Altıgünlük müharibənin səbəbləri

Müharibə tərəfdarı olan Baş qərargah rəisi İshaq Rabin isə İsrailin mütləq birinci hücum etməli olduğunu söyləyirdi.

Source: Meydan Tv


Birinci ərəb-yəhudi müharibəsindən sonra iki ölkə arasında demilitarizasiya zonası yaradılmışdı

Regional müharibələr arasında dünyada gedən proseslərə Altıgünlük müharibə qədər təsir göstərmiş ikinci birisini tapmaq çətindir. 1967-ci ilin 5-10 iyun tarixlərində baş verən, bir tərəfdə İsrailin, digər tərəfdə isə ərəb ölkələri koalisiyasının (Misir, Suriya, İordaniya və İraq) döyüşdüyü müharibənin yekunları bütün dünyadakı proseslərə ciddi təsir göstərdi və yarım əsrdən çoxdur ki, göstərir.

***

Birləşmiş Millətlər Təşkilatı 1947-ci il noyabrın 29-da Fələstində iki dövlətin – ərəb və yəhudi dövlətlərinin yaranmasını nəzərdə tutan 181 saylı qətnamə qəbul etdi. O zaman Britaniya mandatı altında olan ərazinin 56,7 faizinin yəhudilərə, qalanının isə ərəblərə verilməsi nəzərdə tutulurdu. Qüds və Betlehəm şəhərləri isə beynəlxalq nəzarət altında qalmalı idilər.

Ərəblər bu planı qəbul etmirdilər və qətnamənin qəbulunun elə sabahısı Birinci ərəb-yəhudi müharibəsi başladı. Elə müharibə zamanı, 1948-ci ilin mayında İsrail dövlətinin yaradıldığı elan olundu. Ona qarşı isə Misir, Transiordaniya (gələcək İordaniya), Suriya, Livan, İraq, Səudiyyə Ərəbistanı, Yəmən, Sudan dövlətlərinin qoşunları, eləcə də Ərəb azadlıq ordusu və Müqəddəs cihad ordusu adlı könüllülərdən ibarət dəstələr döyüşürdü.

Ərəb koalisiyasının sanballı görünməsinə baxmayaraq, hərbi əməliyyatların gedişi İsrailin tam qələbəsi ilə yekunlaşdı. Təsadüfi deyil ki, İsraildə “Milkhemet Ha'Atzma'ut” (İstiqlal savaşı) adlanan bu müharibəyə ərəb ölkələrində Nəkbə (fəlakət) adı verildi. BMT qətnaməsinə görə Fələstin dövlətinə ayrılan ərazilərin yarısı, eləcə də Qərbi Qüds İsrailin nəzarətinə keçdi.

Digər ərazilər isə – Betlehəm də daxil olmaqla İordan çayının qərb sahili və Şərqi Qüds Transiordaniyanın, Qəzzə sektoru Misirin nəzarətinə düşdü. Maraqlıdır ki, bu iki ərəb dövləti də eynilə İsrail kimi davrandılar və nəzarətlərində olan ərazilərdə Fələstin dövlətinin yaranmasına imkan vermədilər. Transiordaniya hətta qərb sahilini və Şərqi Qüdsü öz ərazisinə qatdığını bildirdi.

İsrail və Misir daha bir dəfə 1956-cı ildə üz-üzə gəldilər. Misirin Süveyş kanalını milliləşdirməsinə cavab olaraq İsrail İngiltərə və Fransa ilə birlikdə bu ölkəyə qarşı təcavüzdə iştirak etdi. Amma ABŞ, SSRİ, BMT-nin təkidi ilə hərbi əməliyyatları dayandırmağa məcbur oldular. Bu zaman İsrail Qəzza sektorundan əlavə Misirin ərazisi olan Sinay yarımadasını da tutmuşdu və bu əraziləri özünə birləşdirəcəyini istisna etmirdi, amma ABŞ-ın sanksiyalar hədəsindən sonra 1949-cu il sərhədlərinə çəkilməli oldu.

***

Süveyş böhranından sonra Misir və İsrail sərhədində BMT-nin Fövqəladə silahlı qüvvələri yerləşdirildi. Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin hərbçilərindən təşkil olunan bu sülhməramlı missiya sayəsində sonrakı 10 il ərzində İsrail-Misir sərhədində sakitlik oldu.

