Aşınma

Xalqın mənəviyyatının aşınması onu xroniki xəstəlik həddinə gətirib.

Source: Meydan.tv


Əhalimizin mütləq əksəriyyəti cəmiyyətə tam laqeyd insan toplumudur

Gəlin özümüzü aldatmayaq: müasir Azərbaycanda demokratiya mümkün deyil. Demokratiya konkret icraçıları və şəraiti tələb edən kollektiv oyundur. Azərbaycanda nə münasib icraçılar, nə uyğun şərait, nə də kollektiv var.

Bu misalı dəfələrlə çəkmişəm: qumsal səhranın ortasında taxtadan və daşdan ev tikmək istəsəniz, mütləq gərək taxta və daşınız olsun. Taxta və daş olmasa, ev tikə bilməzsiniz.

Əgər cəmiyyətdə demokratik vətəndaş yoxdursa, demokratik cəmiyyət qurmaq mümkün deyil.

Mən şəxsən çəkdiyim misalın düzgünlüyünün acısını şəxsi təcrübəmdə görmüşəm: xalqımı olduğundan daha yaxşı zənn etdiyimə görə bütün biliyimi və bacarığımı demokratik Azərbaycan Xalq Cəbhəsinin təşkilinə yönəltmişdim və ümid edirdim ki, xalqımın demokratik potensialını partokratların buxovlarından azad edəcəyəm, hakimiyyəti nomenklaturadan alıb səlahiyyətli sovetlərə, sovetləri isə azad seçkilərlə xalqımızın ləyaqətli və sadiq oğul-qızlarına verəcəyəm.

Bəli, buxovlar qırıldı, kütlə oyandı, qalxdı ayağa və AXC-yə toplaşdı. Lakin demokratiya üçün gəlmədi, cahil və məkrli tayfa agenturasının başçılığı altında sovet quruluşunu yıxdı və əvəzində indi mövcud olan nümunəvi orta əsr istibdadını qurdu.

Xalqım mənə əyani sübut etdi ki, onu yaxşı tanımırdım. Sübut etdi ki, demokratiya nədir, heç bilmirmiş.

Deyə bilərlər ki, Azərbaycanın nəyi və harası Gürcüstandan və Ermənistandan əskikdir? Bu iki qonşu respublikada demokratiya qalib gəlibsə, Azərbaycanda da qalib gələcək. Elə bu anda mən məhzun səslə soruşuram: məgər Gürcüstanda və Ermənistanda demokratiya qələbə çalıb?

Avtoritarizm bütün eybəcərlikləri ilə bu iki dövlətdə meydan sulayır. Hər ikisində qanun ali deyil, hakim zümrənin ötəri maraqları naminə ayaq altına sərilən palazdır.

Lakin hər iki dövlət nisbətən kasıb olduğundan varlı Qərbdən maddi dəstək almaq naminə demokratiya şəbədəsini oynayır. Əhalinin bir hissəsi bu şəbədəyə uyub səmimi-qəlbdən inanmağa başlayıb ki, həyatda möcüzə ola bilər və bu möcüzə onların doğma vətənində baş verib, demokratiya qurublar. Əslində isə onlar yanılırlar və özlərini aldadırlar.

Gürcüstanda hakim məmur təbəqəsi öz şəksiz rəhbəri milyarder Bidzina İvanişvilinin və onun müridlərinin başçılığı altında sərt intizamı olan cəbr maşını qurub və bu maşının köməyi ilə yerli əhalini itaətdə saxlayır. Gürcü xalqı nə qədər özündən razı və təkəbbürlü olsa da, nəticə etibarilə adı insanlardan ibarət xalqdır, buna görə onu həm aldatmaq, həm qorxutmaq mümkündür. Aldadırlar və qorxudurlar. “Gürcü arzusu” təşkilatı artıq altinci seçkidir ki, müəyyən siyasi texnologiyaların köməyi ilə qalib çıxır. Yerli seçkiləri bu dəfə də apardı və bundan sonra da tədricən Rusiya ilə münasibətlərini səhmanlamaqda davam edəcək.

Onu da unutmaq lazım deyil ki, Gürcüstanın taleyini yalnız gürcülər deyil, həm də ruslar, amerikanlar və avropalılar müəyyənləşdirir.

