”Aprel əməliyyatları göstərdi ki,”vaxt bizə işləyir”’ anlayışı yoxdur”’

”AXC hakimiyyəyi zamanı Ter-Petrosyan şəxsi nümayənədəsi Bilyanı daha sərfəli şərtlərlə Bakıya göndərmişdi”

Source:


”AXC hakimiyyəyi zamanı Ter-Petrosyan şəxsi nümayənədəsi Bilyanı daha sərfəli şərtlərlə Bakıya göndərmişdi”

“Ermənistanın bir problemi var, bu, Qarabağ münaqişəsidir və bütün digər məsələlərin həlli onun tənzimlənməsindən asılıdır”.

Bu sözləri dekabrın 17-də Erməni Milli Konqresi Partiyasının qurultayında Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bildirib.

“Qarabağ münaqişəsinin nizamlanmasından sonra Ermənistan-Türkiyə münasibətləri elə ertəsi gün avtomatik olaraq normallaşacaq”, deyə Ter-Petrosyan qeyd edib.

Qarabağ münaqişəsinin nizamlanması variantlarına gəlincə, EMK sədri deyib ki, bu məsələnin mərhələli həllindən başqa variant yoxdur.

“Hazırda Qarabağ nizamlanması üzrə danışıqlar masasında olan təkliflər məsələnin mərhələli həlli variantıdır. Mahiyyətcə, bu gün masada qarşılıqlı güzəştlərlə bağlı 1997-ci ildən olan eyni təklif var. Bu variant Arsaxa beynəlxalq aləmdə tanınan aralıq status verilməsi müqabilində müəyyən əraziləri azad etməkdən, yekun status məsələsini isə gələcəyə saxlamaqdan, Qarabağ və Azərbaycan qüvvələrinin təmas xəttində sülhməramlı qüvvələr yerləşdirməkdən ibarətdir. Bütün məsələ bundan ibarətdir.

Nağıllara inanmayın. Mənim hətta münaqişənin bugünki həllinin 1997-ci ildə olduğundan daha aşağı statusa malik olduğunu güman etmək üçün əsasım var”, – deyə Ermənistanın birinci prezidenti qeyd edib.

Ter-Petrosyan bildirib ki, müasir dünyada cəngəllik qanunları işləmir: “Buna görə indi münaqişələrin həllinin qarşılıqlı güzəştlərə getməkdən başqa variantı yoxdur”.

Siyasi icmalçı Rauf Mirqədirov Meydan TV-yə deyib ki, Ermənistanın sabiq prezidentinin söylədikləri yeni deyil:

“Ter-Petrosyan vaxtaşırı bu cür fikirləri səsləndirib. 1997-ci ildə istefa verən zaman məşhur məqaləsindən sonra da bir müddət eyni mövqeni sərgilədi. Amma arada münaqişənin həllilə bağlı radikal mövqe nümayiş etdirdi və onun bu cür dəyişiklik mövqe ifadə etməsi birinci deyildi”.



“AXC hakimiyyəti zamanı Petrosyan nümayəndəsini sərfəli şərtlərlə Bakıya göndərmişdi”

Rauf Mirqədirov xatırladıb ki, AXC hakimiyyəti zamanı sabiq prezident Ter-Petrosyan təhsil nazirinin müavini Aşot Bilyanı qeyri-rəsmi Bakıya göndərmişdi, bu səfər məxfi baş tutmuşdu, ictimaiyyətdən də gizlədilmişdi:

