Ankara: Kürd YPG qüvvələri Suriyanın şimal şərqindən çəkilməyib, savaş başlaya bilər

“Görünür ki, YPG terror təşkilatı hələ də Sülh Baharı Əməliyyatı ərazisindədir,” – Türkiyənin müdafiə naziri Hulusi Akar “Sabah” qəzetinə müsahibəsində deyib:

Source: Foto: arxiv


Silahlılar bu gün axşama qədər ərazidən çıxarılmalı idi

“Kürd YPG qüvvələri Suriyanın şimal-şərqindəki bir zolaqdan hələ də tam çıxmayıblar”, – Türkiyənin müdafiə naziri çərşənbə axşamı bildirib. “Reuters” xəbər verir ki, Ankra kürd silahlı qüvvələrinin ərazini dərhal tərk etməsini tələb edir.

Türkiyə və Rusiya prezidentləri arasında bir həftə əvvəl əldə edilmiş razılığa əsasən, oktyabrın 29-u, axşam saat 18.00-dək Suriya sərhədçiləri və Rusiya hərbi polisi ərazidəki YPG qüvvələrini, silahlarını Türkiyə-Suriya sərhəddinin cənubundan 30 km məsafəyə qədər çıxarmalı idilər.

Bu müddət başa çatdıqdan sonra Rusiya və Türkiyə qüvvələri sərhədin Suriya tərəfindəki 10 km-lik zolağı patrul etməyə başlayacaqlar.

Rusiyanın Qara dəniz şəhəri Soçidə bağlanan müqavilə Ankaranın Suriyanın şimal şərqində başlatdığı hücumu dayandıran ABŞ-dəstəkli atəşkəs rejimini gücləndirib. Ankara Türkiyənin cənub-şərqində fəaliyyət göstərən və terrorçu təşkilat adlandırdığı PKK kürd yaraqlılara yaxın hesab etdiyi üçün YPG silahlılarını da ərazi bütövlüyünə təhlükə hesab edir.

“Görünür ki, YPG terror təşkilatı hələ də Sülh Baharı Əməliyyatı ərazisindədir,” – Türkiyənin müdafiə naziri Hulusi Akar "Sabah" qəzetinə müsahibəsində deyib:

“Terrorizmə qarşı mübarizə bitməyib. Biz bunun bitməyəcəyini bilirik”.

Sərhəd bölgəsində Rusiya qüvvələri ilə planlaşdırılan ortaq patrullar haqqında suala cavab verən Akar deyib: “Hərəkət qaydaları, hansı nəqliyyat vasitələrindən istifadə ediləcəyi ilə bağlı suallar, səlahiyyətlər və göstərişlər təyin olunmalıdır”.

Rusiya nümayəndə heyəti hazırda Türkiyədədir. Onlar Suriyanın şimal-şərqində sərhəd patrulları və geniş təhlükəsizlik vəziyyəti ilə bağlı danışıqlar aparır.

Akar sərhədyanı Manbij şəhərində təxminən 1000-ə yaxın YPG döyüşçüsünün və yaxınlıqdakı Tel Rifat şəhərində daha 1000 nəfərin olduğunu deyib. İki şəhər Türkiyənin “təhlükəsiz bölgəyə” çevrilmək istədiyi ərazi zolağının qərb tərəfində yerləşir. “Suriya və Rusiya qüvvələri də bu şəhərləri YPG qüvvələrindən təmizləməli idi”, – nazir bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiya Soçi razılığı ilə öhdəliklərini yerinə yetirməzsə, Türkiyə Suriyanın şimal-şərqindəki YPG qüvvələrini təmizləmək üçün təkbaşına hərəkət edəcək.

Prezident Donald Tramp 1000 ABŞ hərbçisini ərazidən geri çəkdiyini söylədikdən sonra Türkiyə Suriyanın şimal-şərqinə hücuma keçib. Türkiyənin NATO müttəfiqləri, o cümlədən ABŞ İslam Dövləti ilə mübarizəni pozacağından qorxaraq Ankaranın hərəkətlərini tənqid edib.

YPG ABŞ-ın İslam Dövləti militanlarına qarşı müttəfiqi olan Suriya Demokratik Qüvvələrindəki əsas komponentdir.

Ana səhifəDünyaAnkara: Kürd YPG qüvvələri Suriyanın şimal şərqindən çəkilməyib, savaş başlaya bilər