Bu barədə Azərbaycan hökuməti ilə fəaliyyət planı haqqında protokol imzalanıb
Azərbaycan hökumətinin Böyük Britaniyanın “Anglo Asian Mining” şirkətinə “Gədəbəy” qızıl yatağındakı fəaliyyətini bərpa etmək üçün izin verdiyi bildirilir.
Bu barədə məlumat “Anglo Asian Mining” şirkətinin səhifəsində yer alıb.
Həmin məlumatda bildirilir ki, şirkətin səhmləri hasilatı bərpasını elan etdikdən dərhal sonra 42 faiz bahalaşıb və hər səhm üçün 70,93 pens olub.
Şirkət bildirir ki, fəaliyyətini “Micon International Ltd” müstəqil konsaltinq şirkəti tərəfindən aparılan ekoloji yoxlama zamanı müəyyən edilən tədbirlər əsasında təkmilləşdirəcək. Bu barədə Azərbaycan hökuməti ilə fəaliyyət planı haqqında protokol imzalanıb.
“Protokolun maddələrinin çoxu gələn ilin sonuna kimi həyata keçiriləcək. Bu, ciddi xərc tələb edən işlər deyil”, -şirkətin məlumatında bildirilib.
Söyüdlüdəki vəziyyəti araşdırmaq üçün yaradılan komissiya sentyabrda açıqlama verərək bildirmişdi ki, zavod ərazisindəki üç müşahidə quyusunun suyunda kiçik miqdarlarda sianid aşkarlanıb.
“Bu, ətraf mühit və insan sağlamlığı üçün təhlükə olmasa da, risklidir”.
İyunun 20-də Söyüdlü sakinləri “Gədəbəy” yatağından qızıl hasilatı və emalı şirkətinin çirkab suları üçün ikinci süni gölün qurulmasına etiraz ediblər. Polis etirazlara müdaxilə edib.
Həmin vaxt 10 nəfərə yaxın şəxsin xəsarət aldığı və rəsmi olaraq beş nəfərin inzibati həbs olunduğu açıqlanıb.
Sakinlər həmin süni gölün suyunda sianid olduğunu və kəndin içməli suyuna qarışdığını, nəticəsində də insanların sağlamlığına mənfi təsir etdiyini bildirib.
Etiraza səbəb olan süni göl kənddəki ikinci oxşar su hövzəsi olacaqdı.
Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər.
Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.
Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.
İyulun 11-də Prezident İlham Əliyev hökumətin müşavirəsində Söyüdlüdəki etirazlardan danışarkən polisin davranışını müdafiə edib, kimsənin polisə ləkə vurmasına imkan verməyəcəyini deyib. O, vətəndaşların qanuna tabe olmalı olduğunu vurğulayıb.
Prezident habelə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitlə bağlı məsələdə ən azından səhlənkarlıq etdiyini deyib.
Bu çıxışdan iki gün sonra rəsmi olaraq Söyüdlüdə qızıl yatağının istismarının müvəqqəti dayandırıldığı açıqlanıb.
İyulun 4-də Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan keçmiş deputat Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qərarı çıxarılıb.
Nazim Bəydəmirli və vəkilləri onun iyunun 20-21-də Gədəbəyin Söyüdlü kəndində baş verən polis zorakılığına qarşı etiraz etdiyi üçün həbs olunduğunu düşünür, eks deputat özünü “ekologiya məhbusu” sayır.
Rəsmi açıqlamada isə bildirilir ki, o, Cinayət Məcəlləsinin 182.2.4 maddəsi – zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə ittihamı ilə həbs edilib. Bu maddə ilə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.