Anar Cabbarov

Mənbə: meydan tv

Başlıq: Anar Cabbarov

Anası: Təcridxanadan dedilər ki, bura Anar Cabbarov adlı şəxs gətirilməyib

Məqalə yeniləndi:  3 Aprel 2019

12 gündür dindarın harada saxlanıldığı haqda məlumat yoxdur

Türkiyədə saxlanılaraq, Azərbaycan hökumətinə təhvil verilən və martın 22-də Bakıya gətirilən “Müsəlman Birliyi” Hərəkatının üzvü Anar Cabbarovun ailə üzvləri və vəkili hələ də onun harada saxlandığını dəqiqləşdirə bilməyib.

Aprelin 2-də sosial şəbəkələrdə A.Cabbarovun Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına köçürüldüyü haqda məlumat yayılıb. Ailə üzvləri deyir ki, bu xəbərdən sonra istintaq təcridxanasıyla əlaqə saxlayıb dəqiqləşdiriblər. Onlara bildirilib ki, təcridxanaya Anar Cabbarov adlı şəxs gətirilməyib.

"İnternetdə yazılıb ki, guya Ombudsman Aparatından belə məlumat verilib. Biz də dəqiqləşdirdik, məlum oldu ki, elə deyil, köçürülməyib. Adam nə qədər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedər? Əvvəl demişdilər ki, gələrsiz, rəis qəbul edər. Aprelin 2-də yenə getdik. Dedilər ki, görüş mümkün deyil, telefonla danışdıq, dedilər ki, rəislə calaşdırırıq. O da dedi ki, narahat olmayın, üç-dörd gün səbr edin, gözləyin, nəsə olsa, xəbər edəcəyik. Mən necə sakit oturum, 12 gündür mənim uşağımı gətiriblər, yerini demirlər", - Anar Cabbarovun anası Hökümə Cabbarova Meydan TV-yə bildirib.

H.Cabbarova deyir ki, vəkilinin də Anarla görüşünə imkan verilmir. Anasının sözlərinə görə, yerli məhkəmələrdən Anar Cabbarov haqqında hansısa qərarın çıxarıldığını öyrənməyə çalışıblar, heç nə tapa bilməyiblər: "İnternetdə yazıblar ki, guya Nardaran hadisələrinə görə axtarışda olub, ona görə Türkiyədə tutub gətiriblər. Yalandır. Anar Nardaran hadisələrindən sonra dəfələrlə Azərbaycana gedib-gəlib. Nardaran hadisələrilə bağlı məhkəmədə şahid kimi dindirilib".

H.Cabbarova oğlunun yerini öyrənmək üçün aprelin 2-də yenidən Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Ombudsman Aparatına müraciət edib.

"Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırzadənin dostu olan A.Cabbarovu martın 15-də Türkiyədə sənədlərində problem səbəbilə əvvəlcə polis idarəsinə, daha sonra Deportasiya İdarəsinə aparıblar. Türkiyədə hüquqlarını müdafiə edən vəkilə bildirilib ki, sənədlərində problem olduğundan onun haqqında dəqiqləşmə aparılır, tezliklə buraxılacaq. Daha sonra A.Cabbarov Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna aparılıb. Oradan müəyyən sənədlər alınıb.

Martın 22-də vəkili A.Cabbarovla görüşə gedəndə ona deyilib ki, müvəkkili bəzi dəqiqləşdirmələr üçün yenidən Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna aparılır, bir neçə saata geri qaytarılacaq, daha sonra isə çox güman ki, azad ediləcək. Lakin A.Cabbarov bir daha geri qaytarılmayıb. Elə həmin gün Bakı aeroportunda tanışları A.Cabbarovun əlləri bağlı vəziyyətdə gətirildiyini görüb.

A.Cabbarov keçərkən qısaca həmin şəxsə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldığını deyib və yaxınlarına xəbər verməsini istəyib.

Daxili İşlər Nazirliyi A.Cabbarovun saxlanma səbəbi və yeri barədə heç bir məlumat vermir.

Türkiyə hökuməti bundan öncə də bir neçə dəfə Azərbaycan hökumətini tənqid edən şəxsləri öz ərazisində saxlayaraq, Bakıya göndərib. “Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov, keçmiş deputat Hüseyn Abdullayev Türkiyə ərazisində tutulub. Azərbaycan hökuməti də öz növbəsində Türkiyənin “Fətullah Gülən tərəfdarı” kimi təqdim edib, terrorçuluqda ittiham etdiyi vətəndaşlarını öz ərazisində saxlayıb. Onlar beynəlxalq hüquq normalarına uyğun olaraq, məhkəmə qərarıyla azadlığa buraxılsalar da, məhkəmə binasından çıxan kimi tutulub, Türkiyəyə göndəriliblər.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın onlarla üzvü həbsdədir. Onlar əsasən, Nardaran hadisələrindən sonra həbs olunub, dövlət çevrilişinə cəhd, terrora çağırış və s. ittihamlarla 20 ilə qədər azadlıqdan məhrum ediliblər. Təşkiların üzvlərinin bir qismi martın 17-də prezidentin əfv sərəncamıyla azadlığa buraxılıb. Onların arasında hərəkatın sədr müavini Elçin Qasımov da var.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  3 Aprel 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/z5q6nu

Ən çox baxılan