Vəkil qərardan kassasiya şikayəti verəcəyini deyir
Həbsdə olan keçmiş deputat, iş adamı Nazim Bəydəmirli 8 il il azadlıqdan məhrum edilməsi barədə hökmdən apelyasiya şikayəti vermişdi. Lakin onun şikayətinə baxan Bakı Apelyasiya Məhkəməsi dekabrın 11-də hökmün dəyişməməsi haqda qərar çıxarıb.
Məhkəmədə Nazim Bəydəmirlinin vəkili Aqil Layıc çıxış edərək bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm qanunsuz və əsassızdır. Nazim Bəydəmirlinin özünün də pay sahibi olduğu şirkətin rəhbərindən – Ədalət Bağırov adlı şəxsdən hədə-qorxu ilə pul tələb etməsini təsdiqləyən bircə dənə mötəbər sübut yoxdur:
“Heç bir sübut-dəlil olmadan adama 8 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb…”
Müdafiəçinin sözlərinə görə, Ədalət Bağırovla Nazim Bəydəmirli uzun müddət məhkəmə çəkişməsində olub. Əksinə, Nazim Bəydəmirli ona qarşı şikayətçi olub. İllərlə müxtəlif dövlət orqanlarına bu adamdan şikayətlər edib. Sonuncu dəfə görüşə də Nazim Bəydəmirli məhz istintaqın təhriki ilə gedib:
“Sonra isə onu ittiham ediblər ki, guya həmin görüşdə Ədalət Bağırovu intim görüntülərlə şantaj edib, ondan pul istəyib. O görüşlə bağlı məhkəmədə şahidlik edənlərin heç biri əslində, orada olmayıb. Çünki qeyri-iş günü olub. Nazim Bəydəmirlinin həbsi üçün quraşdırılan o görüş bir günə planlaşdırılıb. Bir adamın ifadəsi ilə, təxribatla adamı həbs eləyiblər”.
Nazim Bəydəmirli özü də təqsirsiz olduğunu bildirib və bəraət verilməsini istəyib. O, səhhətində ciddi problemlər olduğunu vurğulayıb.
Lakin Bakı Apelyasiya Məhkəməsində Faiq Qəniyevin sədrlik etdiyi, İbrahim İbrahimli və Əfqan Ələkbərovdan ibarət hakimlər kollegiyası hökmü dəyişməyib.
Vəkil bildirib ki, Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.
2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli 2023-cü il iyulun 4-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
İddia olunur ki, keçmiş deputat özünün də 30 faiz paya sahib olduğu “Avto Qarant” ASC-nin Müşahidə Şurasının sədri Ədalət Bağırovu intim görüntülərlə hədələyib, ondan 50 min manat pul tələb edib, son nəticədə 10 min manat pul alıb.
Nazim Bəydəmirli isə ittihamı rədd edir. O bildirib ki, sifarişlə həbs olunub. Həbsinin səbəbi isə 2023-cü il iyunun 20-də Gədəbəyin Söyüdlü kəndində yerli əhalinin keçirdiyi etirazlardır.
Xatırladıb ki, həbsindən əvvəl yerli saytlarda onu Söyüdlü hadisələrinin təşkilatçısı kimi qələmə vermişdilər. Keçmiş deputat Söyüdlü hadisəsində qurban seçildiyini deyir:
“Gədəbəy hadisələrilə bağlı kimisə qurban vermək lazım idi, o da mən oldum”.