Mənbə: Meydan.TV

AQTA-nın üstüaçıq çadırları və... ətraf mühit qayğısı

AQTA-nın kəsim məntəqəsində heyvanların qanı xəstəxanaya axıdılır

Yenə aşığı oxudurlar: “Qurban bayramınız mübarək olsun!” Yenə sosial şəbəkələr gəlin paltarı geyinmiş qoç şəkilləriylə bəzədilib. AzTV-lərsə günlərdir bayram yarmarkalarından – Kənd Təsərrüfatı Nazirliyinin “Kənddən şəhərə” layihəsindən danışır, şəhərin təmizliyinin qorunmasının başlıca şərt olduğunu deyirlər. Bunun üçün də bu il paytaxt küçələrində qurban kəsilməsinin qarşısını almaq üçün 44 stasionar, 30 çadır tipli kəsim məntəqəsi quraşdırılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu çadırların üzərinə adını da yazdırıb ki, xalqın qayğısına qaldığından əhalinin xəbəri olsun.

Bu il Şərifzadə küçəsində qurbanlıq qoyun satan fermerlərə, hər il olduğu kimi, küçədə qurban kəsməyə imkan vermədilər. Onlar satdıqları heyvanların bir qismini yaxınlıqdakı həyət evlərində kəsib, soyub sahibinə verirdilər. Burada qiymətlər müxtəlifdir, 160 manatdan başlayan qiymətlər 350 manata qədər gedib çıxır. Bəziləri qurbanlarını AQTA-nın çadırında kəsdirirdilər. Burada heyvanı kəsib, soyub, doğramaq müştəriyə 15 manata başa gəlir. Əti doğratdırmaq istəməyən 10 manat verməlidir. Nazirliyin xəttilə gətirilən heyvanların 20 mini satılsa, bu, kəsilib soyulmadan həmin xidmətin 300 min manat qazanc götürməsi deməkdir. Yeri gəlmişkən, AQTA-dan dedilər ki, kommunal xidmətləri yerli icra hakimiyyəti orqanları göstərir, yəni bu qazanc onlarlıqdı...

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin çadırları

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin çadırları

Mənbə: Meydan.tv

“Kənddən şəhərə” yarmarkasının girişində isə Kənt Təsərrüfatı Nazirliyinin xəttilə gətirilən heyvanların qiymətinin çəkisinə görə olduğu yazılıb. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Azəraqrar İstehsalat və Emal Birliyi”nin direktoru Anar Hüseynov Real.tv-yə müsahibəsində deyib ki, nazirliyin xətti ilə fermerlər bazara 25 mindən çox qurbanlıq heyvan çıxarıb. Həmin heyvanların da qiyməti aşağıdakı kimidir:

Diri çəkisi 23-25 kq olan heyvanlar 160 manat,

Diri çəkisi 25-28 kq olan heyvanlar 170 manat,

Diri çəkisi 30 və ondan artıq olan heyvanların qiyməti isə 180 manat müəyyənləşdirilib. Yarmarkada olduğumuz müddətdə həmin heyvanları alanların aldıqlarını tərəziyə qoyduğunu görmədik. Heç heyvanların deyilən çəkiyə uyğun gəlib-gəlmədiyini soruşan da olmadı. Çünki həmişə təbliğat aparılır ki, qurbanlıq heyvan çəkilməz, onun qiymətində bazarlıq etmək olmaz. Yeri gəlmişkən, Anar Həsənov yarmarkaya çıxarılan qurbanlıqların Abşeron, Cənub və Muğan zonalarından gətirildiyini desə də, qoyunların saxlandığı yerdə xeyli merinos cinsli heyvanlar da gözə dəyirdi ki, bunlar da əsasən Dağıstandan gətirilir. Onların da ətinin dadı yerli heyvanların ətinin dadını vermir.

Qurbanlıqların sifarişi qiymətləri

Qurbanlıqların sifarişi qiymətləri

Mənbə: Meydan.TV

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva deyir ki, bütün yarmarkalarda qurumun səyyar baytar laboratoriyaları var. Ancaq Yasamalda “İdeal” şadlıq sarayının, eyni zamanda “Eksperimentalnı” kimi tanınan Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yanındakı yarmarkada gün ərzində həmin səyyar baytar laboratoriyası gözə dəymədi. Mətbuat katibi kənardan gətirilən heyvanların da bu məntəqələrdə kəsilməsini (laborator müayinədən keçdikdən sonra) məsləhət gördü. Aysel xanım, inandırıcı olmasa belə, dedi ki, nazirliyin xətti ilə gətirilən heyvanların hamısı baytarlıq müayinəsindən keçmiş heyvanlardır.

Bundan başqa, o, kəsim məntəqələrində ardıcıl olaraq dezinfeksiya işləri aparıldığını, məntəqənin tez-tez təmizləndiyini dedi ki, orda olduğumuz bir neçə saatda bunun əksini gördük. Yenə natəmizlik, yenə antisanitariya. Daha dəhşətlisi isə agentliyin çox bərbad, tez-tələsik (üstünə çadır belə çəkilməmişdi, adı “çadır tipli” olsa belə) quraşdırdığı kəsim məntəqəsinin çirkab sularının axıdıldığı yer idi. Həmin sular kanalizasiyaya yox, Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin ərazisinə axıdılırdı. Bura açıq infeksiya mənbəyi idi. Baxmayaraq ki, mətbuat katibi bu məntəqələrin sanitar-gigiyenik qaydalara cavab verdiyini, antisanitariyanın qarşısının alındığını deyirdi: “...bu işlər o məqsədlə görülüb ki, ətraf mühit heyvanın qanından, çirklənmələrdən, axıntılardan azad edilə bilsin”. Görünür, xəstəxana ərazisi ətraf mühit sayılmır. O, əhalinin öz sağlamlığının qayğısına qalmasının vacibliyini vurğulayır, onlara qurbanlarını bu məntəqələrdə kəsməyi məsləhət görürdü. Mətbuat katibi bütün heyvanların laborator müayinədən keçirilməsinin gərəkli olduğunu desə də, bu qaydaya əməl edilmədiyinin şahidi olduq. Gün ərzində müxtəlif kanallara müsahibə verən nazirlik əməkdaşları hansısa yarmarkada analiz nəticələri normalara cavab verməyən heyvanların olub-olmadığını demədi. Küçələrdə olan antisanitariya, natəmizlik kəsim məntəqələrində də vardı. Xidmət çox aşağı səviyyədə təşkil olunmuşdu. Adi selofan torbalar belə yox idi, onu ya kimlərsə satır, ya da qurban kəsənlər özləri gedib marketlərdən almalı olurdu. Başlıcası 10 manatlıq kəsim, 5 manatlıq doğramaq pulunun dərhal verilməsiydi.

Çəkdiyimiz kadrlar konkret Şərifzadə küçəsindəki kəsim məntəqəsindəki gerçək durumu ortaya qoyur. Üstəlik, əhalinin qidasının təhlükəsizliyinin qayğısına qalanlar onun sağlamlığını heç düşünmür. Eksperimental xəstəxananın həyətinə axıdılan qanlı çirkab suları çox təhlükəli infeksiya mənbəyidir. Belə də demək olar: Qanlı çirkab suyu infeksiya mənbəyi olaraq qalır...

P.S. Qurban bayramınız mübarək! Çalışın sağlamlığınızın qayğısına özünüz qalın!

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/yygaj1

Ən çox baxılan