Anası: Polis Zəka Mirağayevi ruhi-əsəb dispanserinə göndərib

“Elə bu zaman oğlum Zəka Mirağayevin dəhlizdən səsini eşitdim, o, anasının hansı qanuna görə idarəyə gətirildiyini soruşur və göndərişi tələb edirdi”.

Foto: Zəka Mirağayevin şəxsi arxivindən


“Oğlumun saxlanılmasının səbəbi onun Qəbələ rayonundan deputatlığa namizədliyini irəli sürməsidir”

Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin tələbəsi olmuş Zəka Mirağayev dekabrın 25-də Qəbələ rayonunda həbs olunaraq Maştağa qəsəbəsində yerləşən 1 saylı ruhi-əsəb dispanserə gətirilib.

Məlumatı Meydan TV-yə Zəka Mirağayevin anası Həlimə Mirağayeva verib.

Anası Zəka Mirağayevin saxlanılmasının səbəbini onun Qəbələ rayonundan deputatlığa namizədliyini irəli sürməsi ilə əlaqələndirir.

Həlimə Mirağayeva bildirib ki, iki gün əvvəl polis Cavidan Musayev onu Vəndam kəndindəki “Vedrə bazarı”nda alver edərkən saxlayıb:

“Mən bazarda alver edirəm, səhər bazara getdim, bir az keçəndən sonra yerli sahə polisi Cavidan Musayev gəlib dedi ki, rayon polisinə gedəcəyik, səbəbini soruşsam da, “orda bilərsən” söylədi. İdarəyə yaxınlaşanda sahə polisinin kiməsə telefonda “oğlu da Qəbələdədir, onu tapaq, bunu buraxaq” dediyini eşitdim. Mən rəis Nadir Məmmədovun kabinetinə girəndə, o, üstümə qışqırdı ki, niyə bazarda mübahisə edirsən. Belə şey olmadığını söyləsəm də, o, yenə üstümə qışdırır, rabitəsiz danışırdı. Elə bu zaman oğlum Zəka Mirağayevin dəhlizdən səsini eşitdim, o, anasının hansı qanuna görə idarəyə gətirildiyini soruşur və göndərişi tələb edirdi. Amma ona sərt cavab verdiklərindən rəisin kabinetinə girdi, doğrusu, oğlum əsəblərinə sahib ola bilmədi, onu qınamıram, mənə demişdi ki, polis nə vaxt çağırsa, göndəriş tələb et, olmasa, getmə. Oğlumun belə qəzəbli etirazından sonra onu tutub məhkəməyə gətirib 10 sutka cəza verdilər. Məhkəmə qərarından 2 gün sonra eşitdim ki, Zəkanı 1 saylı ruhi-əsəb dispanserinə aparıblar. Gəldim Bakıya, burda həkim dedi ki, xəbəriniz var, oğlunuzu dəlixanaya gətiriblər. Həkim oğlumun psixi problemi olmadığını da söylədi və onu burda saxlanılmasına ehtiyac görmədi. Amma Qəbələ polisinin təzyiqi ilə Zəkanı dispanserdə saxlayırlar”.

Həlimə Mirağayeva Qəbələ Polis İdarəsində məcburi şəkildə oğluna qarşı ərizə yazdırdıqlarını dedi.

DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Zəka Mirağayev haqqında məhkəmənin hökmü olduğundan əlavə şərhə ehtiyac görmədi. Ancaq Ehsan Zahidov bildirdi ki, Qəbələ polisi ilə əlaqə saxlayıb araşdıracaq:

“Bununla belə Zəka Mirağayev polisə qarşı müqavimət göstəribsə, deməli, psixi problemi var”.

2017-ci ildə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə fakültənin tələbəsi Zəka Mirağayevin CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılmasını istəyib.

Səbəb İlahiyyat fakültəsinin dördüncü kurs tələbəsi Z. Mirağayevin müsahibəsində dekan müavinin rüşvət almaqda ittiham etməsidir.

N.İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadənin bacısıdır.

Yasamal Rayon Məhkəməsinin 2017-ci il noyabrın 8-də çıxardığı qərara əsasən, böhtan atma maddəsi ilə Z.Mirağayev 1 il islah işləri cəzasına məhkum edilib. Eyni zamanda, onun aylıq gəlirinin 15 faizi də tutulub.

Ana səhifəSiyasətAnası: Polis Zəka Mirağayevi ruhi-əsəb dispanserinə göndərib