Arif Alışanov iki kəndin pay torpaqlarını necə alıb?

Notarial sənədlərə görə, ümumilikdə Şamaxıda 42.08 ha torpaq sahəsi keçmiş AzTV sədrinin adınadır

Source:
Vəli Əkbərov və Arif Alışanov
Vəli Əkbərov və Arif Alışanov


Notarial sənədlərə görə, ümumilikdə Şamaxıda 42.08 ha torpaq sahəsi keçmiş AzTV sədrinin adınadır

Şamaxının Nağaraxana və Qızmeydan kəndləri sakinlərinin çoxu təsərrüfatla məşğul ola bilmir. Çünki illər öncə dövlətin onlara verdiyi pay torpaqlarını satıblar. Torpaqların çoxunu “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov alıb.

Prezident İlham Əliyevin sərəncəmı ilə ötən həftə işindən azad edilən 58 yaşlı Arif Alışanov 1977-ci ildən AzTV-nin Komitəsində çalışmağa başlayıb.

16 avqust 2006-cı ildən o, adıçəkilən teleşirkətin sədri vəzifəsində işləyib. 2010-cu ilin noyabrında keçirilən parlament seçkiləridə 45 saylı Abşeron seçki dairəsindən Milli Məclisə deputat seçilib və 5 il millət vəkili olub. O, 2011-ci ildə ölkə başçısının sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

2010-cu ildən AzTV-yə dövlət büdcəsindən 2 milyarda yaxın pul ayrılıb.

Son bir ildə isə Arif Alışanov gündəmə məhkəmə xəbərləri ilə gəlib. Bir zamanlar torpaq alqı-satqısında AzTV sədrinə yardımçı olmuş Şücayət Əkbərov Arif Alışanova və yaxınlarına sui-qəsd planı hazırlamaqda ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb. İttihamları rədd edən Ş.Əkbərov isə hesab edir ki, Arif Alışanovla keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov arasında yaxınlıq

var

.

Qızmeydan
Qızmeydan

Kəndlilərin ehtiyaclarından, kasıbçılığından çox yaxşı istifadə etdi, varlandı

30 ildən çoxdur ki, Qızmeydan kəndində yaşayan 65 yaşlı Nazim Sarıyev (şərti addır) deyir ki, 6 nəfərlik ailəsinin 26 hektara yaxın pay torpağı olub. İllər öncə həmin torpaqları 27 400 manata Arif Alışanova satıb:

“İndi deyəcəklər ki, könüllü satıb, niyə gileylənirsən? Bu gün də gəlib kəndliyə desən ki, torpağının yarısını mənə sat, satar. O qədər xəstəsi, problemi, ehtiyacı olan var ki… Kənddə elə adam tanıyıram ki, pulu olmadığı üçün uşağına toy edə bilmir. Hətta toy bir yana, heç evinə şəkər, yağ, çay ala bilmir”.

N.Sarıyev deyir ki, Şamaxı səfalı yer olduğundan burada torpaq, mal-mülk alan məmur az olmayıb. Onların çoxu kəndlilərin pis vəziyyətindən, kasıblığından istifadə edib. A.Alışanov onlardan sadəcə biridir:

“Kəndlilərin ehtiyaclarından, kasıbçılığından çox yaxşı istifadə etdi, varlandı. 10 il əvvəl idi. Kənddə torpağını satmaq dəb olmuşdu. Biz də ikinci oğlumu evləndirəcəkdik. Ona iki göz daxma tikmək üçün əvvəlcə torpağımın yarısını, sonra yoldaşımın əməliyyatına görə qalan hissəsini satdım. Bu gün başımıza-gözümüzə döyə-döyə qalmışıq, nə fayda? Dörd oğlum var. Biri xəstədir, yanımdadır, pensiyayla dolanır. Biri Moskvada, digər ikisi isə Bakıda fəhləlik edir. Kəndliyik, bu gün arpadan, buğdadan əkib-becərib dolana bilərdik. Ancaq gözümüzü pensiyaya dikmişik. Yarıac-tarıtox yaşayırıq. Torpaq olsaydı, bəlkə oğlanlarım da ailələrini atıb, kənara getmək məcburiyyətində qalmazdılar”.

