Avropa Məhkəməsi Ermənistanın Türkiyəyə qarşı şikayətini ləğv edib

Ermənistan oktyabrın 4-də Dağlıq Qarabağa görə Türkiyədən AİHM-ə şikayət ünvanlamışdı


Ermənistan oktyabrın 4-də Dağlıq Qarabağa görə Türkiyədən AİHM-ə şikayət ünvanlamışdı

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı Ermənistanın Türkiyəyə qarşı verdiyi şikayətə yenidən baxıb.

Məhkəmə işə Türkiyə tərəfindən verilən məlumatlar əsasında yenidən baxıb və qiymətləndirmə aparıb.

Yekunda AİHM Türkiyəyə tətbiq etdiyi müvəqqəti xarakterli tədbirləri ləğv edib.

Bu barədə məlumat dekabrın 2-də AİHM-in rəsmi saytında yerləşdirilib.

AİHM tətbiq etdiyi müvəqqəti xarakterli tədbirlərdə Türkiyəni Konvensiyanın 2-ci və 3-cü maddələrində nəzərdə tutulan hüquqları pozmamağa çağırmışdı.

Məhkəmə bildirib ki, Ermənistan oktyabrın 4-də Dağlıq Qarabağ məsələsində Türkiyəyə qarşı tədbir görülməsi ilə bağlı AİHM-ə müraciət edib.

Məhkəmə isə öz növbəsində oktyabrın 6-da Dağlıq Qarabağdakı qarşıdurmada iştirak edən tərəflərə müraciət edib.

Onları mülki şəxslərin hüquqlarını pozmamağa çağırıb. Bu baxımdan Türkiyəyə qarşı müvəqqəti xarakterli tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar qəbul edib.

Sonra Türkiyə noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin birgə imzaladığı bəyanata istinad edərək verilmiş əmrin ləğvi üçün məhkəməyə müraciət edib.

Dekabrın 1-də məhkəmə Türkiyə tərəfindən verilən məlumatlar əsasında yenidən qiymətləndirmə aparıb. Beləliklə, daha öncə verdiyi qərarı ləğv edib.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-də döyüşlər başlamışdı.

Döyüş əməliyyatları noyabrın 9-dək davam edib. Bu 44 gün ərzində Azərbaycan tərəf 280-dək kəndin, dörd qəsəbənin (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhərin (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edildiyini açıqlayıb.

Ermənistan tərəf müharibə dövründə döyüşlərdə Azərbaycana Türkiyənin dəstək olduğunu dəfələrlə irəli sürüb. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev açıqlamalarında Türkiyənin bu işdə mənəvi dəstək olduğunu söyləyib.

Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan və eləcə də bəzi nazirlər də açıqlamalarında dəfələrlə Qarabağ mövzusunda Azərbaycanın arxasında olduqlarını söyləyiblər.

Noyabrın 10-dan 11-nə keçən gecə isə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb.

Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Razılaşmaya uyğun olaraq Azərbaycan ordusu noyabrın 20-də Ağdam rayon mərkəzinə daxil olub.

Noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ana səhifəXəbərlərAvropa Məhkəməsi Ermənistanın Türkiyəyə qarşı şikayətini ləğv edib