Aramsız yağış Lerikdə torpaq sürüşməsinə səbəb olub

Lerikdə yağışlar torpaq sürüşməsinə səbəb oldu


“İndi çayda su elə həddədir ki, maşınlar keçə bilmir”

Lerik rayonuna günlərlə yağan yağış Şivlə kəndində torpaq sürüşməsinə səbəb olub. Meydan TV-yə bu barədə məlumatı kənd sakinləri verib.

Şivlə kənd sakini Surət Əliyevin sözlərinə görə, oktyabrın 7-də səhər saatlarında partlayış səsinə bənzər səs eşidiblər:

“Səhər saat 8 idi. Elə bildik nəsə partladı. Sonra gördük ki, sürüşmə səsidir, hardasa 100-120 metrlik ərazi dağılıb, torpaq gəlib tökülüb bizim həyətə. Ağaclar aşıb. Bizdən aşağıdakı evlərin də vəziyyəti pisdir”.

Kənd sakini deyir ki, aramsız yağışlar kənddən axan çayın suyunu daşdırıb:

“Qonşu kəndlərlə, rayonla əlaqə kəsilib. Neçə gündür yağış dayanmır. İndi çayda su elə həddədir ki, maşınlar keçə bilmir”.

Kənd sakinləri deyiblər ki, rayon rəhbərliyi hadisədən xəbərdardır, lakin tədbir görə bilmirlər.

“Kəndlərin bir-biri ilə əlaqəsi üçün körpü lazımdır. Hətta respublika səviyyəsində bu məsələni qaldırmışıq, söz veriblər, yenə də tikmirlər. Ona görə də çay daşan kimi kəndlər arasında bütün əlaqə kəsilir”, – kənd sakinlərindən biri deyib.

photo-2021-10-07-11-59-41.jpg

 

Kənd sakinləri deyiblər ki, rayon rəhbərliyi hadisədən xəbərdardır, lakin tədbir görə bilmirlər

Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov deyir ki, hadisədən xəbərdar olsalar da, hazırda heç bir iş görülmür:

“Artıq 12-ci gündür Lerikdə dayanmadan yağış yağır. Torpaq su ilə dolur və sürüşmə baş verir. Vətəndaşlara məxsus pay torpaqlarda torpaq sürüşməsi aktivləşib. 2005-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmin ərazini sürüşmə zonası kimi qeydiyyata alıb. Daimi orada monitorinqlər keçirirlər. Hətta belə havalarda da orda monitorinq aparılır. Sürüşmənin aktivliyi, gələcəkdə yarada biləcəyi fəsadlar araşdırılır. Hardasa 2 ay əvvəl yenə də gəldilər, yoxladılar. Dünəndən torpaq sürüşməsində aktivlik müşahidə edilir”.

Kəndlə rayon arasında əlaqənin kəsilməsinə gəlincə, Habil Məlikov deyilənləri yalanlayıb:

“Heç bir əlaqə kəsilməyib, yol işlək vəziyyətdədir. Sürüşmə də heç bir fərdi təsərrüfata ziyan vurmayıb”.

Yazı “Gənc səslər” layihəsi çərçivəsində yazılıb.

Ana səhifəVideoAramsız yağış Lerikdə torpaq sürüşməsinə səbəb olub