Yadigar Sadıqlı

Mənbə: Meydan TV

Başlıq: Yadigar Sadıqlı

Altıgünlük müharibənin nəticəsi

Qələbə dünyadakı yəhudi diasporasına güclü təsir göstərdi

İsrail və ona qarşı duran ərəb koalisiyasının potensialı bərabər deyildi. 1967-ci ildə İsrailin əhalisi 2, 75 milyon idi. Təkcə Misirdə az qala 12 dəfə çox insan yaşayırdı – 32 milyon. Suriyada 5,74 milyon, İordaniyada 1, 38 milyon əhali vardı. İsraillə sərhədi olmayan, amma müharibədə iştirak üçün qoşun göndərəcək İraqda əhali sayı 9 milyona yaxınlaşırdı.

İsrail hərbçilərinin sayı 264 min idi. Bunlardan 50 mini həqiqi hərbi xidmətdə olanlar, 214 mini isə ehtiyatdan çağrılanlar idi. Ərəb koalisiyasının canlı qüvvəsi isə 547 min idi. Bunların yarısından bir qədər azı (240 min) Misirin payına düşürdü. İsrailin 200 təyyarəsi və 800 tankı, ərəblərin isə 957 təyyarəsi və 2504 tankı vardı.

Amma bu kəmiyyət üstünlüyü keyfiyyətdə əksini tapmırdı. Suriya ordusu hərbi əməliyyatlardan daha çox hərbi çevrilişləri bacarırdı. Ölkədə 1963 və 1966-cı illərdə iki hərbi çevriliş baş vermişdi. Hər dəfə də qalib gələn tərəf ordunu məğlub tərəfin tərəfdarlarından təmizləyirdi. Bu proses təbii ki, ordunun döyüş hazırlığına müsbət təsir etmirdi.

Misir ordusunda da döyüş hazırlığı yüksək deyildi. Burada yüksək vəzifələrə təyinatlar bacarıq deyil, şəxsi sədaqət əsasında aparılırdı. Üstəlik, həmin vaxt Şimali Yəməndə monarxistlərlə respublikaçılar arasında müharibə gedirdi və Misirin 70 minlik hərbi hərbi qüvvələri bu müharibədə respublikaçıların tərəfində vuruşurdular. İordaniya ordusu daha hazırlıqlı, amma azsaylı idi.

***

Təl-Əviv hərbi əməliyyatlara hazırlığı olduqca məxfi şəraitdə aparırdı. Hətta ABŞ-a da etibar edilmirdi. İyunun 5-də səhər tezdən, əməliyyatlara başlamazdan öncə xüsusi xidmət orqanlarının əməkdaşları ABŞ səfirliyinin binası üzərinə qalxaraq buradakı izləmə antenasını sıradan çıxardılar. Bundan sonra İsrail təyyarələri üç dalğada havaya qalxdılar.

İsrail kəşfiyyatı qonşu ərəb ölkələrinin, xüsusən də Misirin aviasiyasına aid bütün məlumatları toplamışdı. Hərbi aerodromların yeri, patrul təyyarələrinin uçuş vaxtları və marşrutları, radarların texniki xüsusiyyətləri və başqa detallar məlum idi. Hansı təyyarənin hansı aerodromu, hansı bucaq altında bombalayacağı, hansı bucaq altında uzaqlaşacağı planı təfərrüatlarla işlənib hazırlanmışdı.

Bundan əlavə, düşmən aerodromlarının uçuş zolağının beton örtüyünü dağıtmaq və beləliklə yerdəki təyyarələrin uçuşunu, havadakıların isə enişini mümkünsüz etmək üçün xüsusi bombalar hazırlanmışdı.

Misir hava hücumundan müdafiə qüvvələri İsraillə sərhəd istiqamətinə ciddi nəzarət edirdilər. Buna görə də İsraildən qalxan təyyarələr Misir istiqamətinə deyil, Aralıq dənizinə tərəf uçdular. Burada isə radarların tuta bilməyəcəyi 30 metr hündürlüyə enib Misirə tərəf istiqamətləndilər. Yəni təyyarələr misirlilərin gözlədiyi kimi şimal-şərq istiqamətdən deyil, şimal və şimal-qərb tərəfdən gəldilər.

Misir təyyarələri hər hansı qəfil hücuma qarşı gecə və səhər tezdən patrul uçuşları həyata keçirirdilər. Saat 07.30-da isə bu təyyarələr yerə enir, pilotlar səhər yeməyinə yollanırdılar. Kəşfiyyat vasitəsilə bundan xəbərdar olan israillilər əməliyyatın vaxtını da buna uyğunlaşdırdılar.