Misir prezidenti Camal Əbdül Nasir İsrailin ünvanına zaman-zaman hədələyici tonda çıxışlar edirdi. Məsələn, bildirirdi ki, Fələstin probleminin yeganə həlli İsrailin ortadan qaldırılmasıdır. Başqa bir çıxışında Nasir “Allaha and içirik ki, Fələstini ərəblərə, ərəbləri isə Fələstinə qaytarmayınca sakitləşməyəcəyik” deyirdi. Amma bu sözlərin arxasında hər hansı real fəaliyyət dayanmırdı.

Əvəzində İsrail-Suriya sərhədində permanent gərginlik hökm sürürdü. Bu gərginliyin müxtəlif səbəbləri vardı. Suriyanın 1964-cü ildə yaradılan, İsrailə qarşı bir sıra diversiya və terror aktları həyata keçirən Fələstin Azadlıq Təşkilatına (FAT) verdiyi dəstək bu səbəblərdən biri idi. Digər bir səbəb Suriyanın İsraildə ərazisindəki əsas şirin su mənbəyi olan Təbəriyyə gölünə tökülən İordan çayının məcrasını dəyişmək cəhdi idi.

Birinci ərəb-yəhudi müharibəsindən sonra iki ölkə arasında demilitarizasiya zonası yaradılmışdı. İsrail hesab edirdi ki, həmin ərazi üzərində suverenliyə malikdir və orada mülki işlər aparmaq hüququ var (Suriya ilə sərhəd ərazinin hamısı BMT tərəfindən İsrail dövləti ayrılan torpaqlar idi). Suriyalılar isə belə hesab etmirdilər və buna görə də orada çalışan israilliləri tez-tez atəşə tuturdu.

Başqa səbəbləri də olan bu gərginlik bəzən ciddi toqquşmalara gətirib çıxarırdı. Məsələn, 1967-ci ilin aprelin 7-də demilitarizasiya zonasında işləyən yəhudi traktorçunun Suriya ərazisindən atəşə tutulması ilə başlayan insident hava döyüşünə qədər böyüdü və altı Suriya təyyarəsinin vurulması ilə yekunlaşdı.

İsrailin həmsərhəd olduğu digər iki ərəb ölkəsində – Livanda və xüsusən İordaniyada FAT-n düşərgələri yerləşirdi və buradan İsrail ərazisinə tez-tez hücumlar təşkil olunurdu. Əvəzində bu ölkələrin əraziləri də İsrail tərəfindən hava, artilleriya zərbələrinə məruz qalır, bəzən isə yerüstü əməliyyatlar keçirilirdi.

Qeyd etmək lazımdır ki, İsrailin ən uzun sərhədə malik oduğu İordaniyanın kralı Hüseyn belə insidentlərlə maraqlı deyildi. Amma öz ərazisində yerləşən FAT qüvvələrinə gücü çatmırdı. Bu barədə “İordaniya və fələstinlilər”, “İordaniyada “Qara sentyabr” hadisələri” adlı məqalələrimdə bəhs etmişəm.

Altıgünlük müharibəyə qədər İsrail-İordaniya münasibətlərində ən böyük gərginlik 1966-cı ilin noyabrında yaşandı. Üç hərbçisinin mina partlaması nəticəsində həlak olmasına cavab olaraq İsrail İordan çayının qərb sahilində yerləşən və o zaman İordaniyanın nəzarət etdiyi əs-Samu qəsəbəsinə hücum etdi. Nəticədə bir tərəfdə İsrail ordusu (Tsahal), digər tərəfdə isə FAT qüvvələri və İordaniya ordusu olmaqla ciddi toqquşma baş verdi.

Bu hadisədən sonra Nasir yenə gurultulu bəyanatlar verdikdə, İordaniya kralı Hüseyn onu digər ərəb ölkələri İsrailim hücumuna məruz qaldığı halda “BMT qüvvələrinin yubkası altında” gizlənməkdə ittiham etdi. Qeyd etmək lazımdır ki, ərəb monarxiyaları Nasiri özləri üçün təhlükə görürdülər və sevmirdilər.

