Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş 4 işə baxmayacaq

Kommunikasiya mərhələsində hökumət pozuntuları tanıyıb və araşdırmanı yenidən üzərinə götürüb.

Foto: arxiv


Hökumət ərizəçilərə 8600 avro təzminat ödəyəcək

Fevralın 6-da

Avropa İnsan Haqları Məhkəməsi

(AİHM) Azərbaycandan göndərilmiş 4 şikayətin baxılacaq işlər siyahısından çıxarılmasına qərar verib. Ancaq hökumət yenə də ərizəçilərdən bir neçəsinə birgə 8600 avro təzminat ödəyəcək.

Məhkəmənin siyahıdan çıxardığı işlərdən biri Rəşad Ramazanovun ərizəsidir. O, narkotik ittihamı ilə həbs olunub, ardınca 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. AİHM-ə şikayətində ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunun tanınması, bunun kompensasiya edilməsini istəyirdi. Kommunikasiya mərhələsində hökumət pozuntuları tanıdığını deyib. Ərizəçiyə 3000 avro təzminat təklif edib. Ərizəçi hökumətin təklif etdiyi bəyannaməni rədd etsə də, AİHM işin siyahıdan çıxarılmasına qərar verib. Hökumət Rəşad Ramazanova 3000 avro ödəyəcək.

Siyahıdan çıxarılan növbəti iş Ələkbər İsmayılovun şikayətidir. Bu işdə ərizəçi həbs olunduğu təcridxanada məktublarına, kitablarına əl qoyulduğunu iddia edirdi. O deyirdi ki, bu epizodlar üzrə onun şikayətlərinə baxan ölkədaxili məhkəmələr onun ədalətli məhkəmə araşdırması və şəxsi həyatın toxunulmazlığı hüququna müdaxilə edib. Məhkəmə bu işin də siyahıdan çıxarılmasına qərar verib. Ərizəçi tərəf kommunikasiyaya cavab verməyib.

Siyahıdan çıxarılmış daha bir iş Orxan Əliyevin şikayətidir. Orxan Əliyevin şikayəti cinayət araşdırmasının qanunsuzluğu ilə bağlı olub. Ərizəçi ədalətli məhkəmə araşdırması, işgəncəyə məruz qalmamaq hüququnun pozuntusunu mübahisələndirmişdi. Kommunikasiya mərhələsində hökumət pozuntuları tanıyıb və araşdırmanı yenidən üzərinə götürüb. Orxan Əliyevə 5600 avro təzminat təklif edib. Ərizəçi kommunikasiyaya cavab vermədiyindən AİHM işin siyahıdan çıxarılmasına qərar verib. Bu iş üzrə ərizəçiyə 5600 avro təzminat ödənməlidir.

“Elman Dəmirov Azərbaycana qarşı” işini də AİHM baxılacaq işlər siyahısından çıxarıb. Bu şikayət mülkiyyət hüququ ilə əlaqəli olub. Ərizəçi sənədli – sübutlu qarajının qanunsuz söküldüyünü iddia edib. Mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunun tanınmasını, ədalətli əvəz tələb edirdi. Ərizəçi vəfat edib. Məhkəməyə onun varislərinin olmadığı bildirildiyi üçün AİHM ərizənin siyahıdan çıxarılmasına qərar verib.

Ana səhifəSiyasətAvropa Məhkəməsi Azərbaycandan göndərilmiş 4 işə baxmayacaq