Ermənistanda da oxşar mənzərədər. Erməni əhalisinin xəstə məfkurəsini xarici texnoloqlar 200 ildir ki, yerli əlaltılarının köməyi ilə elə sazlayıb-səhmanlayıblar ki, bu insan sürüsünü istədikləri səmtə yönəldə bilirlər. Son qərar belə olub ki, şərait yetişib və artıq Qərbə yönəlməyin dəmidir. Lakin Qarabağ müşkülü Ermənistana bu yeni səmtə dönməyə imkan vermirdi. Nə etməli?

Son üç il ərzində nə ki lazım idi, edildi. Nəticə göz önündədir: Ermənistan hökuməti Türkiyə və Azərbaycanla barışıb erməni kütləsinin ruhuna hakim kəsilmiş türk vahiməsini aradan qaldıracaq və tədricən səmtini Qərbə tutacaq. Ermənistanda Rusiya da qalacaq, Qərb də gələcək, necə deyərlər, “ağıllı buzov iki inək əmər”.

Azərbaycana gəldikdə, vəziyyət bir qədər qəlizdir. Bizim hakim zümrənin cibini doldurmaq üçün xaricdən hansısa mənbə axtarmaq qayğısı yoxdur. Allah-təala Azərbaycana zəngin təbii sərvət bəxş edib. Hakim zümrəyə də çatır, kasıb-küsubun ağzını yummaq üçün qəpik-quruşa da bəs edir.

Lakin bu vəziyyətin də əmması var: mövcud quruluş daima təhlükədədir. Nədir bu əmma?

1.Hakim zümrənin gözü doymur. Nə qədər qapırsa, bir o qədər də çox qapmaq istəyir. Nə qədər çapırsa, yenə də çapmaq istəyir. Bu, mədəniyyət və tərbiyə, ənənə və vərdiş məsələsidir. Görünür, bu insanlara tərbiyə verərkən, əndazə məfhumunu unudublar. Necə deyərlər, kulturoloji müşkül bizim ölkədə çevrilib bir nömrəli siyasi müşkülə, başbilənlərimiz onu heç cür çözə bilmirlər, sadə dillə desək, hakimiyyəti məngirləmiş vücudların iştahını heç cür cilovlaya bilmirlər. Atalar sözünü unudurlar ki, “çox yemək adamı az yeməkdən də qoyar”.

2.Kasıb-küsubun gözü açılıb, dünyanın bəxtəvər xalqlarının və insanlarının yaşayış tövrünü görürlər və onlar da belə yaşamaq istəyirlər. Lakin bu gözəl məqsədə nail olmağın yolunu bilmirlər. Bir hissəsi hesab edir ki, ağlayıb-sızlasa, “cənab Ali Baş Komandan”ın ona yazığı gələcək və yavuqlaşıb gözünün yaşını siləcək, cibindən xöşbəxt həyatı təmin etmək üçün lazım olan məbləği çıxarıb dövlət himninin sədalarının müşayiəti ilə qoyacaq onun açıq ovcuna. Bəziləri isə, etiraf edək ki, belələrinin sayı çox deyil, bu şirin nağıla inanmayıb hesab edirlər ki, xoşbəxtliyi dilənməklə deyil, döyüşməklə almaq lazımdır. Bunun üçün onlar sayı əllini keçmiş partiyalara qoşulub hakimiyyətə mitinq yolu ilə gəlməyi arzulayırlar. Cox çalışırlar, çox əlləşirlər, lakin nə mitinq alınır, nə də hakimiyyət gəlib düşür onların açıq ovuclarına.

Düzünü demək lazımdır ki, Azərbaycanda heç kəs hakimiyyətə seçki yolu ilə gəlməyin mümkünlüyünə inanmır. Zira bizim ölkədə seçkini udmaq üçün əvvəl gərək icra hakimiyyətini götürəsən əlinə (mitinq, yaxud hərbi çevriliş, fərqi yoxdur), ondan sonra seçki komissiyaları da, məktəb müəllimələri də sənin buyurduğun kimi işləyib sənin labüd qələbəni daşdan keçən rəqəmlərlə sübuta yetirəcəklər. Seçkidə qələbənin əsas möhürünü isə Konstitusiya Məhkəməsindən öncə bizim dövlətdə etiraz edən vətəndaşların başlarına enən polis zopaları vurur.

