Arif Məmmədov Azərbaycan Naminə Demokratiya hərəkatından istefa verib

Bu gündən etibarən fəaliyyətimi müstəqil siyasətçi kimi davam edəcəyəm

Source: meydan tv


Keçmiş səfir istefasının səbəbini açıqlamayıb

Keçmiş diplomat Arif Məmmədov mayın 22-də Azərbaycan Naminə Demokratiya (AND) hərəkatının həmsədr vəzifəsindən və hərəkatdan istefa verib.

Bu barədə o “Facebook” səhifəsində məlumat paylaşıb.

Arif Məmmədov istefasının səbəblərini açıqlamasa da bildirib ki, siyasi baxışlarında və mövqeyində heç bir dəyişiklik yoxdur:

“Ən böyük arzum Azərbaycanın demokratik qüdrətli dövlət olmağına nail olmaqdır. Bu gündən etibarən fəaliyyətimi müstəqil siyasətçi kimi davam edəcəyəm”.

Arif Məmmədov deyib ki, AND-ın İdarə Heyyətinin üzvlərini istefası barədə əvvəlcədən məlumatlandırmayıb:

“Düşündüm ki, öncədən desəm dostlar fikrimi dəyişdirməyə çalışacaqlar”.

Onun istefası haqda AND Hərəkatı açıqlama yayıb.

Bildirilib ki, hərəkat daxilində hər hansı fikir ayrılığının olmadığı bir dövrdə belə bir bəyanatın verilməsi AND Hərəkatı İdarə Heyəti üçün gözlənilməz olub:

“AND Hərəkatı ictimai əsaslarla fəaliyyət göstərən bir təşkilatdır. Təşkilata üzvlük könüllülük prinsipinə söykənir. Hörmətli Arif Məmmədovun istefasını anlayışla qarşılayırıq. AND Hərəkatının yaranmasında və inkişafında Arif Məmmədovun xidmətləri əvəzolunmazdır. AND İH olaraq hörmətli Arif Məmmədova Hərəkat qarşısındakı xidmətlərinə görə təşəkkür edir və Gələcək fəaliyyətində ona uğurlar arzulayırıq. Əlavə olaraq bildiririk ki, Arif Məmmədovla AND Hərəkatının strukturlarında təmsil olunan heç bir şəxs və eləcə də hərəkatın seçkili strukturları arasında fikir ayrılığı, anlaşılmazlıq yoxdur”.

Arif Məmmədov 2000-ci ilin may ayından 2006-cı ilin noyabr ayınadək Brüsseldə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri işləyib. 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi olub. 2013-cü ilin iyun ayından etibarən Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri kimi çalışıb.

Arif Məmmədov 2015-ci ilin mayında hakimiyyəti tənqid etdikdən sonra vəzifəsindən azad edilib. Ardınca onun barəsində cinayət işi açılıb və o, beynəlxalq axtarışa verilib. Arif Məmmədov dövlətə külli miqdarda ziyan vurmaqda, büdcə vəsaitlərinin qanunsuz istifadəsində ittiham olunur.

O, bu addımları hökuməti tənqidinə cavab hesab edir.

Vəzifədən kənarlaşdırıldıqdan sonra Belçika Krallığından siyasi sığınacaq alıb.

Azərbaycan Naminə Demokratiya (AND) hərəkatı 2016-cı ilin sentyabr ayının 11-də Strasburq şəhərində Azərbaycandan olan bir qrup mühacir tərəfindən yaradılıb.

Ana səhifəXəbərlərArif Məmmədov Azərbaycan Naminə Demokratiya hərəkatından istefa verib