N.Sarıyev deyir ki, ümumiyyətlə, kəndlərində boş torpaq qalmayıb. Almaq da mümkün deyil. Tək-tük satan olur, ona da kəndlinin gücü çatmır:

“Od qiymətinə deyirlər, hardandı bizdə o qədər pul?! Həmin torpaqları da ancaq məmurlar ala bilər. Baxın, kəndlərimizdə villaların sayı günü-gündən artır. Bələdiyyəyə də müraciət edirsən, deyir, bir qarış da torpaq qalmayıb. Kənddə şəhərli kimi yaşayırıq”.

Alışanovlar ən çox 2 kənddən – Qızmeydan və Nağaraxanadan torpaq sahələri alıblar.

Qızmeydan kəndindən ümumilikdə 101, Nağaraxanadan isə 198 hektar. Hamısı da kənd təəsrrüfatı təyinatlıdır.

Nağaraxana kəndinin torpaqları Şamaxıda ən bahalı satılanlar arasındadır. Notarius sənədlərindən görünən odur ki, Alışanovlar həmin illərdə Qızmeydan kəndində torpağın hektarını 1000-1500, Nağaraxana kəndində isə hektarını 4000-5000 manatdan alıb.

2018-ci ilin satış elanlarından bəlli olur ki, bu gün Qızmeydan

kəndində

 torpağın hektarı 4800,

Nağaraxanada

 isə 110 min manatdır.

Beləliklə, Arif Alışanovun təxminən 100-150000 min manat pul xərcləyib Qızmeydandan aldığı 101 hektar torpaqların qiyməti bu gün 485 min manata qalxıb. A.Alışanov 335 min manat qazanıb.

700-900 min arası pul xərcləyib Nağaraxana kəndindən aldığı 198 hektar torpağın qiyməti isə bu gün təxminən 21,5 milyona qalxıb. Bu kənddən isə 20 milyona yaxın kar əldə edib.

Sürücüyə məxsus torpaqlar

Arif Alışanovun zərərçəkən kimi tanındığı məhkəmə sənədlərinin birində adı AzTV sədrinin sürücüsü kimi

keçən

 Hacı Babayev 2007-ci ildən bu yana Şamaxının müxtəlif kəndlərindən torpaq sahələri alıb. Əldə etdiyimiz notarial sənədlərə görə, ümumilikdə Şamaxıda 42.08 ha torpaq sahəsi onun adınadır.

– 2007-ci ildə Şamaxının Qızmeydan kəndindən 3.933177 ha

– 2009-cu ildə isə Nağaraxana kəndindən 3.7787 ha

– 2013-cü ildə Qızmeydandan 5.78 ha

– 2.91 ha Əhmədli kəndindən

– 2014-cü ildə ümumi olaraq Qızmeydan kəndindən daha 18.95 ha əldə edib.

– 2014-cü ildə Qaleybuğurt kəndində 6.73 ha

Onun adına alınan ən çox torpaq sahəsi 2014-2016-cı illərdə olub.

2014-cü ildə Kürdəmir rayonunun Karrar kəndindən də 28.350 hektar torpaq alıb.

2015-ci ildə Şamaxının Qaleybuğurt kəndindən 1 ha, 2016-cı ildə isə Çuxuryurddan 2.36 hektarlıq torpaq və 1 milyon 300 min manat dəyəri, 2.1424 hektar ərazisi olan ferma satın alıb.

Nağaraxana
Nağaraxana

Alışanov, bu illərdə Şamaxının təkcə Nağaraxana kəndindən 170 hektar kənd təsərrüfatı təyinatlı olan torpaq sahəsi alıb.

