“İçkili olanda əlinə nə keçirdisə, bizə çırpırdı''

Mənbə: Meydan.TV

Başlıq: “İçkili olanda əlinə nə keçirdisə, bizə çırpırdı''

“Atasının 8 yaşlı Fərəhi balkondan atmasına dair şübhələrim var”

Ana: “Ərim məni yalnız döymürdü, həm də dişləyirdi, ətimi qopartmağa cəhd edirdi”

Ötən ilin noyabrın 27-də Bakının Nizami rayonu, M.Abbasov küçəsi 13-də faciə baş verib. 2012-ci il təvəllüdlü Fərəh Vahid qızı Nadirova yaşadığı binanın 13-cü mərtəbəsindən düşüb, azyaşlı aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Hüquq-mühafizə orqanları azyaşlının ölümü ilə bağlı araşdırma aparıb, cinayət işi başlanılıb, lakin 8 yaşlı uşağın intihar etdiyi qənaətinə gələrək cinayət işinə xitam verilib.

F.Nadirovanın anası Dilarə Bağıyeva isə qızının ölümündə uşağın atası Vahid Nadirovu günahlandırır. Ana deyir ki, həyat yoldaşı həmin gün evdə dava salıb, uşağın gözü qarşısında onu döyüb. Əlindən qurtarıb qaçmağa çalışanda buna mane olub, Fərəhi anadan ayıraraq otağa qapadıb. Ana əlavə edir ki, atasının Fərəhi pəncərədən atdığına dair şübhələri də var. Aylardır müxtəlif qurumların qapısını döyür, lakin günahkarın cəzalandırılmasına nail ola bilmir.

“Vahidlə 2010-cu ildə ailə qurmuşduq. İçki düşkünü olduğu üçün illər ərzində dəfələrlə döyülüb, söyülmüşəm. Vahid hər dəfə ondan ayrılacağım təqdirdə məni ölümlə təhdid edirdi. Hətta Fərəhə xəsarət yetirəcəyini deyirdi. Sonuncu hadisədən təxminən 10 gün əvvəl yenidən məni döydüyü üçün Fərəh də atası ilə danışmırdı”, - şikayətçi bildirib.

D.Bağıyevanın sözlərinə görə, atasının aqressiv hərəkətləri Fərəhi qorxu içində saxlayıb:

“İçkili olanda əlinə nə keçirdisə, bizə çırpırdı. Çox zaman ailə üzvlərim köməyə gəlirdi, polis çağırmaq istəyirdik. Amma hər dəfəsində bizi qorxudurdu, telefonu əlimizdən alırdı, ev telefonunun da xəttini kəsirdi. Təsəvvür edin, komendant saatının tətbiq edildiyi günlərdə Fərəh gözünü saatdan çəkmirdi, axşam saat 9-u keçəndən sonra dərin nəfəs alırdı, deyirdi ki, atam daha evə gələ bilməyəcək, gecə rahat yatacağıq”.

Ana hadisənin baş verdiyi günü xatırlayır:

“Noyabrın 19-da məni döydü, yerə yıxıb boğmağa başladı. Qızım onu məndən ayırmağa çalışırdı, uşağın qolundan tutub sürüyə-sürüyə otağa atdı. Fərəh zərbədən yıxıldı. Mən davadan sonra uşağın əzab çəkdiyini görüb, nə bahasına olursa olsun boşanmaq istəyirdim. Fərəh dava olan kimi evdəki bütün buçaqları gizlədirdi. Vahid isə mənə dedi ki, belə bir addım atsan, başına oyun açacam. 10 gün idi onunla danışmırdıq və boşanmaq üçün sənədləri hazırlayırdım. Çalışırdıq ki, gözünə görünməyək, o da bu müddətdə içmədi. Ayın 27-də qızımla yatmağa hazırlaşırdıq. Evə yenə də içkili gəldi, hamama keçdi, sonra duş kabinəsini qırdı. Əlləri qan içində idi, yardım etməyə çalışdm. O isə otağa keçib qarnıma təpik vurdu, başımdan tutub yerə çırpağa başladı. Fərəh yenə də yalvararaq onu sakitləşdirməyə çalışırdı. Əlləri ilə həm ağzımı, həm burnumu tuturdu, nəfəsim kəsiləndə buraxırdı, sonra yenə təkrar edirdi. Birtəhər əlindən çıxıb qaçmağa çalışdıq, arxadan gəlib saçımdan sürüyə-sürüyə evə saldı. Fərəhi əlimdən alıb sürüyərək yataq otağına atdı, uşağı hədələyərək dedi ki, otağdan çıxsan, meyitini sərəcəm. Bu, mənim uşağımla sonuncu görüşüm oldu. Yenidən üstümə atıldı və sürüyərək məni balkona aparmağa çalışdı. Dedi ki, məni balkondan yerə atacaq. Yarıyolda yerə yıxıldım, amma məni buraxmadı, yenidən döydü. Gücsüz qaldım, yalnız onu gördüm ki, Fərəhin olduğu otağa doğru getdi. Güclə ayağa durmağa çalışdım, bir qədər sonra qayıdaraq məni təkrar döydü”.

