Avropa Məhkəməsi alternativ hərbi xidmət istəyən azərbaycanlılarla bağlı qərarını açıqladı

Qərara əsasən, hökumət ərizəçilərə ümumilikdə 38 min 269 avro ödəməlidir

Avropa Məhkəməsi, Mənbə: Avropa Məhkəməsi


Azərbaycan hökuməti yenə cərimələndi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) alternativ hərbi xidmət istəyən 5 vətəndaşı cəzalandırdığı üçün Azərbaycanı cərimələyib.

Bu barədə

AİHM-in rəsmi saytı

nda məlumat yerləşdirilib.

Məhkəmə qərarı oktyabrın 17-də elan edib. Qərarda deyilir ki, həmin ərizələr Azərbaycandan 2008-2015-ci illərdə göndərilib. Məhkəmə də həmin 5 şikayəti birləşdirib, birgə qərar verib. Bütün şikayətlər üzrə ərizəçilər “Yahova şahidləri” dini icmasının üzvü və dini rütbəliləridir. Onlar Müşfiq Məmmədov, Samir Hüseynov, Fərid Məmmədov, Fəxrəddin Mirzəyev və Kamran Mirzəyevdir.

İş “Müşfiq Məmmədov və digərləri Azərbaycana qarşı” adlanır. Məhkəmə 5 ərizənin hər birində iddia olunan əsas pozuntuları tanıyıb.

AİHM hesab edib ki, milli məhkəmələr ərizəçilərin işinə baxarkən onların Konvensiya ilə təminat altına alınan din azadlığı (Konvensiyanın 9-cu maddəsi) hüquqularına müdaxilə edib.

Qərara əsasən, hökumət ərizəçilərə ümumilikdə 38 min 269 avro ödəməlidir. Qərar qüvvəyə mindikdən sonra Müşfiq Məmmədova mənəvi zərər əvəzi və hüquq məsrəfləri üçün ümumilikdə 5161, Samir Hüseynova 8830, Fərid Məmmədova 10995, Fəxrəddin Mirzəyevə 9683, Kamran Mirzəyevə isə 3600 avro ödənilməlidir.

Hüquqşünas Xalid Ağəliyev deyir ki, AİHM-in bu qərarı həmçinin dövlətin üzərinə ümumi xarakterli tədbirlər görmək vəzifəsi qoyur:

“Söhbət alternativ hərbi xidmətlə bağlı qanunvericiliyin yaradılmasından gedir. 5 azərbaycanlı ərizəçini AİHM-də Böyük Britaniya, Finlandiya, Fransa, Gürcüstan və Avstriyadan olan vəkillər təmsil ediblər”.

Ərizəçilərdən Müşfiq Məmmədov 2007-ci ildə “Yahova Şahidləri” icmasına üzv olub. O, hərbi xidmətə çağırılanda alternativ hərbi xidmət tələb edib. Ancaq bu, “Alternativ hərbi xidmət haqqında” qanun qəbul edilmədiyindən nəzərə alınmayıb. M.Məmmədova cinayət işi açılıb, hərbi xidmətdən imtina etdiyi üçün ona 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Yuxarı məhkəmələr həmin hökmü dəyişməyib. M.Məmmədova eyni əsasla ikinci dəfə də cinayət işi açılıb. O, 2009-cu ildə 250 manat cərimə edilib.

Digər ərizəçi Samir Hüseynovun məhkəmə işi də oxşardır. Rusiyadan Azərbaycana gələn ərizəçiyə hərbi xidmətdən imtina etməsinə görə cinayət işi açılıb. Goranboy Rayon Məhkəməsi onu 10 ay azadlıqdan məhrum edib. Məhkəmə qərarını belə əsaslandırıb ki, ərizəçi hərbi xidmətin “Yahova Şahidləri”nin dini inanclarına qarşı olması barədə dəlillər təqdim edə bilməyib. Yuxarı məhkəmələr hökmü dəyişməyib.

Hər iki ərizəçi iddia edir ki, Azərbaycan məhkəmələrinin qərarları onların din azadlığı (Konvensiyanın 9-cu maddəsi), ayrıseçkiliyə məruz qalmamaq (maddə 14) hüquqlarını pozub. M.Məmmədov həmçinin, iddia edirdi ki, əmələ görə 2 dəfə cəzalandırılmamaq hüququna (PrNo7, maddə 4) da müdaxilə olunub.

Digər 3 işdə ərizəçilər din azadlığı (Konvensiyanın 9-cu maddəsi) hüquqularına müdaxilə olunduğunu iddia edirdilər. Onlardan biri, Fərid Məmmədov Hərbi Komissarlığa özü müraciət edib. Alternativ xidmət istəyib, ancaq ona cinayət işi açılıb. Nəsimi Rayon Məhkəməsi F.Məmmədovu 9 ay azadlıqdan məhrum edən hökm çıxarmışdı. Dini icma üzvü Fəxrəddin Mirzəyev də alternativ hərbi xidmət istədiyi üçün 1 il (o daha sonra əfv edilib), Kamran Mirzəyev isə 9 ay azadlıqdan məhrum edilmişdi.

Ana səhifəSiyasətAvropa Məhkəməsi alternativ hərbi xidmət istəyən azərbaycanlılarla bağlı qərarını açıqladı