ATƏT seçki ilə bağlı rəyini açıqladı, təzyiq altında olmadığını dedi

“Seçkilər demokratik standartlara uyğun deyil”

Fevralın 8-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb.

Sənəddə bildirilir ki, növbədənkənar Prezident seçkiləri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində keçirilən ilk seçki olub.

Rəydə seçkiyə hazırlıq zamanı həqiqi plüralizmin olmadığı, tənqidi səslərin davamlı olaraq boğulduğu qeyd olunub:

“Birləşmək və ifadə azadlıqlarına uzunmüddətli məhdudiyyətlər son qanun dəyişiklikləri ilə gücləndirilib və beynəlxalq demokratik standartlara uyğun gəlməyən qanunvericiliklə nəticələnib. Seçki Məcəlləsinin təfərrüatlı olmasına və seçki prosesinin bütün aspektlərini tənzimləməsinə baxmayaraq, son düzəlişlər DTİHB-nin əvvəlki tövsiyələrini diqqətdən kənarda qoyub”.

ATƏT-in qısamüddətli müşahidəçilərinin xüsusi əlaqələndiricisi və rəhbəri Artur Gerasimov deyib ki, seçkilər məhdudlaşdırıcı şəraitdə keçirilib.

Onun sözlərinə görə, proses səmərəli şəkildə hazırlansa da, tənqidi səslər və siyasi alternativlər olmayıb:

Təəssüflər olsun ki, hüquqi bazanın demokratik seçkilər üçün beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı əvvəlki tövsiyələr diqqətdən kənarda qaldı. Qanun və praktikada çoxsaylı məhdudiyyətlər mövcud olmaqda davam edir. Seçki kampaniyasında əhəmiyyətli ictimai iştirak olmayıb və rəqabətli deyildi. Kampaniyada altı başqa namizəd iştirak etsə də, onların heç biri öz kampaniyalarında hazırkı Prezidentin siyasətinə inandırıcı şəkildə etiraz etmədi və seçiciləri həqiqi alternativsiz qoydu”.

Eyni zamanda, vətəndaş cəmiyyəti və müxalifət nümayəndələri qeyd ediblər ki, qanunvericilik bazası və onun tətbiqi onların həm seçki ərəfəsində, həm də təşviqat dövründən kənarda dinc toplaşmaq və ictimai toplantılar keçirmək hüququndan istifadəsini çətinləşdirir”,- deyə Gerasimov  əlavə edib.

ATƏT PA nümayəndə heyətinin rəhbəri Daniela de Ridder namizədlər arasında və bütünlükdə Azərbaycanın siyasi həyatında qadınların olmadığını  bildirib:

“Qadınlar seçki günü təşkilati işlərin əksəriyyətini çiyinlərinə götürsələr də, siyasi həyatda kifayət qədər az təmsil olunurlar. Bu, siyasətdə bərabər iştiraka zəmanət verən qanunların tətbiqinə ehtiyac olduğunu göstərir”.

“Seçkilər günü müşahidəçilər əsasən səsvermənin məxfiliyi, çoxsaylı səsverməyə qarşı təminatların olmaması, bülletenlərin qutulara atılması əlamətləri və s. ciddi nöqsanları qeydə alıblar. Bu, bülletenlərin sayılmasının dürüst olub-olmaması ilə bağlı ciddi suallar yaratdı”, – deyə Daniela de Ridder əlavə eidb.

O həmçinin deyib ki, media mühitinin həddən artıq məhdud qalması seçiciləri səsvermə günü seçimlərinə dair mənalı məlumatlanmaq imkanından məhrum edib.

DTİHB missiyasının rəhbəri Eoqan Mörfi isə vurğulayıb ki, ölkə üçün vacib olan bu seçkidə namizədlərdən heç biri hazırkı Prezidentə inandırıcı şəkildə etiraz etməyib:

Bəzi müxalifət partiyaları adekvat demokratik şəraitin olmadığını iddia edərək ümumiyyətlə iştirak etmədilər”.

Seçkiyə hazırlıq səmərəli və peşəkar olsa da, seçki günü mühüm təminatlara çox vaxt məhəl qoyulmur və biz gün ərzində əsaslı prosedur səhvləri müşahidə edirdik. Bu, demokratik seçki standartlarına uyğun deyil”, – Mörfi belə deyib.