***

Dörd ərəb ölkəsi ilə İsrail arasındakı bu permanent gərginlik müharibə həddinə çatmadan hələ uzun müddət sürə bilərdi, əgər məsələyə SSRİ qarışmasaydı. Mayın 13-də sovet hökuməti İsrailin guya Suriyaya hücum etməyi planlaşdırması və buna görə həmin ölkə ilə sərhədə xeyli qoşun yığması barədə Misiri xəbərdar etdi.

SSRİ-nin guya Suriyaya ediləcək hücum haqqında niyə Dəməşqi deyil, Qahirəni xəbərdar etməsi kifayət qədər düşündürücü sualdır. Bundan əlavə, İsrailin hələ hücum niyyətində olmadığı və qoşun da cəmləmədiyi halda Moskvanın bunu iddia etməkdə məqsədinin nə olması hələ də müəmmalıdır. Səbəb nə olursa olsun, bundan sonra hadisələr domino effekti ilə cərəyan etdi.

Elə həmin gün Misir və Suriya arasında siyasi və hərbi məsləhətləşmələr başladı. Bəlkə də kral Hüseynin ittihamını unutmayan Nasir xüsusi şövqə gələrək gərginliyini artıran ardıcıl addımlar atdı. Artıq mayın 14-də Süveyş kanalının ətrafında Misir qoşunları cəmləndi. Ertəsi gün onlar Sinay yarımadasına, İsraillə sərhədin yaxınlığına köçürüldülər.

Hərçənd, bəzi hərbçilər Nasiri və müdafiə naziri feldmarşal Əbdülhakim Əmiri xəbərdar edirdilər ki, Misir ordusunun bir hissəsi Yəməndə gedən vətəndaş müharibəsinə cəlb olunduğundan indi İsraillə vuruşmaq ağılsızlıqdır. Əmir isə baş verənlərin sadəcə əzələ nümayişi olduğunu söylədi.

Elə İsraildə də Misirin addımlarına, eləcə də Qahirədən yayınlanan “Ərəblərin səsi” radiosunda səslənən hədə-qorxulara əvvəlcə ciddi yanaşmır, Nasirin ərəb dünyasına ünvanlanan populizmi kimi qiymətləndirirdilər. Amma Misir prezidentinin sonrakı iki addımı Təl-Əvivdə ciddi əndişə yaratdı və Nasirin həqiqətən müharibəyə hazırlaşdığına inandırdı.

Mayın 16-da Misir İsraillə sərhəddə yerləşən Fövqəladə qüvvələrinin çıxarılmasını tələb etdi və BMT Baş katibi U Tanın Qahirəni fikrindən daşındırmaq üçün etdiyi cəhdlər nəticəsiz oldu. İkinci addım Misirin mayın 22-də Şarm əş-Şeyxə qoşun salaraq Tiran boğazını İsrail gəmiləri üçün bağlaması oldu.

İsrail cənubda Əqəbə körfəzinə, oradan da Tiran boğazı vasitəsilə Qırmızı dənizə çıxışa malikdir. Cəmi 12 km uzunluğundakı həmin sahil zolağında mühüm iqtisadi əhəmiyyətə malik Eylat limanı yerləşir. İsrailə tankerlərlə daşınan neftin 90 faizi məhz Eylatın payına düşürdü. Boğazın bağlanılması onun üçün ağır zərbə idi. Üstəlik, Süveyş böhranından sonra İsrail Sinay yarımadasını qaytararkən Tiran boğazından sərbəst keçəcəyini şərt kimi qoymuşdu, Misir də qəbul etmişdi.

Mayın ikinci yarısında bir sıra ərəb ölkələrində səfərbərlik aparılır. Bu addımı ilk dəfə İordaniya mayın 17-də atdı. Dörd gün sonra Misir də elan etdi. Mayın 30-da Misir və İordaniya qarşılıqlı yardım haqqında razılığa gəldilər. İsraillə sərhədi olmayan İraq müharibədə iştirak üçün mayın son günündə qoşunlarını İordaniyaya göndərdi. İsrail də mayın 20-də səfərbərlik apardı.

