Ata: Oğlumu Siyəzən polisində işgəncə ilə öldürüblər

“Bölmə rəisi dedi ki, əşi, narkoman idi, sənin də canın qurtardı, Siyəzənin də”

Source: Meydan Tv


“Bölmə rəisi dedi ki, əşi, narkoman idi, sənin də canın qurtardı, Siyəzənin də”

“Meyiti bizə verəndən sonra gətirib evdə açdıq, gördük ki, üzərində işgəncə izləri var. Şəkillərini, videosunu çəkdik, indi polis deyir, bizlik deyil, xəstəxanaya göndərəndə sağ idi, xəstəxanada ölüb. Bizsə yaxşı bilirik ki, şöbədən onun ölüsü çıxıb, sadəcə, bilməyiblər necə ört-basdır etsinlər, meyiti rayondakı Diaqnostika Mərkəzinə göndəriblər, ora qəbul etməyib, Bakıya yollayıblar. Sonra da qaytarıb gətiriblər öz üstümüzə ki, guya xəstəxanada ölüb”.

Siyəzən sakini Ənvər İsmayılov Meydan TV-yə danışır ki, avqustun 2-də Siyəzən Rayon Polis Şöbəsinə aparılan oğlu Tural İsmayılov orada işgəncə görüb və vəfat edib. Meyit avqustun 3-də ailəyə verilib. Ailəyə bildirilib ki, Turalın vəziyyəti şöbədə pisləşib, polislər onu Siyəzən Regional Diaqnostika və Müalicə Mərkəzinə götürüb və orada ölüb. Ancaq atanın iddialarına görə, Tural polis şöbəsindəki işgəncələrə dözməyərək ölüb.


“Şöbəyə aparanda dedilər, biz səni danışdırmağın yolunu bilirik”

“Avqustun 2-də Siyəzənin polis şöbəsinin Cinayət-Axtarış Bölməsinin rəisi Fikrət Məstəliyev başda olmaqla 8 əməkdaşı evə gəldi, Tural yatmışdı, oyadıb stulda oturtdular, əl-qolunu bağladılar, evi axtardılar, iki büküm narkotik tapdılar, dedilər, 8 büküm olmalıdır, qalanı hanı? Tural dedi, mən satanı deyiləm, istifadəçisiyəm, ondan başqa yoxumdur. Turalın telefonlarının yaddaşındakı nömrələrə baxış keçirtdilər, gələn-gedən zənglərlə maraqlandılar, sorğu-sual etdilər. Dedilər, burda danışmırsan, gedək, şöbədə səni danışdırmağın yolunu bilərik. Axşam saat 7 olardı, maşına mindirib apardılar şöbəyə, o gün Turaldan xəbər çıxmadı“, – ata deyir.


“Rəis dedi, narkomandan canın qurtardı”

Ənvər İsmayılovun sözlərinə görə, növbəti gün səhər tezdən polis şöbəsinə gedib, ona bildiriblər ki, Tural şöbədə yoxdur, Siyəzən Regional Diaqnostika və Müalicə Mərkəzinə aparılıb. Müalicə Mərkəzində isə ataya bildirilib ki, polis şöbəsindən gətirilən Tural İsmayılov Mərkəzə qəbul edilməyib:

“Orda öyrəndim ki, Tural axşam saat 10-da şöbədə ölüb, meyitini gecəylə ora gətiriblər, xəstəxana qəbul etməyib. Ordan təcili yardım maşınına qoyub Bakıya – Respublika Xəstəxanasına götürüblər. Şöbənin Xəyyam adlı polis işçisi də öz maşınının nömrəsini çıxararaq təcili yardım maşınını müşayiət edib. Mənə polisdən zəng vurub dedilər ki, Tural Bakıda – Respublika Xəstəxanasındadır. Getdim Bakıya, Respublika Xəstəxanasına çatanda dedilər, meyit morqdadır. Günorta polislər özləri Turalın nəşini maşına qoyub Siyəzənə – evimizə gətirdilər. Meyiti açanda gördük ki, üzərində çoxlu işgəncə izləri var. Oğlumun bədənində salamat yer yox idi. Ona polis şöbəsində olmazın işgəncələr veriblər və sonda ölüb. Şöbənin Cinayət-Axtarış Bölməsinin rəisi Fikrət Məstəliyevə zəng vurdum, dedim, dünən uşağı evdən sağ-salamat aparmısan, bu gün ölüm xəbərini almışam. Dedi: “Əşi, narkoman idi də, sənin də canın qurtardı, Siyəzənin də“. Dedim: “Siyəzən onda ağ günə çıxacaq ki, canı sizin kimi polislərdən qurtaracaq. Siyəzənə narkotiki gətirən də, dövriyyəyə buraxan da elə sizin polis şöbəsidir”. Narkomanlar polis şöbəsini boş yerə “təndir” adlandırmırlar. Narkotik ora gəlir, ordan da isti-isti bütün rayona dağıdılır”.

Ənvər İsmayılov oğlunun ölümünə görə Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarını günahlandırır və ölkə başçısından, daxili işlər nazirindən, Baş prokurordan işi nəzarətə götürmələrini xahiş edir.

Tural İsmayılovun müəmmalı ölümüylə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Məlumatda qeyd olunur ki, avqustun 2-də Siyəzən RPŞ əməkdaşları əməliyyat keçiriblər. Narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən rayon sakini, 31 yaşlı Tural İsmayılovun evində axtarış aparılarkən 8 ədəd bükülüdə psixitrop maddə olan “Metamfetamin” aşkar olunaraq götürülüb. Tural İsmayılov şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Siyəzən RPŞ-nin Müvəqqəti Saxlama Yerinə təhvil verilib. Həmin gün saat 22 radələrində onun səhhəti saxlanıldığı MSY-də qəfildən pisləşdiyindən polis əməkdaşları tərəfindən Siyəzən Regional Diaqnostika və Müalicə Mərkəzinə yerləşdirilib və orada ölüb.

Hazırda faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır. Məlumatda bildirilir ki, ekspert tərəfindən keçirilmiş ilkin xarici müayinə zamanı meyit üzərində hər-hansı xəsarət aşkar edilməyib.

İddia olunan işgəncə izləri
İddia olunan işgəncə izləri
İddia olunan işgəncə izləri
İddia olunan işgəncə izləri
Ana səhifəBölgəAta: Oğlumu Siyəzən polisində işgəncə ilə öldürüblər