“Turan”ın Azərbaycan hökumətinin ATƏT-in əvvəlki seçkilərdən sonra təklif etdiyi tövsiyələrinə münasibəti haqda sualına Eoqan Mörfi belə cavab verib:

“Rəsmi Bakı seçkilərin demokratik keçirilməsinə sadiqliyini nümayiş etdirməlidir. Amma biz qiymətləndirmədən sonra hökumətə yekun tövsiyələrimizi təklif edəcəyik. Həmin sənəddə həmçinin ötən dəfə qeyd edilən, amma riayət olunmayan tövsiyələr də yer alacaq”.

Meydan TV-nin “AŞ PA-nın almaniyalı deputatı Frank Şvabe 10 gün əvvəl BBC-yə bildirmişdi ki, ATƏT Azərbaycanda hökumətin təzyiqi altındadır. O cümlədən, Şvabe deyib ki, ATƏT 7 fevral seçkisini AŞ PA deputatları ilə birgə müşahidə edəcəyini razılaşdırmışdı, amma buna əməl etmədi. Bunlar doğrudurmu?” sualına Mörfi belə cavab verib:

ATƏT -in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun mandatı var. Bizim mandatımız digərlərinin mandatından fərqlənir. Bəli, əvvəllər digər təşkilatlarla yaxın tərəfdaş olmuşuq. Lakin bizim öz mandatımız var, əsasən də ATƏT-in üzv dövlətlərinə qarşı, elə həmin mandatı icra emək üçün burdayıq. Mandatın icrası ilə bağlı öz metodologiyamız var. Bu da kifayət qədər bəllidir. Metodologiya istənilən təzyiqlərə qarşı dözümlüdür, ona görə istənilən müşahidələrimizə qarşı təzyiqlər ola bilməz. Bu, müstəqil və qərəzsiz müşahidənin imkanını yaradır. Ona görə də fəaliyyətimiz çərçivəsində müxtəlif təminatlar var ki, müşahidəçilərimiz işini müstəqil və ədalətli həyata keçirsin”.

Artur Gerasimov suala cavabda deyib ki, o, nümayəndə heyətinin hər bir üzvü ilə müzakirə aparıb:

Biz təzyiq altında deyilik, çünki öz prosedurlarımız və prinsiplərimiz var, sadiq şəkildə onlara riayət edirik. Heyətin hər bir üzvü təlimlərdən keçib. AŞ PA-ya gəlincə, onlar gözəl tərəfdaşdır, hər bir zaman onları dəvət etməyə hazırıq. Lakin biz fərqli təşkilatlarıq. Odur ki, ATƏT 7 fevral seçkisi ilə bağlı dəvəti alandan sonra rəhbərlik qərar verib ki, seçki missiyası göndərsin”.

ATƏT PA nümayəndə heyətinin rəhbəri Daniela de Ridder də təzyiq altında olmadıqlarını bildirib.

Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkisini müşahidə edən beynəlxalq seçki müşahidə missiyası 42 ölkədən 335 müşahidəçidən ibarət olub ki, bunlardan 256-sı DTİHB-nin ezam olunmuş ekspertləri, uzunmüddətli və qısamüddətli müşahidəçiləri, 79-u isə ATƏT PA-dandır.

Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkisi keçirilib.

Seçkiyə 7 namizəd qatılıb.

Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edib.

Mərkəzi Seçki Komissiyası fevralın 8-də seçkinin ilkin nəticələrini elan edib.

MSK sədri Məzahir Pənahov bildirib ki, ilkin nəticələrə əsasən, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə Prezident seçkilərində liderlik edir.

“Fuad Əliyev – 24 min 799 səs (0,53 faiz); Qüdrət Həsənquliyev – 81 min 799 səs (1,76 faiz); Elşad Musayev- 31 min 33 səs (0,67 faiz); Fazil Mustafa – 92 min 980 səs (2 faiz); Razi Nurullayev- 37 min 386 səs (0,80 faiz); Zahid Oruc-101 min 851 səs (2,19 faiz)”.

Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsini təmin etməlidir.

Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar bu müddət fevralın 17-dək olan dövrü əhatə edir.

Ana səhifəSiyasətATƏT seçki ilə bağlı rəyini açıqladı, təzyiq altında olmadığını dedi