“Səfər uğursuz alınsaydı, Ter-Petrosyan bütün məsuliyyəti öz üzərinə götürəcəkdi. Bilyan Bakıda münaqişənin həlli ilə bağlı danışıqlar aparsa da, nəticəsiz oldu. Mən o zaman “Zerkalo” qəzetində bu barədə yazdım. Təəssüf ki, AXC hakimiyyəti Ter-Petrosyanın təşəbbüsünə ciddi yanaşmadı, hətta hakimiyyətdə Ter-Petrosyanla deyil, daşnaklarla danışıqlar aparmaq istəyənlər vardı. Bununla bağlı yüksək post tutan məmurlardan biri mənə dedi ki, hakimiyyətdəkilərin ağlı çaşıb, daşnaklarla danışıqlara getmək istəyirlər. Biz o zaman qəzetdə bunu yazdıq, çox əcaib təkzib gəldi: yəni əlaqə olub, ancaq nəticə alınmayıb. Guya təşəbbüs Ermənistandan olub. Demək istəyirəm ki, Ter-Petrosyanın mövqeyinin tarixi 90-cı illərin əvvəlinə gedir. Hətta Ter-Petrosyan 1997-ci ildən fərqli olaraq Bilyanı daha sərfəli şərtlərlə Bakıya göndərmişdi. Çünki o zaman Azərbaycan ordusu Dağlıq Qarabağın bir hissəsinə nəzarət edirdi və şərait Ermənistanın xeyrinə deyildi. İkinci, Ter-Petrosyan o vaxt indikindən fərqli olaraq daha Qərbyönümlü mövqe tuturdu. Bir məqamı vurğulayım, məni xəyanətdə suçlayanlar bilsin ki, beynəlxalq konfranslarda əks tərəfdən Ter-Petrosyanın adamları çıxış edirdi. Onlar kompromisə hazır olduqlarını gizlətmirdilər”.



“Güman ki, Ermənistanda müharibədən yorğunluq kritik həddə çatıb…”

R.Mirqədirovun sözlərinə görə, istəklər və gerçəklik arasındakı ziddiyyət problemin həllinə əngəl yaradır:

“Əvvəla, Ter-Petrosyan nə üçün seçkilərə sülh partiyasının lideri kimi getmək istəyir sualına cavab verilməlidir. Halbuki, əvvəlki seçkilərdə onun münaqişə barədə mövqeyi prezident Sarkisyanın yanaşmasından az fərqlənirdi. Birdən-birə mövqeyini dəyişməsinin bir neçə səbəbi ola bilər. Təəssüf ki, Ermənistana səfərlərim olmadığından orda münaqişəyə ictimai münasibəti detallı şəkildə bilmirəm. Biz hələ də aprel əməliyyatlarının Ermənistan cəmiyyətinə necə təsir etdiyini bilmirik. Güman ki, Ermənistanda müharibədən yorğunluq kritik həddə çatıb və Ter-Petrosyan bunu hiss etdiyindən sülh şüarını irəli sürüb. Xatırlayırsınızsa, aprel döyüşlərindən sonra bildirilirdi ki, hər iki cəmiyyətdə ciddi suallar meydana çıxacaq. Məsələn, Azərbaycanda sual olunacaq: əgər ordumuz güclüdürsə, niyə sona qədər getmədi? Ermənistanda sual verəcəklər ki, güclü ordu vardısa, niyə filan qədər ərazi itirildi. Yaxud “niyə bu qədər qurbanlar oldu, tərəflərin resursları nədən ibarətdir, Rusiyaya hər iki tərəfdən olan ümidlər ğözləntilərə cavab verirmi” sualları hələ də aktualdır”.



“Rusiya Ermənistanın təhlükəsilə bağlı itirdiklərini Azərbaycanın hesabından çıxır”

Siyasi şərhçi Moskvanın hər iki tərəfi silahla fərqli şəkildə təmin etdiyini söyləyib:

“Baxın, Azərbaycanda hakimiyyət təbliğatçıları Rusiyadan silah aldığımızı əsas gətirib şimal qonşunu strateji tərəfdaş sayırlar, amma Ermənistana pulsuz “İsgəndər” raketləri veriləndən sonra sükut yarandı. Ümumiyyətlə, silah satışında çox əcaib mənzərədir. Əgər Azərbaycan Rusiyadan silah almaqla Moskvanın münaqişəyə qismən də loyallığını təmin edirsə, başa düşülə bilər. Amma Ermənistan Rusiyadan silahları pulsuz, Azərbaycan isə dünya bazarı qiymətlərilə alır. Bu məsələdə Rusiya Ermənistanın təhlükəsizliyi ilə bağlı itirdiklərini Azərbaycanın hesabından çıxır. Vəziyyət Cəfər Cabbarlının “1905-ci il” əsərində qubernatorun hər iki icmanın rəhbərlərini qəbul edib yola salmasını xatırladır. Belə çıxır ki, Azərbaycan özünün və Ermənistanın yerinə silahın xərcini ödəyir”.