Saat 07:45-də İsrail təyyarələri Misirin 11 aviabazası üzərində peyda oldular. Onlar birinci həmlədə beton dağıdan bombalarını boşaltdılar. Bombalar elə atılırdılar ki, iki uçuş zolağının kəsişməsinə düşsün və beləcə, hər iki zolaq yararsız hala düşsün. Təyyarələr alçaqdan uçduqları üçün bunu etmək çətin olmadı. Partlayışların İsrail təyyarələrinə xəsarət yetirməmələri üçün həmin bombalar enişi ləngidən xırda paraşütlə təchiz olunmuşdu.

Dalğalarla hücum edən təyyarələr ilk həmlədə bombaları boşaldandan sonra ikinci, üçüncü həmlədə iri kalibrli pulemyotlardan aerodromlardakı təyyarələrə və digər infrasurkturlara atəş açdılar. Sursatları bitdikdə ölkələrinə qayıdaraq yenidən yanacaq və sursatla təmin edildilər. İsrail personalı təyyarələri sürətlə yanacaq və sursatla təmin etmək üçün xüsusi hazırlıq keçmişdi. Buna görə də qısa müddət ərzində üç hücum edə bildilər.

Birinci hücum 09.05-də bitdiyi halda ikinci hücum 09.34-də başladı, Misirin bu dəfə 14 aviabazası hədəf oldu. Üçüncü hücum saat 12.45-də yekunlaşdı. İordaniya, Suriya və İraq aviabazaları da hücuma məruz qaldı. Ərəb kolasiyasının ümumən 436 təyyarəsi və 16 döyüş helikopteri elə birinci gün məhv edildi. Onların böyük əksəriyyəti yerdə vuruldu.

İtirilən 338 təyyarə və 10 helikopter Misirə məxsus idi. Bu uçuş aparatlarının böyük əksəriyyəti yerdə, kiçik qismi hava döyüşündə vuruldu. Bundan əlavə, havada olan bəzi Misir təyyarələri yerə enmək üçün salamat zolaq tapmırdılar. Pilotlar paraşütlə tullanıb xilas olsalar da, təyyarələr yerə çırpıldı. İsraillilərin xüsusilə çəkindikləri Tu-16 bombardmançı təyyarələrin hamısı (30) məhv edildi.

55 təyyarə və 6 helikopter Suriyanın payına düşürdü. İordaniya 28, İraq 21 təyyarə itirdi. Daha 1 təyyarə isə Livanın idi. Bunlardan əlavə, xeyli infrastruktur, radarlar və zenit-raket kompleksləri sıradan çıxarıldı. Beləliklə, İsrail havada hegemonluğu təmin edərək ilk bir neçə saat ərzində müharibənin taleyini əslində həll etdi.

Əməliyyat mükəmməl həyata keçirildi və israillilərin ümid etdiklərindən də uğurlu alındı. Müxtəlif aviabazalardan qalxan, müxtəlif modifikasiyalı, müxtəlif sürətə malik təyyarələr eyni anda Misir aviabazalarına yetişdilər. İsraillilərin itkiləri minimal idi – 19 təyyarə.

Bu dərəcədə dəhşətli məğlubiyyət Misir rəsmilərinə döyüşdə qalib gəldiklərini və İsrailin 70 təyyarəsini məhv etdklərini, Misir tanklarının isə İsrail ərazisinə girməsini söyləməyə mane olmadı. Qahirə radiosunun yaydığı bu xəbər ərəb dünyasında böyük coşğu ilə qarşılandı.

***

İyunun 5-də saat 07.50-də İsrailin quru qoşunları Qəzza sektoru və Sinay yarımadasındakı Misir qüvvələrinə qarşı hücuma keçdilər. Əməliyyatlarda İsrail tərəfdən 70 min hərbçi və 700 tank iştirak edirdi. Onların qarşısında 950 tanka, 1100 zirehli transportyora malik 100 min misirli vardı.

Yerüstü döyüşlərdə də misirlilər ciddi müqavimət göstərə bilmədilər. Üç istiqamətdən Sinay yarımadasına daxil olan israillilər strateji əhəmiyyətli bir sıra məntəqələri tutaraq sürətlə Süveyş kanalına doğru irəlilədilər. Misirlilərin Sinaydan qərbə, Misirin Afrika hissəsinə doğru çəkilmək cəhdləri uğursuz oldu.

Misir aviasiyasının aviabazalarda yaşadığı fəlakəti zirehli texnika Mitla keçidində yaşadı. Mitla dərəsindən çıxışa israillilərin daha tez çatıb yolu bağlaması nəticəsində Misir texnikası yol boyu tıxac kimi düzülüb qaldı. Bu tərpənməyən hədəfləri məhv etmək İsrail aviasiyası üçün çətin olmadı. Tanklardan, zirehli transportyorlardan, avtomobillərdən ibarət yüzlərlə texnika Mitlada məhv edildi.

