Artur Rəsizadə 10 aydır prezidentin tapşırığını yerinə yetirmir

Müzəffər Baxış: Prezidentin müddətlər göstərilən, amma yerinə yetirilməyən minlərlə fərmanı var

Fuad Ağayev: Belə siyasət davam edərsə, 5-10 ildən sonra Azərbaycanda daşınmaz əmlakın əhəmiyyətli hissəsi həmin qrupların əlində cəmləşəcək

Source:


Müzəffər Baxış: Prezidentin müddətlər göstərilən, amma yerinə yetirilməyən minlərlə fərmanı var


Fuad Ağayev: Belə siyasət davam edərsə, 5-10 ildən sonra Azərbaycanda daşınmaz əmlakın əhəmiyyətli hissəsi həmin qrupların əlində cəmləşəcək

Prezident Ilham Əliyev hələ 2010-cu ildə Bakı və ətraf qəsəbələrdəki qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı məsələni qaldıranda ictimaiyyətdə “buzun tərpəndiyi” ümidi yarandı. Çünki təkcə paytaxtda və ətraf qəsəbələrdə 500 minə yaxın sənədsiz ev vardı. Prezident sənədsiz tikililər məsələsinin paytaxt üçün ciddi sosial problemə çevrildiyini bəyan etdi, ardınca da şəhər rəhbərliyinə sənədləşmə ilə bağlı xüsusi tapşırıq verdi.

2012-ci ilin iyun ayında isə magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında sərəncam imzalandı. Bu ilin yanvarın 13-də isə sənədsiz evlərlə bağlı problemin həllinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə fərman imzalandı.

Fərmanın III bəndi kolxoz və soxvoz dövründə verilən torpaqlarda tikilmiş evlərin taleyi ilə bağlıdır. Nazirlər Kabinetinin 3 aya təklif verilməsi qeyd olunsa da, 10 ay keçib, amma hələ təklif yoxdur. Fərmanın maraqlı detalı müstəqilliyinin 24-cü ilini yaşayan Azərbaycanda hələ kolxoz və soxvoz dövründə verilən torpaqlarda tikilmiş evlərin naməlum taleyinin vurğulanmasıdırsa, ikinci məsələ isə fərmandan 10 keçməsinə baxmayaraq Nazirlər Kabinetinin (NK) hələ də prezidentin tapşırıqlarını yerinə yetirməməsidir. Yəni NK-ya 3 ay ərzində təklif verilməsi tapşırılsa da, bugünə qədər prezidnetin fərmanı yerinə yetirilməyib.

Baxmayaraq ki, paytaxtın bir sıra rayonlarının icra strukturları bu yöndə addım atmışdılar. Məsələn, Səbail rayon İcra Hakimiyyətinin memarı Ramiz Xəlifəli Azadlıq Radiosuna yeni tikinti məcəlləsi hazırlananda onlar rayon ərazisindəki bütün sənədsiz tikililərin siyahısının Bakı şəhər İcra Hakimiyyətinə təqdim etdiklərini bildirmişdi.

Amma prezidentin 5 il əvvəl verdiyi göstərişləri, həm də 10 əvvəl imzaladığı fərmandan irəli gələn tapşırıqlar gecikir.

Hüquqşünas Fuad Ağayev məsələnin bu qədər yubadılmasının səbəbini hakimiyyətdaxili ayrı-ayrı qrupların mövqeyinə bağlayır (Azadlıq Radiosu). Onun fikrincə, daşınmaz əmlakın xeyli hissəsi müxtəlif qrupların əlində cəmləşdiyindən vəziyyət bu həddə çatıb:

“Belə siyasət davam edərsə, 5-10 ildən sonra Azərbaycanda daşınmaz əmlakın əhəmiyyətli hissəsi həmin qrupların əlində cəmləşəcək. İndi cəmləşdiyi kimi”,-deyə hüquqşünas bildirib.

O, dövlət başçısının özünün məsələyə müdaxilə etməsini vacib sayır: “Əgər prezidentin sərəncamlarına və şifahi göstərişlərinə əməl olunmursa, dövlət başçısının özü tədbir görməlidir. Bunun başqa yolu yoxdur”.

Onun həmkarı Müzəffər Baxış isə Meydan TV-yə bildirib ki, prezidentin müddətlər göstərilən, amma yerinə yetirilməyən yüzlərlə fərmanı var: “Məsələn, 2005-ci ildə vəzifəli şəxslərin öz gəlirləri barəsində bəyannamə haqqında qanun qəbul edilib. Sənəddə Nazirlər Kabinetinə müəyyən tapşırıqlar verilib. Ancaq 10 il ötür, heç kimdən bu barədə sorğu-sual da etmirlər”.

İndiki halda sənədsiz evlərdə yaşayan əhali nə etməlidir sualına hüquqşünasın cavabı belə oldu: “Azərbaycanda hüquqi mexanizm olmadığından suala cavab vermək çətin olur. Bilirsiniz, Azərbaycan hüquqa söykənən dövlət olmadığından əhalinin kimə müraciət etməsi açıq qalır. Bir daha deyirəm, prezidentin həyata keçməyən fərmanları var, amma əməl edilmir. Problem ondadır ki, buna görə Nazirlər Kabinetini də məhkəməyə vermək olmur. Əslində, normal dövlətlərdə Nazirlər Kabineti ya istefaya göndərilər, ya da qanuni tədbirlər görülərdi. Amma Azərbaycanda hüquq işləmədiyindən minlərlə bu cür fərmanlar yerinə yetirilməmiş qalır”.

Ana səhifəXəbərlərArtur Rəsizadə 10 aydır prezidentin tapşırığını yerinə yetirmir