəli məsələsi kimi.

Mart ayının ortalarında, mühacir olan tanınmış azərbaycanlı bloger, Fransanın Nant şəhərində bir neçə hücumçu tərəfindən bıçaqlanıb. “YouTube” kanalında onun 250 mindən çox abunəçisi var. Mirzəli müntəzəm olaraq doğulduğu Azərbaycandakı müxalifətçilərə qarşı edilən təqiblər və korrupsiya barədə məlumat verir. Hücumçuların onun dilini kəsməyə çalışdıqları bildirilir.

Ana səhifəXəbərlərAvtoritar rejim Avropanın mərkəzində hökumətə necə sızıb