İyunun 7-də İsrail Sinay yarımadasının cənubundakı Şarm əş-Şeyxə dəniz desantı çıxardı və o zaman kiçik qəsəbə olan bu məntəqəni tutdu. Bundan sonra İsrail hökuməti Tiran boğazının bütün ölkələrin gəmilər üçün açıq olduğunu elan etdi.

Ərəb koalisiyasında ən dəhşətli məğlubiyyətə Misir uğradı. Bu cəbhədə cəmi 5 gün sürən hərbi əməliyyatlar zamanı 10 mindən çox (bəzən 15 min göstərilir) misirli öldürüldü və ya Sinay yarımadasının çöllərində itkin düşdü. Əsirlərin sayı o qədər çox idi ki, bəzi hallarda israillilər sıravi misirlilərin silahını alıb buraxır, yalnız zabitləri saxlayırdılar.

Dörd gün boyu israillilərə “qan uddurduğunu” iddia edən Qahirə beşinci gün, iyunun 9-da məğlubiyyətini rəsmən etiraf etdi. Prezident Nasir həmin gün istefa verdiyini açıqladı, amma dərhal da xalqın küçələrə çıxıb istefaya etiraz etməsini təşkil etdi. Bundan sonra “zəhmətkeşlərin xahişi ilə” postunda qaldı.

***

Ərəb ölkələri arasında İordaniya İsrailə qarşı daha yumşaq münasibətilə seçilirdi. Qahirə və Dəməşqdən fərqli olaraq, Amman qərbyönümlü siyasət yürüdürdü, ordusundakı bütün texnika da Qərb istehsalı idi. Digər tərəfdən, başqa ərəb monarxları kimi İordaniya kralı Hüseyn də Nasiri sevmir, onun ərəblər, o cümlədən iordaniyalılar arasındakı nüfuzunu taxt-tacı üçün təhlükə hesab edirdi.

İsrail müharibənin ilk günü, iyunun 5-də Barışığa nəzarət üzrə BMT missiyasının rəhbəri, norveçli general Odd Bull vasitəsilə İordaniya kralına məktub göndərərək başlayan savaşda bitərəf qalmasını istədi və belə halda ona qarşı heç addım atılmayacağını bildirdi. Amma məktub krala yetişənə qədər Misir artıq döyüşlərdə qələbə çaldığı barədə yalançı məlumatı yaymışdı. Hüseyn də qələbədə pay sahibi olmaq şövqü ilə hərbi əməliyyatlara başlamaq göstərişini artıq vermişdi və İsrailin təklifini rədd etdi.

Bundan sonra İordaniya aviabazaları da israillilərin hücumuna məruz qaldı. İsrail-İordaniya savaşı üç gün, iyunun 7-nə kimi çəkdi və İsrailin qələbəsi ilə yekunlaşdı. Nəticədə Qüdsün şərq hissəsi, eləcə də BMT tərəfindən Fələstin dövlətinin yaradılması üçün ayrılan, amma birinci ərəb-İsrail müharibəsindən sonra İordaniyanın nəzarətində olan ərazi - İordan çayının qərb sahili işğal edildi.

Misirə qarşı döyüşlər yekunlaşmayana qədər İsrail Suriya cəbhəsində fəal əməliyyatlar aparmadı. Dörd gün əzində tərəflər əsasən artilleriya vasitəsilə döyüşdülər. Burada da ilk atəşi Misirin yalan məlumatlarına inanan Suriya açdı.

İyunun 9-da isə israillilər iki gün əvvələ qədər İordaniyaya qarşı döyüşən qüvvələrdən də istifadə etməklə İsrail-Suriya sərhədində dominant mövqe olan Qolan təpələrinə doğru hücuma keçdilər. Ertəsi gün təpələrin çox hissəsi ələ keçirildi. İyunun 10-da axşam saatlarında Suriya ilə də atəşkəs bağlanması ilə Altıgünlük müharibə bitdi.

***

Min nəfərdən az itki ilə qazandığı qələbə hesabına İsrail Misirdən Sinay yarımadasını və Qəzza sektorunu, İordaniyadan Şərqi Qüdsü və İordan çayının qərb sahilini, Suriyadan Qolan təpələrini aldı.

