“Atabank”la “Amrah Bank”ın lisenziyası ləğv edildi

Qubad İbadoğlu əlavə edir ki, indiki qeyri-müəyyənlik şəraitində proqnoz vermək asan deyil

Source: Foto: Meydan TV


“ Azərbaycan banklarına etibar yoxdur”

Aprelin 28-də Mərkəzi Bankın İdarə Heyəti “Atabank” və “Amrah Bank”ın lisenziyalarını ləğv edib.


Mərkəzi Bank

ın yaydığı məlumatda bildirilir ki, həmin bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlayıb. Xüsusən, “Atabank” uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirmiş.

“Aparılan yoxlamalar nəticəsində hər iki bankın ciddi maliyyə itkilərinə yol verdiyi məlum olub. Onlar öz kapitallarını tam itirib və müflis vəziyyətinə düşüblər. Bankların səhmdarları yoxlamaların nəticələri barədə məlumatlandırılıb. Onlara bankları əlavə kapitallaşdırmaq təklif olunub. Lakin onlar bu imkandan istifadə etməyiblər”.

Mərkəzi Bank bildirir ki, “Atabank” və “Amrah Bank”ın sektorun aktivlərində xüsusi çəkisi 2,1 faiz, kredit portfelində isə 3 faiz olub.

“Yoxlama zamanı məlum olub ki, hər iki bankın məcmu kapitalının miqdarı müəyyən edilmiş minimum miqdardan azdır. Habelə bu banklar cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmir. Nəticədə “Atabank” və “Amrah Bank”ın lisenziyaları ləğv edilib. Hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub”.

Sonda bildirilir ki, “Atabank” və “Amrah Bank” Əmanətlərin Sığortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən ödəniləcək. Fondun vəsaiti çatmasa, mövcud qanunvericiliyə uyğun olaraq çatışmayan məbləğ üzrə Mərkəzi Bank tərəfindən kredit ayrılacaq:

“Bu kredit Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcək. Əmanətlərin ödənilməsi mövcud prosedurlara uyğun şəffaf şəkildə təşkil olunacaq və əmanətçilər dövri olaraq məlumatlandırılacaqlar”.

Müvəqqəti inzibatçı təyin edilmiş digər iki bank – “AGBank” və “NBCBank”da tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bunlar Azərbaycanda lisenziyası ləğv edilmiş ilk banklar deyil. Daha öncə də bir neçə bankın lisenziyası ləğv edilmiş, bir müddət sonra əmanətçilərin vəsaitləri ödənməyə başlanmışdı.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, Azərbaycan banklarına etibar yoxdur. Çünki onlar azad deyillər və birbaşa siyasi hakimiyyətə bağlıdırlar. Ona görə də zaman-zaman siyasi mübarizələrin qurbanı olurlar:

“Baxın, bir vaxtlar Heydər Babayevin bankı kimi tanınan “Standart Bank”ın, Ziya Məmmədovun bankı kimi tanınan “Bank of Azərbaycan”ın, indi də Fazil Məmmədovun bankı kimi tanınan “AtaBank” və Eldar Mahmudovun bankı kimi tanınan “AGBank”ın fəaliyyəti dayandırıldı. Şübhəsiz ki, hazırda siyasi hakimiyyətdə yüksək vəzifə tutanların bankları da eyni aqibəti yaşayacaqlar”.

İqtisadçı 28 ildə müstəqil Azərbaycanda sağlam və rəqabətli bank bazarının formalaşmadığına görə təəssüflənir. Deyir, Azərbaycanda bu gün müasir korporativ standartlara cavab verən bank idarəçiliyi yoxdur:

“Bütün bunların "xərclərini" daha çox bankların müştəriləri çəkib. Ancaq yenə də bu prosesdən ən çox təsirlənən əhali olacaq. Hazırda fəaliyyəti dayandırılan 4 bankda yerləşdirilmiş depozitlərin geri alınması asan olmayacaq. Sığortası olmayan əmanətlər, cari və xüsusi hesablardakı pul vəsaitlərinin tam məbləğdə sahibinə qaytarılması mümkün olmayacaq. Hətta qaytarılan vəsaitlərin də ödənilməsi prosesi aylar çəkəcək”.

78309566_10218390598228031_2732151013359222784_n.jpg
Qubad İbadoğlu

Qubad İbadoğlu əlavə edir ki, indiki qeyri-müəyyənlik şəraitində proqnoz vermək asan deyil:

“Yaxud bir neçə ay ərzində manatın devalvasiyası baş verərsə, onda bağlanan banklarda manatla yerləşdilmiş əmanətlərin dəyərsizləşmə xərcini kim ödəyəcək? Bu tip risklər necə idarə olunacaq? Mərkəzi Bank bu suallara da cavab verməlidir”.

İqtisadçı əlavə edir ki, çox təəssüf, bu gün Mərkəzi Banka da etimad qalmayıb:

“İki həftə əvvəl keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda Mərkəzi Bankın sədri deyirdi ki, bank sektorunun likvidlik səviyyəsi (aktivlərin pula çevrilmə qabiliyyəti) bu gün qənaətbəxş səviyyədədir. Amma 2 həftə sonra 4 bankın fəaliyyəti ödəmə qabliyyəti olmadığına görə dayandırıldı. Görəsən, Elman Rüstəmov kimi aldadırdı: prezidenti, yoxsa xalqı? Onsuz da xalq ona inamını çoxdan itirib, amma prezident onu bu günlərdə yenidən 6-cı dönəmə Mərkəzi Banka sədr təyin etdi. Deməli, xalqın etimadını itirənlərə prezidentin etibarı da yüksək olur. Yoxsa eyni şəxs 25 ildən sonra yenidən ölkənin baş bankiri təyin edilməzdi”.

Dünyada neftin qiyməti kəskin ucuzlaşandan sonra, 2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirib. Bundan sonra 10-dan çox bank bağlanıb. Bu, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib. Bu ilin əvvəlindən də dünyada neft təqribən üç dəfə ucuzlaşıb. Azərbaycanın ixracının təqribən 90 faizi neft və qazın payına düşür.

Ana səhifəİqtisadiyyat“Atabank”la “Amrah Bank”ın lisenziyası ləğv edildi