Avropanın müxtəlif şəhərlərində Mehman Hüseynova azadlıq tələb edilir

Etirazçılar Avropada yaşayan siyasi mühacirlərdir

Source:


Etirazçılar Avropada yaşayan siyasi mühacirlərdir

Yanvarın 6-da Avropanın müxtəlif şəhərlərində Mehman Hüseynova azadlıq tələbi ilə aksiyalar keçirilib. Aksiyalar İsveçin Stokholm, Malmö, Gothenburg, Hollandiyanın Den Haaqa, Fransanın Nantes şəhərində edilib. Təşkilatçılar həmin şəhərlərdə yaşayan azərbaycanlı mühacirlər olub.

Onlar Mehman Hüseynovun 11 gün aclıq aksiyası keçirməsinə etiraz edib. Azərbaycan hökumətini onu azad etməyə çağırıblar. Aksiyalar zamanı “Mehman Hüseynova azadlıq”, “Siyasi məhbusları azad edin” şüarları səsləndirilib.

İsveçin paytaxtı Stokholm şəhərindəki aksiyada etrazçılar Azərbaycan səfirliyinə doğru yürüş ediblər.

Bloger

Mehman Hüseynov

11 gündür aclıq aksiyası keçirir. Buna səbəb haqqında başlanmış yeni cinayət işidir.

Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.

Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib. O, bu ilin martında azadlığa buraxılmalı idi.

Yerli və xarici təşkilatlar Azərbaycanda 160-a yaxın siyasi məhbus olduğunu qeyd etsə də, hökumət ölkədə siyasi məhbus olmadığını bəyan edir.

Ana səhifəXəbərlərAvropanın müxtəlif şəhərlərində Mehman Hüseynova azadlıq tələb edilir