***

Həmin günlərdə müxtəlif ərəb ölkələrindən İsrailin ünvanına qorxulu bəyanatlar səslənirdi. “Ərəblərin səsi” radiosu deyirdi: “Daha İsraili müdafiə edən Fövqəladə qüvvələr yoxdur. Biz daha təmkin nümayiş etdirməyəcəyik. Biz daha BMT-yə İsraildən şikayət etməyəcəyik. İsrailə münasibətdə istifadə edəcəyimiz yeganə təsir vasitəsi… sionist dövlətin məhvi olacaq”.

Camal Əbdül Nasir: “Bizim əsas məqsədimiz İsrailin məhvi olacaq”. İraq prezidenti Əbdürrəhman Arif: “İsrailin mövcudluğu xətadır və ortadan qaldırılmalıdır”. Suriyanın müdafiə naziri Hafiz Əsəd: “Hərbçi kimi düşünürəm ki, İsraili məhv etmək uğrunda döyüşə başlamağın zamanı çatıb”.

FAT rəhbəri Əhməd Şükeyrinin bəyanatı xüsusi sinizmi ilə seçilirdi. Ərəblərin qalib gələcəyi halda sağ qalan yəhudilərə doğulduğu ölkələrə qayıtmaq icazəsi veriləcəyini söyləyən Şükeyri sonda bir əlavə etdi: “Amma mənə elə gəlir ki, heç kəs sağ qalmayacaq”.

***

Yaxın Şərqdə artan gərginlik ABŞ və SSRİ arasında müzakirə predmeti oldu. ABŞ prezidenti Lindon Conson və SSRİ-nin baş naziri Aleksey Kosıgin fikir mübadiləsi apardılar. Fövqəldövlətlər savaşın başlamaması üçün tərəflərə təsir göstərmək barədə razılaşdılar.

Mayın 25-də İsrailin xarici işlər naziri Abba Eban Vaşinqtona səfər etdi. O, burada Lindon Consonla, dövlət katibi Din Raskla, müdafiə naziri Robert Maknamara ilə görüşdü. Ebanın bütün səylərinə baxmayaraq, amerikalıların birmənalı dəstəyini ala bilmədi. Conson ona bildirdi ki, İsrail birinci hücum etməməlidir.

Mayın 27-də isə Qahirədəki sovet səfiri Dmitri Pojidayev prezident Nasirdən təcili görüş istədi. Diplomat görüş zaman Kosıginin məktubunu Nasirə verdi. Məktubda baş nazir Misirdən müharibəyə birinci başlamamasını tələb edirdi. O bildirirdi ki, əgər müharibəyə Misir başlasa, SSRİ kömək ona edə bilməyəcək.

Bəzi versiyalara görə, müharibə ilə bağlı Nasirlə Əmir arasında fikir ayrılığı vardı. Prezident bütün gurultusuna baxmayaraq, müharibədən yayınmaq istəyirdi, feldmarşal isə hətta hücum planı da hazırlamışdı. Əgər bu versiya həqiqətdirsə, Kosıginin məktubu Nasirin işinə yaradı.

İsraildə də fikir ayrılığı hökm sürürdü. Keçmiş baş nazir, dövlətin qurucularından biri David Ben-Qurion savaşın uğurlu olacağına inanmır və əleyhinə çıxırdı. Baş nazir Levi Eşkol da nikbin deyildi. Müharibə tərəfdarı olan Baş qərargah rəisi İshaq Rabin isə İsrailin mütləq birinci hücum etməli olduğunu söyləyirdi.

Rabin və həmfikirlərinin düşüncəsinə görə, ölkə ərazisinin strateji dərinliyi olmadığından (ölkənin eni ən uzun yerdə 135 kilometrdir) müdafiə döyüşü aparması mümkün deyil, İsrailin azacıq uğursuzluq ixtiyarı yoxdur. Əks halda1950-1960cı illərdə ərəblər arasında yayılan şüarda deyildiyi kimi, yəhudiləri dənizə tökəcəklər.

Gərgin müzakirələrdən sonra mühaibə tərəfdarları qalib gəldilər. İsraillilər işi ərəb liderlərinin istəyinə buraxmamağı və birinci özlərinin hücum etmələrini qərara aldılar. Regionda və dünyadakı proseslərə ciddi təsir göstərəcək müharibədəki hərabi əməliyyatların gedişini növbəti məqaləmdə təsvir edəcəyəm.

Ana səhifəXəbərlərAltıgünlük müharibənin səbəbləri