Şikayətçi deyir ki, həmin günü baş verənləri ifadəsində dəqiq göstərib:

''Qızım onu məndən ayırmağa çalışırdı, uşağın qolundan tutub sürüyə-sürüyə otağa atdı''

''Qızım onu məndən ayırmağa çalışırdı, uşağın qolundan tutub sürüyə-sürüyə otağa atdı''

Mənbə: Meydan.TV

“Məni gücsüz buraxıb qaçmağa çalışdı və mən bundan şübhələndim. Sürünərək Fərəhi atdığı otağa getdim, otağa daxil olanda pəncərənin pərdəsi çəkilmiş və açıq halda gördüm”. Amma ana qızının pəncərədən düşdüyünü ağlına gətirməyib, dolabın içinə, çarpayının altına baxıb:

“Vahid pəncərədən aşağı baxdı və sakitcə dedi ki, Fərəh burda yoxdur. 13 mərtəbəni ayaqyalın düşdüm, komendanta yaxınlaşıb dedim ki, uşağım evdən yoxa çıxıb, qorxar, polis çağırın. Baxdım ki, artıq polis çağrılıb, insanlar balamın başına toplaşıblar”.

Ana deyir ki, polislər onu övladının yanına buraxmayıblar, son nəfəsində əlindən tutub, yanında ola bilməyib. Polislər evdə qan izlərini, qırılmış əşyaların şəklini çəkiblər, izahatlar alınıb. Sərxoş olduğu üçün ata cəmi bir gün nəzarətdə saxlanılıb: “Hadisədən 3 gün sonra əl izləri götürülüb və bu müddətdə qapı möhürlənməyib. Yəni istənilən halda əl izlərini rahatlıqla silmək olar. Daha bir məsələ - öyrəndik ki, qonşulardan biri, - hansı ki polisə o məlumat verib, - uşağın atası tərəfindən atıldığını deyib. 102-yə edilən zəng işin içində yoxdur, şahid sonradan ifadəsini dəyişib. Bundan başqa, tibbi ekspertiza deyir ki, evdəki dava uşaqda emosional gərginlik yarada bilərdi, yəni intihar edibsə də, atası günahkardır”.

D.Bağıyeva hadisədən sonra V.Nadirovdan boşanıb. Hazırda döyülməsi ilə bağlı məhkəmədə qaldırdığı iddiaya baxılır: “Daktiloskopik məlumat (insanın şəxsiyyətini müəyyən etməyə imkan verən, onun əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri haqqında məlumat) əl izləri cinayət işi üzrə toplanmış materialların içərisində yoxdur. DİN-nin 102 xidmətinə zəng vuran şahidin səs yazısı yoxdur və bu faktı son günə kimi məndən gizlədiblər. Şahidin əvvəl və sonra verdiyi ifadələr ziddiyyət təşkil edir. Cinayət Məcəlləsinin 133.1 maddəsi (Zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma) ilə cinayət işi açılıb, çünki illərboyu döyüldüyümü əks etdirən şəkillərim, ekspertiza rəyi var. Ərim məni yalnız döymürdü, həm də dişləyirdi, ətimi qopartmağa cəhd edirdi, eləcə də psixoloji təzyiq və qorxu altında qoyurdu”.

"Polislər evdə qan izlərini, qırılmış əşyaların şəklini çəkiblər, izahatlar alınıb"

"Polislər evdə qan izlərini, qırılmış əşyaların şəklini çəkiblər, izahatlar alınıb"

Mənbə: Meydan.TV

Ana bu günlərdə Respublika Prokurorluğunda olduğunu, işin səthi araşdırılması ilə bağlı şikayət etdiyini də bildirib: “Məni dinlədilər, söz verdilər ki, iş yenidən araşdırılacaq. Hələlik rəsmi müraciəti gözləyirəm”.

D.Bağıyeva Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban Əliyevaya, Ailə Qadın və Uşaq Komitəsinə, Respublika Prokurorluğuna müraciət edib: “Günahsız balasını itirmiş yaralı ana kimi xahiş edirəm, əlini balamın qanına bulaşdırmış şəxslərin cinayət məsuliyyətinə cəlbedilməsinə köməklik edin, haqq səsimə səs verin. 8 yaşlı övladımın qanına ədalət istəyirəm”.

Respublika Prokurorluğundan məsələnin araşdırıldığı bildirilib.

"Əlləri ilə həm ağzımı, həm burnumu tuturdu, nəfəsim kəsiləndə buraxırdı"

"Əlləri ilə həm ağzımı, həm burnumu tuturdu, nəfəsim kəsiləndə buraxırdı"

Mənbə: Meydan.TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/2cea6y

Ən çox baxılan