”Asan iş yoxdur”

“Asan iş var ki? Hər bir iş çətindir. Bəzi asan işlər var, amma o da bizlik deyil. Kənd həyatıdır, hardansa dolanmaq lazımdır”.

Bu sözləri Göyçay rayon sakini Füzuli Ümidov deyir. O, xurma bağının sahibkarıdır. Füzuli Ümidov sözlərinə görə, bu il şaxtalı havalar tez düşdüyündən yığıma da tez başlayıblar:

“Yığım oktyabr ayından başlayır, yanvara qədər davam edir. Şaxta düşməsə, daha gec də yığmaq olar”.

“İki hektara yaxın sahədə yığım üçün ən azı 10 nəfər olmalıdı” – deyən sahibkar məcburən fəhlələrin köməyindən istifadə edəcəyini deyir:

“Xurma yığmaq asan deyil. Ağac var ki, hündürlüyü 3 metrdir. İndi burda öz ailəmdi. Sabahdan fəhlə çağıracam. Bir günə 200 yeşik yığmaq olur. 2-3 günə bitəcək yığım. Fəhlənin bir günü 15 manatdır. Səhər saat 8 də gəlir, 5 tamamda gedir. Yemək-içməyi də bizdəndi”.

Füzuli Ümidov agaclara baxa bilmək üçün çox xərc çəkdiyini deyir:

“Təkcə gübrəsinə 500-600 manat xərc çıxır. Ağacların budanması, təmizlənməsi, suvarılması, hətta aparmaq üçün maşının da xərci ayrıdır. Birtəhər dolanırıq. Hər kəs çörək puluna çıxır” .

Ana səhifəVideo”Asan iş yoxdur”