“Avqustda 190 manat veriləcək… bəs iyul?”

“Üstəlik, iyulda karantin rejimi daha sərt olub”

Source: Meydan TV


Azərbaycandan fərqli olaraq, Gürcüstanda hər bir uşağa ödəniş ediləcək, qaz və işıqda güzəşt olunacaq

Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayondakı işsizlərə avqustda da 190 manat birdəfəlik ödəmə veriləcək.

Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

yayıb

.

Ödəməni Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarındakı işsizlər ala biləcəklər:

“Bu ödəmələr həmin bölgələr üzrə işsiz və xüsusi karantin rejimində işini itirən, qeyri-formal işləyən aztəminatlılardan ibarət 278 min şəxsi əhatə edəcək. Bu məqsədlə 53 milyon manat vəsait sərf olunacaq”.

Prezident İlham Əliyev avqustun 6-da keçirdiyi video-müşavirədə Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətdən danışıb. O bildirib ki, sosial dəstək bundan sonra da davam etdirilməlidir:

“Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin”.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, ödəmə sərt karantin rejimi tətbiq edilən 13 şəhər və rayonda həyata keçiriləcək. Ancaq digər bölgələrdə də kifayət qədər işsiz insan var və onlar bu gün çox çətin şəraitdə yaşayırlar:

“Prezidentin müşavirəsində iştirak edənlərin heç biri iyulda da 190 manatlıq birdəfəlik yardımın ödənilməsini zəruriliyini qeyd etmədi. Necə ola bilər ki, aprel, may, iyun aylarından sonra avqust ödənilsin? Axı arada iyul qalır. Üstəlik, iyulda karantin rejimi daha sərt olub”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Qubad İbadoğlu deyir ki, müşavirədən 190 manatın verilməsinin yalnız İlham Əliyevdən asılı olduğu məlum oldu: “Göründüyü kimi, o, şəxsən göstəriş verməzsə, hətta insanlar acından ölsə belə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzərinə düşən funksiyanın icrası istiqamətində qorxusundan 1 addım belə ata bilməz. Hesab edirəm ki, iyul ayının da ödənişi avqustla birlikdə verilməlidir və 190 manat yalnız sərt karantin rejimində olan şəhər və rayonlarda deyil, bütün Azərbaycanda yaşayan aztəminatlı işsizlərə ödənilməlidir”.

Gürcüstan hökuməti də pandemiya və karantin rejiminə görə çətin duruma düşən əhalisinə bir sıra dəstək verib.

Tədris ili başlayana qədər, 17 yaş da daxil olmaqla Gürcüstan vətəndaşı olan hər bir uşağa 200 lari birdəfəlik yardım veriləcək. Bundan əlavə, sosial müdafiəsiz və 150 000 sosial reytinq balına sahib olan bütün tələbələrin 2020-2021 tədris ilində təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Birdəfəlik 300 larilik yardıma müraciət edən (yardım almaq üçün saytda qeydiyyatdan keçmiş şəxslərə aiddir), ancaq ala bilməyənlərin hamısına 300 larilik yardım köçürüləcək. Qış aylarında əhalinin kommunal xərclərinin ödənilməsi proqramı davam edəcək.

İqtisadçı Natiq Cəfərli Gürcüstan hökumətinin atdığı addımları yüksək qiymətləndirir. Deyir, hökumətin 2021-ci ilin fevralınadək 200 kv elektrik, 200 m3 qazı əhaliyə pulsuz verməsi çox yaxşı addımdır:

“Hələ 17 yaşına qədər bütün uşaqlara 200 lari (65 dollar) ödəniləcək. 33 min pullu təhsil alan Gürcüstan vətəndaşı tələbələrin 2020-21-ci təhsil ilində ödənişini hökumət edəcək. Bilirsiz niyə Gürcüstan hökuməti öz vətəndaşlarına daha adil davranır? Bunun tək səbəbi var – Seçki İnstitutu. Seçkili ölkələrdə vətəndaş hökumətlərdən daha çox yardım, dəstək və təşviq görür. Başqa heç bir səbəb axtarmağa dəyməz – payızda Gürcüstanda seçkilər olacaq. Bizdə də hökumət seçkidə formalaşsaydı, camaat daha çox yardım alardı”.

Natiq Cəfərli
Natiq Cəfərli

COVİD-19 pandmeiyası ilə bağlı bu il martın 24-dən Azərbaycanda karantin rejimi elan edilib. Karantin avqustun 31-nə kimi uzadılıb. Gündəlik yoluxmada azalma olduğundan rejim aprelin 27-dən mərhələlərlə yumşaldılmışdı. Amma bu əks proses doğurduğundan iyunun 21-dən Bakı və ölkənin bir çox yerlərində karantin yenidən sərtləşdirildi. Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışanlardan başqaları küçəyə çıxarkən yenidən SMS-lə icazə almalı olurdular.

Avqustun 5-dən sərt karantin rejimi bir qədər yumşaldılıb. SMS-lə icazə yenidən ləğv edilib, çimərliklər açılıb. İşsiz və karantində işini itirən təqribən 600 min ölkə vətəndaşına aprel və may aylarında 190 manat birdəfəlik yardım verildiyi açıqlanıb.

Sonrakı ayda da Bakı kimi karantinin sərtləşdirildiyi bəzi bölgələrdə bu yardımın verilməsinin davam etdiyi açıqlanmışdı. Hökumət pandemiyanın ölkə iqtisadiyyatına, biznes və məşğulluğa ziyanının ardan qaldırılması üçün 3,5 milyard manatlıq paket olduğunu açıqlayıb.

Ana səhifəSosial“Avqustda 190 manat veriləcək… bəs iyul?”