Pedro Aqramunt: ”Bu gün şəxsi səbəblərdən AŞPA-ya sədrlik etməmək qərarı verdim”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt istefa verib. P.Aqramunt bu barədə özünün Tvitter səhifəsində yazıb.
“Bu gün şəxsi səbəblərdən AŞPA-ya sədrlik etməmək qərarı verdim”,- P. Aqramunt bildirib.
P.Aqramuntun vəzifədən uzaqlaşdırılması məsələsi uzun müddətdir gündəmdədir. İlk dəfə AŞPA-nın yaz sessiyasında ona etimad məsələsi qaldırılıb, buna səbəb kimi P. Aqramuntun Suriyaya səfəri və orada Bəşər Əsədlə görüşü göstərilib. (“Turan”İA)
Bu il iyunun 27-də AŞPA-nın yay sessiyasının plenar iclasında “Parlament Assambleyasında məsuliyyət prinsipinin tanınması və həyata keçirilməsi” adlı hesabat müzakirəyə çıxarılıb.
İsveçrəli deputat, xanım Lilian Mori Paskyenin hazırladığı hesabatda AŞPA prezidentinin, vitse-prezidentlərin və komitə sədrlərinin vəzifələrindən çıxarıla bilməsi məqsədilə qurumun daxili prosedurunda dəyişiklik edilməsi nəzərdə tutulur.
Çıxışlardan sonra hesabat səs qoyulub və 154 lehinə, 30 əleyhinə, 13 bitərəf olmaqla, qəbul edilib. Bu hesabatın qəbulundan sonra qurumun sədri Pedro Aqramuntun vəzifədən uzaqlaşdırılacağı gözlənilirdi.
P.Aqramunt 2017-ci ilin martında Rusiya nümayəndə heyətinin tərkibində Suriyaya səfərə gedib. Həmçinin Azərbaycan hakimiyyətinin AŞPA üzvlərini ələ alması ilə bağlı “kürü diplomatiyası” ətrafında qalmaqalda adı keçir.
Aqramunt bir neçə il AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin məruzəçisi olub. Və həmin dövrdə hüquq müdafiəçiləri onu Azərbaycan hakimiyyəti ilə əməkdaşlıqda ittiham ediblər. Bundan əlavə, Aqramunt Azərbaycanda siyasi məhbusların azad olunması üçün AŞPA tədbirlərini sabotaj edib.