Qüdsdə Məbəd dağı və Göz yaşı divarı, Hebronda (əl-Xəlil) Patriarxlar mağarası, Betlehəmdə Rahel türbəsi, Nablusda Yusif peyğəmbərin məzarı kimi iudaizm üçün müqəddəs sayılan yerlərə nəzarət ələ keçirildi. Əvvəl İordaniyanın nəzarətində olan bu yerlərə yəhudilər buraxılmırdı. Amma Məbəd dağında əl-Əqsa məscidinin olmasını nəzərə alan Təl-Əviv bu ərazinin idarəçiliyini müsəlman vəqfinə verdi.

Qəzza və Qərb sahilində yaşayan 1 milyon müsəlmandan təxminən 300 mini yaşadıqları yeri tərk etdilər və əsasən İordaniyaya, bir qədər də Livana köçdülər. Qolan təpələrində yaşayan 100 mindən çox suriyalı da İsrail tərəfindən qovuldu. Yalnız loyallıqlarına ümid edilən 7 min druzun yaşamasına icazə verildi.

Misirlə 1978-ci ildə imzalanan Kemp-Devid sülhünün şərtlərinə uyğun olaraq, İsrail 1982-ci ildə mərhələli şəkildə Sinaydan çəkildi və yarımada yenidən Qahirənin yurisdiksiyasına qayıtdı. 1993-cü ildə imzalanan Oslo razılaşmalarına əsasən İsrail Qəzza sektorunu və İordan çayının qərb sahilini Fələstin milli idarəsinin ərazisi kimi tanıdı. Qolan təpələrini isə İsrail öz ərazisi elan edib.

Şərqi Qüdslə bağlı vəziyyət daha qarışıqdır. Bir tərəfdən İsrail bu ərazini ilhaq etdiyini heç zaman açıqlamayaıb. Digər tərəfdən, parlamentin 1980-ci ildə qəbul etdiyi qanuna görə Qüds vahid şəkildə İsrailin paytaxtıdır. 2017-ci ildə Tramp administrasiyası Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. Digər ölkələr belə bir addımdan imtina edirlər. BMT sənədlərinə görə də Şərqi Qüds İsrail tərəfindən işğal olunub.

Məğlubiyyət Fələstin Azadlıq Təşkilatınının ətrafında birləşən qruplarda açıq müharibədə İsrailə qalib gəlməyin mümkünsüzlüyü təəssüratını yaratdı və terrorizmə sövq etdi. Artıq növbəti ildən təyyarə qaçırmalarına başlanıldı. 1972-ci ildə Münhen olimpiadasında baş verən dəhşətli terror aktı da Altıgünlük müharibəsinin əks-sədası idi.

Qələbə dünyadakı yəhudi diasporasına güclü təsir göstərdi. Onlar İsrail dövlətinin yaşam qabiliyyətli olmasına inandılar. SSRİ-də daxil olmaqla kommunist ölkələrdən İsrailə köçmək istəyənlərin sayı artdı. Hakim rejimlərin köç icazəsi verməyə meylli olmaması səbəbindən məsələ beynəlxalq problemə çevrildi.

Altıgünlük müharibənin ən ciddi nəticələrindən biri isə müsəlman dünyasında ABŞ-a qarşı münasibətin kəskin pisləşməsi oldu. Belə ki, balaca İsrail qarşısında dəhşətli məğlubiyyətə uğradığını etiraf etməyi bacarmayan Qahirə ABŞ-ın Altıncı donanmasına məxsus göyərtə aviasiyasın da Misirə qarşı hücumlarda iştirakını iddia etdi.

Buna cavab olaraq İsrail iyunun 8-də Misir prezidenti ilə İordaniya kralı arasında telefon danışığının səsyazısını paylaşdı. İyunun 6-da baş tutduğu iddia edilən həmin danışıqda Nasirin amerikalıları və britaniyalıları günahlandırmağı təklif etdiyi eşidilirdi.

Misirin iddiaları başqa yerlərdə ciddi qarşılanmasa da, ərəb dünyasında yetərincə rezonans doğurdu. Bu ölkələrin əhalisinin nə İsrailin ortaya qoyduğu audioyazıdan, nə ABŞ-ın verdiyi təkzibdən xəbəri vardı. Çünki yerli mətbuat onlara yer ayırmırdı. İyunun 10-da İsraillə diplomatik əlaqələri kəsən SSRİ də sözügedən iddianın yalan olduğunu bilsə də, öz maraqları naminə dəstəkləyirdi.

Nəticədə əvvəlcə ərəb dünyasında, sonra isə tədricən bütün müsəlman aləmində amerikalıların İsrailə kömək etməsi fikri geniş yayıldı və ABŞ-a qarşı münasibət olduqca pisləşdi. Belə əhval-ruhiyyə öz növbəsində əks-reaksiya doğurdu: ABŞ İsraillə getdikcə daha çox yaxınlaşmağa başladı.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5ac0zl

Ən çox baxılan