Azərbaycan reallığında 500-1000 manat civarında əmək haqqı alan sürücünün bu qədər torpağı hansı pulla aldığı haqda hər hansı məlumat yoxdur.

Alışanovun ailəsinin sahib olduğu torpaqlar

Arif Alışanovun həyat yoldaşı Mehriban Alışanovanın adına da Qızmeydan kəndində xeyli torpaq sahəsi rəsmiləşdirilib. Sənədlərdən görünən odur ki, o, 2013-cü ildə bu kənddən 30 hektar 28 sot torpaq sahəsi alıb.

Arif Alışanovun kiçik qızı Nigar Alışanovanın adına da Şamaxının müxtəlif kəndlərində torpaq sahələri alınıb. 2009-cu ildə Şamaxının Qızmeydan kəndindən 15 hektar, Əhmədli kəndindən isə 6 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi alınıb.

Alışanovun böyük qızı Aynur Alışanovanın adına da xeyli torpaq sahəsi rəsmiləşdirilib. Sənədlərə görə, o, 2009-cu ildə Şamaxının Əhmədli kəndindən 1 hektar, 2017-ci ildə isə Nağaraxana kəndindən 9 hektar 12 sot torpaq alıb.

Aynur Alışanovanın keçmiş həyat yoldaşı Fərid Aşurbəyovun adına da xeyli torpaq sahələri var. 2009-cu ildə Qızmeydandan 27 hektar, 2015-ci ildə isə Nağaraxana kəndindən 11 hektar torpaq sahəsi alıb.

Arif Alışanovun qardaşı Habil Alışanovun adına isə cəmi bir sənəd var. O, 2016-cı il fevralın 18-də Şamaxının Nağaraxana kəndindən 3 hektar 37 sot torpaq sahəsi alıb. H. Alışanov eyni zamanda Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətinin rəis müavinidir.

A.Alışanov Şamaxıdakı torpaqları alqı-satqı işi ilə məşğul olan Şücayət Əkbərovdan alıb.

2018-ci ilin fevral ayında isə Alışanov Şücayət Əkbərovun onu dolandırdığını, verdiyi pulların qarşılığında ona torpaq satmadığını, özünün və yaxınlarının həyatına qəsd etməkdə ittiham edib.

İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan

hökmə

 əsasən, təqsirləndirilən şəxslərdən Şücayət Əkbərov 18, Qoçalı Cəbiyev 17, Zöhrab Şirinov 16, Aqşin Hüseynov isə 1 il 4 ay azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd, dələduzluq, qanunsuz silah saxlama maddələri ilə təqsirləndiriliblər.

İşlə bağlı keçirilən məhkəmə proseslərinin heç birində iştirak etməyən Alışanov istintaqa

ifadəsində

 bildirib ki, o, Şücayət Əkbərova 2012-ci ildə ona torpaq sahəsi alması üçün 1 500 000 manat verib. Ancaq o, torpaqların alınması üçün heç bir iş görməyib.

Daha sonra məhkəməyə göndərdiyi məktubda isə fərqli şeylər söyləyib. Torpaqları təsərrüfat qurmaq məqsədilə aldığını bildirib.

Şücayət Əkbərovun qızı Cəmilə Tağıyeva deyir ki, Arif Alışanov onun atasına torpaq alınması üçün pul ödəyib. Ancaq atası həmin pulların qarşılığında ona torpaqlar alıb:

“Ancaq o deyir ki, milyonlarla pul ödəyib, qarşılığında atam ona torpaq almayıb. Alıb, hələ Arif Alışanov atama borclu da qalıb. Necə ola bilər ki, sən illərlə bir insana daimi pul ödəyəsən, o sənə heç nə almaya? Bəs onda növbəti dəfə niyə yenə ona pul ödəyirsən? Burada heç bir dələduzluqdan, aldatmadan və s. söhbət gedə bilməz. Sonra da utanmaz-utanmaz dedilər ki, guya mənim atam onun torpaqlarını ələ keçirmək üçün sui-qəsd planı hazırlayıb”.