Əhalimizin mütləq əksəriyyəti cəmiyyətə tam laqeyd insan toplumudur. Dahi Sabirin yüz iyirmi il bundan əvvəl dediyi “nə işim var” sözləri azərbaycanlıların həyat fəlsəfəsinin mayasında yatır. Kənd icması dağılıb, şəhər icması təşəkkül tapmayıb, millət hələ formalaşmayıb. Say var, kəmiyyət var, keyfiyyət yoxdur. Niyəsi bəllidir: labüd tarixi inkişaf mərhələləri keçilməyib, zəruri bilik və vərdişlər hasil olmayıb.

Bu acınacaqlı mənzərə tək bizim ölkədə deyil. Afrika və Latın Amerikası ölkələrinin hamısı, müsəlman ölkələrinin mütləq əksəriyyəti, Asiya və Avropa ölkələrinin yarısı bu kökdədir. Rəsmi statistika deyir ki, dünyada demokratik ölkələrin sayı durmadan artır. Mən bu rəqəmlərə inanmıram. Demokratik sayılan dövlətlərin çoxunda demokratiyanın təməl meyarları, tərkib hissələri yox dərəcəsindədir.

İnamsızlığımı son ABŞ seçkiləri möhkəmləndirdi. Ona görə yox ki, Trampın seçilməsini arzulayırdım. Əsla yox, əksinə, hesab edirdim ki, Tramp kimi bir adamın ABŞ prezidenti seçilməsi demokratiyanın qüsurlu quruluş olmasının danılmaz sübutudur. Lakin onun ikinci dəfə seçilməməsi demokratiyanın tam zəifliyinin təsdiqi oldu. İş o yerə çatdı ki, ABŞ prezidentinin söz hüququnu əlindən aldılar. Demokratiyanın mükəmməllikdən tam uzaq quruluş olmasına bundan daha parlaq dəlil ola bilməzdi.

Cəmiyyətimizin demokratiyadan hədsiz uzaq olmasına sübut bizim vətəndaşların müasir cəmiyyətlər üçün xərçəng xəstəliyi qədər təhlükəli olan korrupsiyaya loyal münasibətidir. Azərbaycanlıların əksəriyyəti, vəzifədə olmayanda korrupsiyanı lənətləyir. Elə ki, vəzifəyə təyin olundular, birinci işi ona müyəssər büdcə pullarını mənimsəmək üçün özünə tabe qurumlar təsis etmək, dövlət sifarişlərini bu qurumlara verməyi təmin edəcək acgöz və ələbaxan adamları müvafiq vəzifələrə yerləşdirmək olur.

Təbii ki, bu alçaq işlərini həyata keçirdiyi əsnada vətənə və prezidentə sədaqəti barədə bir an belə susmadan çərənləyir.

Ən acınacaqlı hal isə odur ki, sovet quruluşunun çökdüyü əyyamda nomenklatura marallarının çoxminli yeyintiləri barədə qəzəblə danışan və qışqıran əhali indi nəinki lal-dinməzdir, xeyr, əksinə, bu cür əməlləri tam təbii sayıb “bacarana can qurban, bacarmayana daş qurban” deyir.

Xalqın mənəviyyatının aşınması onu xroniki xəstəlik həddinə gətirib. “Pandora dosyesi” əhalimizin heç vecinə deyil.

Sözümün canı nədir? Fikrim oxucularıma bədbinlik ruhu təlqin etmək deyil. Əksinə, məqsədim vətənini və xalqını sevən insanlara daha şüurlu, daha səmərəli çalışaraq fil qulağında yatmış vətəndaşlarımızı maarifləndirmək, təşkilatlandırmaq, ona öz şəxsi və milli hüquqları uğrunda savadlı mübarizə üsullarını və vərdişlərini aşılamaq çağırışı etməkdir.

Təbii ki, bu çağırışa riayət etmək çox çətindir. Oxumaq, savadlanmaq zəhmətinə qatlaşmaq lazımdır. Ona hazır olmaq lazımdır ki, cahil, çox zaman davakar və qəzəbli sadə insanların arasına girib onların gözləmədiyi, sevmədiyi sözləri deyəcəksən və əvəzində tənə və təhqir eşidəcəksən. Bilməlisən ki, kütlə səni anlamayacaq və özünə yad, hətta düşmən sayacaq.

Lakin bu zavallı xalqı “qaranlıqdan aydınlığa” çıxarmağın başqa yolu yoxdur. Çətin yoldur, lakin düzgün olanı budur.

Asan yol var, adına “mitinq yolu” deyirlər. O yolla gedib-gedib indiki yerə çıxmışıq.

Həvəsi olan daha bir kərə sınaqdan keçirsin.

Ana səhifəMənim FikrimcəAşınma