Yusifovlar ailəsi

Mənbə: Meydan TV

Başlıq: Yusifovlar ailəsi

Ana: Bir ildir ki, iki əlil uşaqla yollarda qalmışam

Hökumət iki azyaşlının əlilliyini ləğv edib, əlillər dərmansız, ərzaqsız qalıb

“Uşaqların əlillik pensiyası kəsilib, bir ildir ki, dərmanlarını ala bilmirik. Hər ikisi epilepsiya xəstəsi və əqli qüsurludur. Bir ildir ki, məmurlar məni də, əlil uşaqlarımı da süründürürlər. Bu vəziyyət isə uşaqlarımın səhhətinə daha ağır zərbə vurur”.

Zərdabın Qaravəlli kəndində yaşayan Gülnar Yusifova Meydan TV-yə danışır ki, iki əlil övladının – 14 yaşlı Asifin və 11 yaşlı Fəridin əlilliyi ləğv olunub. Onun sözlərinə görə, ötən ilin iyulunda hər iki uşağın əlilliyi ləğv olunub. Avqustda ana uşaqlarına görə Psixi Sağlamlıq Mərkəzindən sənədlər alaraq Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərib, ancaq imtina cavabı alıb. Səbəb kimi uşaqların epilepsiya tutmaları ilə bağlı məlumatların “Forma-88”-də qeyd olunmaması göstərilib. Ana Uşaq Nevroloji Xəstəxanasından TSEK-in tələb etdiyi qaydada sənədləri də alaraq təkrar komissiyaya göndərib. Yusifovlar ailəsinə TSEK-dən yenə imtina cavabı verilib. Bu dəfə imtinaya səbəb kimi uşaqların 10 günlük stasionar müalicə almadıqları göstərilib.

“Hansı sənədi istədilərsə apardım, amma...”

“Bu ilin martında hər iki övladımla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində oldum. Sonra isə Dövlət Tibbi-Sosial Ekspertiziya Komissiyasına getdim. Komissiyadan 10 günlük stasionar müalicənin “Forma-88”-də qeyd olunması üçün Uşaq Nevroloji Xəstəxanasının həkimləri ilə əlaqə saxladılar. Oradan TSEK-ə bildirildi ki, uşaqların psixi problemlərinə görə xəstəxana stasionar yox, ev şəraitində müalicə yazıb. Səbəb psixi xəstəliyi olan uşaqların Uşaq Nevroloji Xəstəxanasında saxlanılması üçün şəraitin olmamasıdır. TSEK-də məndən 2021-ci ilin rəyini istədilər və mən Əsəb-Ruhi Dispanserindən onların istədikləri sənədləri əldə edərək növbəti dəfə TSEK-ə təqdim etdim. Ancaq övladlarıma hələ də yenidən əlillik təyin olunmayıb”, - ana danışır.

İki əlil uşaqla yollarda...

“Sənədlər TSEK-dədir. Ancaq hər dəfə müxtəlif bəhanələrlə məni dağa-daşa salırlar. İki xəstə uşaqla Zərdabdan Bakıya gəlirəm, Nazirliyə gedirəm, ordan TSEK-ə, ordan xəstəxanaya, ordan yenə rayona... İki əlil uşaqla yollarda qalmışam. Tez-tez huşlarını itirmələri, dillərinin qatlanması, 20-30 dəqiqə ərzində dəfələrlə bu halların təkrarlanması bu uşaqlara əlillik təyin etməyə kifayət etmirmi? Böyük uşağın psixi problemləri daha çoxdur. Bu boyda get-gəllər uşaqların psixi pozğunluğunu daha da artırır”.

Tibbi rəy

Tibbi rəy

Mənbə: Meydan TV

“Pulsuzluqdan müalicəsiz qalıblar”

Ailənin maddi gəlirləri aşağıdır, bu üzdən də uşaqların müayinə və müalicəsi 1 ildir dayanıb:

“Maddi durumumuz çox ağırdır. Həyat yoldaşım Laçın köçkünüdür, bircə köçkünlüyə görə dövlət ona və iki uşağa 60 manat verir. Hər iki uşağa görə ümumilikdə 300 manat pensiya, iki əlil uşağa baxdığıma görə mənə 100 manat verilirdi. Əlillik ləğv olunandan sonra o 100 manat da kəsildi. Uşaqlar əlildir deyə, təhsillərini ev şəraitində alırdılar, buna görə hər ay 50 manat verilirdi. Bir neçə ay əvvəl onu da kəsdilər. Uşaqlar hər ay müayinədən keçib, müalicə almalıdır. Pulsuzluq üzündən müayinədən də, müalicədən də kənarda qalıblar. Bu uşaqların günahı TSEK-dəki qarnı yekə məmurların gözünü tutacaq”.

Dövlət Tibbi-Sosial Komissiyasının Laçın rayon şöbəsindən bildirilib ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulub. Diaqnozun ağırlaşmalarını təsdiq edən müayinələrin nəticələri dəqiqləşdirilməli və sənəddə ətraflı qeyd edilməlidir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wzpc1r

Ən çox baxılan