Ara qarışdıranlar

Siyasətdə intriqa. Foto: Andrii Yalanskyi/shutterstock

Zərdüşt Əlizadə

Yerli və əcnəbi ara qarışdıranların aqibəti qibtə doğurmayacaq

İri oturuşmuş dövlətlərdə sərt vəzifə bölgüsü olur. Məsələn, ali hakimiyyət orduya və xüsusi xidmət qurumlarına tapşırır ki, erməni və Azərbaycan xalqlarının arasına dərin ədavət toxumları səpsin. Baş üstə! Bu qurumlar götürürlər əllərinə zəngin təxribat təlimatlarını və girişirlər tapşırığın icrasına. Fəndlər binayi-qədimdən məlumdur, onları hamı bilir, hətta bu təxribatın qurbanı seçilmiş xalqların başbilənləri də bilir, lakin məharətlə təşkil edilmiş millətçi qızdırma şəraitində kimdir qulaq asan başbilənlərə? Milli qızdırma və sayıqlamalar şəraitində millətin önünə hiyləgər casuslar və ya cahil vətənşivənlər düşür. Odur ki, güc qurumları ali hakimiyyət sahiblərinin tapşırığını uğurla həyata keçirirlər.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Ali hakimiyyət digər qurumlara, məsələn, Xarici İşlər Nazirliyinə, parlament rəhbərliyinə, ziyalı birliklərinə tapşırır ki, iki qonşu – erməni və Azərbaycan – xalqlarını barışdırsınlar. Baş üstə! Onlar girişirlər cülh naminə görüş və seminarların, konfransların, simpoziumların, dəyirmi və dördkünc masaların təşkilinə. Tədbirlərdən sonra təşkil edilən qonaqlıqlarda mahir tostşünaslar iki qonşu xalqın zəngin dostluq tarixindən ibrətamiz əhvalatlar danışırlar. Bu tədbirlərin dəhlizində erməni və azərbaycanlı iştirakçılar məhrəmanə dərdləşib bir-birlərini agah edirlər ki, bu xəbis ali hakimiyyət tarixdə dəfələrlə olmuş qardaş qırğınını təkrar təşkil etmək istəyir. Fəqət danışıqların rəsmi hissəsində hər tərəfin nümayəndəsi söz alanda deyir ki, “öldü var, döndü yoxdur”.

Bəli, bəzən elə olur ki, münaqişəni qızışdırmaq tapşırığını almış qurumun işçisi münaqişəni söndürmək tapşırığını almış qurumun işçisi ilə toqquşur. Biri deyir “qaç”, o biri deyir “tut”!

Belə anlarda hər iki qurum nümayəndəsi üz tutur ali hakimiyyət dərgahına və lokal münaqişə həllini tapır. Yerdə isə münaqişə dərinləşir.

Bu vəzifə bölgüsü münaqişənin bütün mərhələlərində mövcuddur. Hətta indi, Qarabağ münaqişəsi, Ali Baş Komandan demişkən, “qurtarandan sonra”, vasitəçi dövlətlərin bəzi qurumları ilk verilmiş tapşırığı inadla icra edirlər. Bəziləri yerlilərə “qaç”, bəziləri “tut” deyir.

Münaqişəni qızışdırmaq tapşırığını almış qurumlar Ermənistana deyir: “Nəbadə Zəngəzur dəhlizini açasan! Açsan, türk dövlətləri arasında quru yol açılacaq, onlar birləşib əzəmətli Turan dövləti quracaq və zəif Ermənistanın axırına çıxacaq”. Bu sərsəm fikirlər başında azacıq ağlı olan kəsdə yalnız istehza doğura bilər, zira bu fikirlərin hamısı məntiqə və gerçəkliyə müğayirdir, lakin çe fayda? Bu sərsəm fikirlər siyasi savadı naqis erməni cəmiyyətinə deyilir və onun xeyli hissəsində ciddi təlaş doğurur, odur ki, hər cəhətdən Ermənistan Respublikasına fayda gətirəcək Zəngəzur yolunun açılması məsələsi süründürməçiliyə salınır.

Digər tərəfdən Azərbaycan cəmiyyətinə belə bir fikir aşılanır ki, millətin taleyi və “xoş gələcəyi” məhz bu yoldan asılıdır və onun açılması üçün zorakı üsullara əl atmaq qaçılmazdır.