C.Tağıyeva deyir ki, atasının günahsız olduğunu sübut etmək məqsədilə vəkillərinin qaldırdığı 40-a yaxın vəsatətin heç biri məhkəmə tərəfindən qəbul edilməyib:

“Yoxsa atamın günahsızlığı üzə çıxardı. İndi necə ki, siz sənədləri tapıb baxırsız. Verilən hər qəpiyin qarşılığında atam Alışanova torpaq satıb. Ancaq məhkəmə bunların heç birinə baxmaq istəmədi”.

“Dövlət məmuru olan Arif Alışanovdan soruşan olmayıb ki, sən maksimum 1500-2000 manat maaş alırsan, o qədər torpağı almaq üçün ödədiyin 5 milyona yaxın pulu haradan almısan. Heç nə soruşmadılar. Tezbazar 3 nəfəri şərləyib, həbs etdilər”.

C. Tağıyeva deyir ki, bütün aldığı mal-mülk, torpaq sahələri görünür, Arif Alışanova bəs etməyib. Onlara aid ev, mülk və torpaq sahələrini də bacısı qızı Nilufər Cəfərlinin adına keçirib:

“Bunun üçün atamın həbsindən sonra anamdan məcburi etibarnamə aldılar. Onu övladlarının həbsi ilə hədələyib, zorla etibarnaməyə qol çəkdirdilər. Nəticədə bizə aid nə var, nə yox, hamısı onların adına keçdi”.

İyunun 29-da keçirilən məhkəmə prosesində Şamaxıda fəaliyyət göstərən notariat kontorunun rəhbəri Yaşar Eyyubov ifadə verib. O bildirib ki, AzTV sədrinin öldürülməsinə sifariş verməkdə günahlandırılan Şücayət Əkbərov həbs olunandan sonra Şamaxı polisinə notarius dəvət olunub. İdarədə Şücayətdən həyat yoldaşı Səlimə Sadıqovanın adına etibarnamə alınıb.

Bir müddət sonra S.Sadıqova notariat kontorunda AzTV-nin əməkdaşı Camal Nəbiyevə etibarnamə verib. Həmin etibarnamə əsasında Camal Nəbiyev Şücayət Əkbərov və ailəsinin əmlaklarını Arif Alışanovun bacısı oğlu Dəyanət Cəfərovun, bacısı qızı Nilufər Cəfərovanın adına

keçirib

.

Beləliklə, Şücayət Əkbərova aid Çuxuryurdda 12.14 hektar torpaq sahəsi, Nağaraxana kəndindəki evləri (194.4 kvadratlıq fərdi yaşayış evi), Samuxda 2.58 ha və ümumi sahəsi 200 kvadrat olan fərdi yaşayış evi, Mədrəsə qəsəbəsində olan 271 kvadratlıq ev Nilufər Cəfərovanın adına keçirilib.

Şücayət Əkbərovun Nağaraxana kəndindəki qonşusu Vəli Əkbərov deyir ki, qonşusu illərlə vəzifədə işləyib, Rusiyaya gedib-gəlib, ticarətlə məşğul olub:

“İmkanlı adam olub. Onun kimsəyə ehtiyacı olmayıb, qaldı, kiməsə qarşı dələduzluq etsin. Əksinə, ona aid olan mal-mülk torpaq sahələrini haqsız yerə əlindən alıblar”.

AZTV-dən iFact.ge-yə bildirilib ki, bu məsələ AzTV ilə əlaqəli olmadığından münasibət bildirə bilməzlər:

“Biz AzTV ilə bağlı məsələlərə münasibət bildirə bilərik. Bəli, Arif Alışanov AzTV-nin sədridir, ancaq dediyiniz bu məsələnin AzTV-yə aidiyyatı yoxdur. Ona görə bu barədə açıqlama vermək səlahiyyətimiz yoxdur”.

Ana səhifəAraşdırmaArif Alışanov iki kəndin pay torpaqlarını necə alıb?