“Hər iki tərəfin müharibə üçün resursları məhduddur”

Rauf Mirqədirov hər iki tərəfin müharibə üçün resurslarının kifayət qədər məhdud olduğunu deyib:

“Ermənistanda resurslar ənənəvi olaraq məhduddur, Azərbaycanda isə böhran başlayıb, hərbi xərclər iki dəfə azalıb. Deməli, əvvəlki kimi Rusiyaya 4 milyard, İsrailə 5 milyard verib silah ala bilməyəcəyik, ümumiyyətlə, bu kimi rüşvətlər verib başqa ölkələrin loyallığını qazanmaq imkanı da azalıb. Bu amil sözsüz ki, rəsmi Bakını “vaxt bizə işləyir” psixologiyasından imtina etməyə məcbur edir. Ermənistanda da bu psixologiyadan imtinanın çoxdan zamanı çatıb, xüsusən də digər qaynar nöqtələrdə baş verənləri görəndən sonra. Elə aprel əməliyyatları göstərdi “vaxt bizə işləyir” anlayışı yoxdur”.



“Çox qarışıq, ziddiyyətli bir mənzərə yaşanır”

Şərhçi İlham Əliyevin bir müddət əvvəl Ter-Petrosyanın dediklərini səsləndirdiyini xatırladıb bildirdi ki, prezident Dağlıq Qarabağa keçici status verilməsini və bunun qeyri-müəyyən zaman çəkə biləcəyini demişdi:

“Amma Ter-Petrosyan bunları deyəndən sonra münaqişənin açarının Kremldə olduğunu və Qərbin problemi Rusiyanın həll edəcəyinə müsbət yanaşdığını vurğulayıb. Onun belə deməsinin səbəbləri Trampla Putin arasında yaxınlaşma ola biləcəyinə ümidlərdir. Ter-Petrosyan ehtimal olunan bu yaxınlaşmadan istifadə etməyin mümkünlüyünə ümid edir. Mən onlar arasında yaxınlaşma olacağına o qədər də inanmıram, Putinin Yaponiya səfərinin nəticəsiz olması belə düşünməyə əsas verir. Hətta Kuril adalarında birgə iqtisadi əməkdaşlıq təklifi belə həll olunmadı. Hazırda Rusiya və ABŞ-nın regionda maraqları toqquşur və bunu uzlaşdırmaq mümkün deyil. Çünki bu maraqlar yalnız Azərbaycanı əhatə etmir. Trampın da Gürcüstan və Azərbaycanı Rusiyaya verəcəyi haqda fikirlər inandırıcı deyil. Həm də bunu etməyə ona imkan verməzlər. Amerika siyasi elitası Vaşinqtonun regionda mövcudluğunun tərəfdarıdır. Digər baxımdan, Rusiya münaqişənin öz maraqlarının ziddinə həll olunmasına razı olmayacaq. Bəli, ilkin mərhələdə danışıqlarda intensivliyin yaranması istisna deyil, amma ciddi nəticə olmayacaq. Səbəb həm də İran amilidir, nəzərə alın ki, Trampın Tehrana qarşı siyasətini Respublikaçı elita tam dəstəkləyir. Əgər Vaşinqton Tehranla münasibətlərini qarşıdurma şəklində quracaqsa, bu, Cənubi Qafqaza neqativ təsir göstərəcək. Görürsünüzmü, çox qarışıq, ziddiyyətli bir mənzərə yaşanır”.

Ana səhifəXəbərlər”Aprel əməliyyatları göstərdi ki,”vaxt bizə işləyir”’ anlayışı yoxdur”’