İndi bizim cəmiyyətin müəyyən kəsimində “Turan” toyudur və hamı şadyanalıq edir, deyəndə ki, “erməni yol vermir, verməsin, yol Araz çayının sol deyil, sağ sahili boyu keçə bilər”, heç kəs bu sadə sözlərin mahiyyətinə varmaq istəmir. Dünya mətbuatı vaveyla salıb ki, “Azərbaycan Ermənistana hücum edib Zəngəzurda özünə dəhliz açacaq”.

Belə fikirləri yayanların xəbis niyyətinə heç bir şübhə olmasın. Əvvəla, sülh danışıqları gedir və münasibətlər tədricən yaxşılaşır. Şübhə yoxdur ki, bütün mübahisəli mətləblərə əncam qılınacaq, o cümlədən bir müddətdən sonra Ermənistan Rusiya ilə arasında olan yol üzərində nəzarət çəkişməsinə son qoyandan sonra Meğri yolunun çəkilməsinə razı olacaq. İkincisi, bu yolun çəkilməsi və açılması illərlə vaxt aparacaq və bu müddətdə indi qaynayan ehtiraslar səngiyəcək. Bəlli olacaq ki, bu yol faydalı olsa da, həyati məna daşımır. Əksəriyyət anlayacaq ki, Turan olsa-olsa beynəlxalq təşkilat kimi ortaq mənafeləri uzlaşdırmaq üçün meydançadan başqa bir şey deyil.

Tarixin “Qarabağ münaqişəsi” qatarı artıq gedib, son vaqonun qırmızı işıqları qaranlıqda solub əriyir.

Hətta ola bilsin ki, indi qızıb qaynayan qafalara bəzi ayıq fikrlər daxil olsun və əhalinin əksəriyyəti anlasın: Ermənistanın təhlükəsizliyi Fransa və Hindistan istehsalı olan silahlarda deyil, qonşu Türkiyə və Azərbaycanla sağlam dinc münasibətlərdədir. Azərbaycan əhalisinin də əksər hissəsi anlasın ki, xalqın səadəti dövlətin ümumi gəlirlərinin iri həcmində deyil, bu dövlətin daxilində işləyən qanunların ədalətindədir.

Qəribədir, bizə son 30 il demokratiyadan dərs keçən Qərb dövlətləri, Avropa İttifaqı və ABŞ nədənsə əmindirlər ki, biz onların keçdiyi dərsləri öyrənməmişik. Onlar yanılırlar, bu dərslər öyrənilib və xeyli insan xam təsəvvürlərdən qurtulub. O cümlədən əhalinin əksəriyyəti anlayır ki, hədsiz siyasi və maddi gəlir gətirən “vasitəçi” funksiyasına son qoymağın dəmidir.

Münaqişə də can üstündədir, zira ondan xeyir götürən xeyrini götürüb, ziyan görmüşlər isə artıq oyundan kənardadırlar.

O Fransadır ki, hələ də oyunun qurtarması ilə barışa bilmir və elə-hey cığallıq etməyə çalışır.  O ABŞ-dır ki, hələ də özünün dünya ağalığı sistemini Cənubi Qafqaza qədər uzatmağa cəhd edir. O Rusiyadır ki, tam nəzarətində olan SSR-ni uğurla dağıdandan sonra keçmiş cah-cəlalının qalıqlarını əbəs yerə qorumaqla məşğuldur.

Tarixin “Qarabağ münaqişəsi” qatarı artıq gedib, son vaqonun qırmızı işıqları qaranlıqda solub əriyir.

Hakimiyyətə elə gəlir ki, münaqişə bitəndən sonra əhalini əvvəlki minvalla minib sürəcək.

Yaxın gələcək üçün onların təxmini haqlı çıxa bilər. Fəqət ədalətsiz quruluşların sonu yoxdur. İndi kütləyə hakim kəsilmiş qorxu hissini labüd əvəz edəcək narazılıq tədricən öz sələfini sıxışdırıb çıxardacaq, qorxunu qanacaq və nəzakət deyil, qəzəb və qisas əvəz edəcək.

Yerli və əcnəbi ara qarışdıranların aqibəti qibtə doğurmayacaq. Tarixin axını onları ön səfdən arxaya, sonra isə yolun kənarına atacaq.
Onların yeri elə oradadır.

Ana səhifəMənim FikrimcəAra qarışdıranlar