Mənbə: Meydan TV

Arif Hacılının "Pirr qələbəsi"

Məqalə yeniləndi:  14 Oktyabr 2019

Məncə, müsavatçılar və onların indiki kapitanının ciddi-ciddi düşünməli olduqları məsələ var

Romalılarla bir döyüşdən sonra yunan çarı Pirr belə demişdi: “Əgər, romalılar üzərində daha bir belə qələbə qazansaq, biz ordusuz qalarıq və məhv olarıq”. O vaxtdan “Pirr qələbəsi” ifadəsi həddən çox baha başa gəlmiş və məğlubiyyətə bərabər qələbələr haqqında işlənir.

Cəmiyyətdə çox qeyri-populyar və aşağı reytinqə malik olan Arif Hacılının partiyanın IX Qurultayında başqan seçkilərindəki qələbəsini “Pirr qələbəsi” adlandırardım. Bu müxalifət partiyasının başqanlığına namizədlərin seçkiqabağı təbliğat kampaniyasını bütün cəmiyyət izləyirdi. Bir sıra reytinqli internet telekanallarının keçirdiyi interaktiv sorğuların nəticələrinə görə, Azərbaycan müxalifətinin ən parlaq liderlərindən biri olan Tofıq Yaqublu rəqiblərindən ölçüyəgəlməz dərəcədə üstün idi. Bəs, belə bir şəraitdə, bu, necə baş verdi? Necə oldu ki, cəmiyyətin Tofiq Yaqubluya bu qədər güclü dəstək verməsinin Arif Hacılı və qurultay nümayəndələri üçün heç bir əhəmiyyəti olmadı? İctimai rəyə bu qədər sayğısızlıq edərək, dar korporativ partiya maraqlarını üstün tutmağı necə başa düşək? Əgər cəmiyyətin mövqeyinə məhəl qoymursunuzsa, parlament və prezident seçkilərində, mitinqlərinizdə cəmiyyətdən necə dəstək istəyəcəksiniz?

Müsavat Partiyasının qurultayından

Müsavat Partiyasının qurultayından

Mənbə: Mehman Kamran

Mən yunan çarı Pirrin əhvalatını təsadüfən xatırlatmadım. Belə ki, partiyanın IX Qurultayı məndə və Azərbaycan cəmiyyətiində çox ağır təəssürat yaratdı. Demokratiya haqqında danışa-danışa özümüz nə edirik? Bildiyiniz kimi “demokratiya” yunan sözüdür və mənası xalqın hakimiyyəti deməkdir. Sadə bir sual yaranır, qeyri-populyar Arif Hacılını müdafiə edən qurultay nümayəndələri bu xalqın neçə faizini təmsil edirdilər?

Məncə, müsavatçılar və onların indiki kapitanının ciddi-ciddi düşünməli olduqları məsələ var. Təqaüdə çıxmağa hazırlaşan kapitan Edvard Smit, özünün sonuncu səfəri olması səbəbindən aysberqlər haqqında edilmiş yeddi xəbərdarlığı nəzərə almadı və tam sürətlə irəliləyən “Titanik”i buz dağına çırpdı.

Hörmətli müsavatçılar, bu analogiya sizin üçün yetərlidir, yoxsa, özünüzü elə aparacaqsınız ki, heç nə baş verməyib və yenə də xalqın adından danışmağa davam edəcəksiniz? Bu yerdə Avraam Linkolnun bir frazasını xatırlamaq yerinə düşər: “Xalqın bir hissəsini həmişə, bütün xalqı bir müddətə aldatmaq mümkündür, amma bütün xalqı həmişə aldatmaq mümkün deyil”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  14 Oktyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/26mdhg

Ən çox baxılan