Ana: Övladım 12 saylı cəzaçəkmə müəssisəsində fiziki işgəncələrə məruz qalıb

“Müəssisənin əməkdaşları onun başına o qədər təpik vurublar ki…”

Bakı sakini Nurlan Şahverdiyev qardaşı Fərid Əbdülhadi Həsənin Bakı İstintaq Təcridxanasında ölümcül döyüldüyünü deyir.

O, Meydan TV-yə bildirib ki, qardaşı 12 saylı Cəzaçəkmə Müəssisəsində dözülməz işgəncələrə məruz qalıb:

“Barəsində hökm çıxandan sonra Bakı İstintaq Təcridxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülən gündən qardaşımın günü qaradır. Başına o qədər təpik vurublar ki, ağır vəziyyətdə Müalicə Müəssisəsindədir. Danışanda tez-tez cümlələrində rabitəsizlik yaranır, huşu gedir-gəlir, sanki havalı kimidir. Döyülməkdən daxili orqanları sıradan çıxıb. Həkim vəziyyətini ağır qiymətləndirir. Onu ölümcül vəziyyətə salan həbsxana işçiləri cəzalandırılmalıdır ki, başına gələnlər sabah başqa dustağın başına gəlməsin”.

Nurlan Şahverdiyev deyir ki, 2023-cü ilin mayında narkotik istifadəsinə görə məhkum edilən qardaşı hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsindədir:

“1 ay 10 gündür ki, qardaşım Müalicə Müəssisəsinə köçürülüb. Ora köçürülməmişdən bir həftə əvvəl möhkəm döyülüb. Onu döyənlər müəssisənin rəisi Babək İsgəndərov, müavini Cavid Səfərov, Əziz Tağıyev, Vüsal adlı əməkdaş olub. Babək İsgəndərov bir neçə gün əvvəl oradan çıxarılaraq başqa yerə göndərilib, onu hazırda Cavid Səfərov əvəz edir. Vüsalsa başqa müəssisədə dustağı döyüb öldürdüyünə görə rütbəsini, vəzifəsini aşağı salaraq bu müəssisəyə göndəriblər. Qardaşımın başına, bədəninə o qədər təpik vurublar ki, huşu başında deyil. Daxili orqanları sıradan çıxıb”. 

Şikayətçinin sözlərinə görə, qardaşı döyüləndən sonra karsa salınıb ki, döyülmə izləri sağalsın.

Karsdan çıxandan sonra ailəsiylə telefon əlaqəsi yaradaraq başına gələnləri danışıb və təcili xəstəxanaya götürülərək müayinə olunmasını istəyib:

“Bir həftə karsda saxlamaqla bədənindəki döyülmə izləri, göyərmələr keçə bilər, ancaq adamın aldığı zərbələrdən beyni, ciyərləri, digər daxili orqanları zədələnib axı. Bunu necə ört-basdır edəcəklər? Karsdan çıxandan sonra evə zəng vurdu. Dedi ki, məni ölümcül döyüblər, nəfəs ala bilmirəm. Bizim müraciətlərimizdən sonra Müalicə Müəssisəsinə köçürüldü. Orada MRT aparatı olmadığına görə dekabrın 29-da özəl xəstəxanalardan birinə götürüb MRT etdirdik. Cavabını Müalicə Müəssisəsinə təqdim etdik. Həkim bildirdi ki, daxili orqanları zərbələrdən zədələnib. İki gün əvvəl qardaşımla görüşə getdik, olduqca pis vəziyyətdədir. Bir gözü görmür, eşitmə qabiliyyətini itirib. Qulaqlarını dırnaqtutanla dartıblar, zədələyiblər. Ağlasığmaz işgəncələr veriblər. Hazırda onu həyatda saxlayan sistemlə ötürülən dərmanlardır. Sözünün əvvəliylə axırı uyğun gəlmir, cümlələri rabitəsizdir, sanki bu dünyada deyil”.

Məhbusun ailəsi dəfələrlə Penitensiar Xidmətin “qaynar xətt”inə müraciət edib.

Geri dönüş edəcəklərini bildirsələr də, etməyiblər.

Onlar Penitensiar Xidmətin rəis müavini Fikrət Qafarovun qəbulunda olublar. Qafarov onlara məhbusun başına gələnlərin araşdırılacağını deyib.

Məhbusun anası Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovun qəbuluna yazılsa da, onu rəisin köməkçisi qəbul edib, şikayətin araşdırılacağını bildirib.

Ailə Bakı Şəhər Prokurorluğuna da ərizə yazıb. Ərizə oradan Qaradağ Rayon Prokurorluğuna göndərilib. Oradan məhbusun ailəsiylə telefon əlaqəsi saxlayaraq ərizəylə bağlı məlumat veriblər və izahat üçün dəvət edəcəklərini bildiriblər. Bunun da üstündən artıq 15 gün keçib.

Nurlan Şahverdiyevin dediyinə görə, müraciətlərinin heç birinə baxılmayıb:

“Mənim qardaşım Mədət Quliyevin də vaxtında həbsxanada olub. Onun vaxtında şikayətlərə baxılırdı, belə şeylər olmurdu. İstədiyimiz odur ki, adlarını çəkdiyim müəssisə əməkdaşları cəzasız qalmasın ki, bu gün qardaşımın başına gələnlər sabah başqa dustağın başına gəlməsin”, – məhbusun qardaşı deyir.

Meydan TV Penitensiar Xidmətdən hadisəyə münasibət öyrənə bilməyib.

Ana səhifəVideoAna: Övladım 12 saylı cəzaçəkmə müəssisəsində fiziki işgəncələrə məruz qalıb