“Artıq Rəsulzadə məhbusumuz da var”

Mingəçevir Şəhər Məhkəməsi Ceyhun Rzayevə 10 günlük həbs cəzası verib

Source: Facebook

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ceyhun Rzayev inzibati qaydada on günlük həbs edilib. Mingəçevir Şəhər Məhkəməsində mayın 10-da onun haqqında belə qərar çıxarılıb. Qərara əsasən, AXCP fəalı İnzibati Xətalat Məcəlləsinin 535.1 (polis əməkdaşının qanuni tələbinə tabe olmamaq) maddəsilə təqsirli bilinib.

Amma üzv olduğu partiya polisə müqavimət ittihamının saxta olduğunu, C.Rzayevin əslində, Məhəmməd Əmin Rəsulzadənin şəklini asmağa görə cəzalandırıldığını iddia edir.

Cəbhəçi fəal mayın 9-da faşizm üzərində qələbənin 75-ci ildönümündə Mingəçevirdə İkinci Dünya Müharibəsinə aid abidənin üzərinə Azərbaycan Demokratik Respublikasının qurucusu M.Ə.Rəsulzadənin şəklini vurub.

“Jurnalist Elçin Həsənzadə də həmin vaxt orada olub və Ceyhun Rzayevin Rəsulzadənin şəklini asmasını çəkib. Dərhal ora polislər gəlib. Həm Ceyhun Rzayevi, həm də jurnalisti Mingəçevir Şəhər Polis Şöbəsinə aparıblar. Sonradan jurnalist buraxılıb. Ceyhun Həsənova isə mayın 10-da məhkəmənin qərarıyla 10 sutka həbs cəzası veriblər”, – AXCP-dən Meydan TV-yə bildirilib.

Məlumatda o da qeyd olunur ki, son bir ayda AXCP-nin 18 fəalı həbs olunub: “Artıq Rəsulzadə məhbusumuz da var…”

Həbs olunan AXCP fəalları arasında partiya sədri Əli Kərimlinin köməkçisi, mühafizəçiləri də var. AXCP üzvü, eyni zamanda, partiya sədrinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədov öncə 30 sutkalıq həbs edilib, Binəqədi təcridxanasında saxlansa da, sonradan DTX-ya köçürülüb. Partiya onun DTX-da Ə.Kərimli əleyhinə ifadə verməsi üçün işgəncəyə məruz qaldığını bəyan edib. Vəkili də onunla görüşə bilməyib.

AXCP sədrinin müavini Seymur Həzi hesab edir ki, istər partiya üzvlərinin kütləvi həbsi, istər Ə.Kərimlinin telefon və internet əlaqələrinin məhdudlaşdırılması, istərsə də N.Əhmədov ətrafında baş verənlər partiyaya qarşı xüsusi planın tərkib hissəsidir.

Ana səhifəSiyasət“Artıq Rəsulzadə məhbusumuz da var”